Qarabağın işğalı və Xocalı soyqırımı faktı var

Azərbaycan əsgəri 9 May paradına qatılmamalıdır




Rusiya 2015-ci ilin 9 may paradında öz yeni hərbi texnikasını nümayiş etdirəcək. Rusiyanın paytaxtı Moskva şəhərində faşizm üzərindəki qələbənin 70-ci ildönümü münasibəti ilə keçiriləcək paradda Azərbaycan əsgərləri də iştirak edəcək.

Lakin Qarabağın işğalında və Xocalı soyqırımının törədilməsində bilavasitə iştirak edən, qondarma erməni soyqırımını tanıyan Rusiyada təşkil ediləcək paradda Azərbaycan hərbçilərinin rus və erməni hərbçilərlə birlikdə iştirakı ictimai-siyasi xadimlər tərəfindən heç də birmənalı qarşılanmır.

Millət vəkili Fazil Mustafa Azərbaycanın sözügedən tədbirdə rəsmi şəkildə iştirakını vacib hesab etsə də, Azərbaycan əsgərinin bu paradda iştirakını məqbul hesab etmədiyini vurğulayıb: "Mən Azərbaycan əsgərinin bu paradda iştirakının əleyhinəyəm. Lakin Rusiya ilə münasibətlər baxımından Azərbaycanın rəsmi şəkildə bu tədbirdə iştirakı gərəklidir. Sadəcə, Azərbaycan hərbçilərinin bu paradda iştirakı zənnimcə, qeyri-məqbuldur.

Kollektiv Təhlükəsizlik Şurası var, hansı ki, Azərbaycan bu qurumun üzvü deyil. 9 may tarixində bu quruma üzv olan dövlətlərin hərbçiləri də məlum paradda iştirak edəcək. Bu təşkilat vasitəsi ilə də Azərbaycana daim təcavüz siqnalları gəlir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan əsgərləri bu qüvvələrlə bir yerdə hərbi paradda iştirak etməməlidir”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da hesab edir ki, Azərbaycan əsgərlərinin 9 May paradında iştirakı lüzumsuzdur: "Bu cür situasiyalarda Azərbaycan özünün milli maraqlarına və Dağlıq Qarabağ münaqişəsinə uyğun addımlar atmalıdır. İkinci Dünya müharibəsində əldə olunan qələbə təkcə Rusiyanın qələbəsi deyildi. Həmin döyüşlərdə rus ordusu ilə yanaşı, SSRİ-yə daxil olan bütün respublikaların, o cümlədən də Azərbaycan ordusunun əsgərləri iştirak ediblər. Hətta neft iqtisadiyyatı bütünlükdə müharibəyə yönəlib.

Bütün bunlar faktdır. Və 9 May ümumi qələbədir. Amma indiki şəraitdə Azərbaycan əsgərlərinin rus və erməni əsgərləri ilə birlikdə Moskvada keçirilən hərbi paradda iştirak etməsi yolverilməzdir. Faktiki olaraq, Rusiya Ermənistanın arxasında dayanıb, torpaqlarımızın işğalına şərait yaradıb. Günü bu gün də açıq şəkildə onlara havadarlıq edir. Hesab edirəm ki, bütün bu arqumentlər fonunda Azərbaycan qələbə paradından imtina etməlidir”.

Şəymən