Elman Məmmədov:"Qətnamələr işə yaramayacaq, Minsk qrupunun faydası belə yoxdur. Yeganə yol Azərbaycan ordusunun gücündən istifadə edib, torpaqlarımızı azad etməkdir”
"Təəssüf ki, Dağlıq Qarabağ bu gün Ermənistan silahlı qüvvələrinin nəzarətindədir. Ona görə, heç bir qayda-qanunla razılaşmayaraq, həmin ərazilərimizdə hərbi təlimlər keçirirlər”.
Bunu "Sherg.az”a separatçı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində hərbi təlimlər keçirməsindən danışarkən millət vəkili Elman Məmmədov söyləyib.
O diqqətə çatdırıb ki, ermənilər Azərbaycan şəhərlərinin adlarını dəyişib, erməni adları qoyublar:
"Ermənilər o qədər azğınlaşıblar ki, təlimlərə Serj Sarkisyanın özü nəzarət edir. Düşmən tarixi abidələrimizi dağıdır, işğal altındakı torpaqlarda olan təbii sərvətlərimizi talayır. Bir sözlə, işğal ediblər, nəzarət onlardadır, nə istəyirlər, edirlər.

Dağlıq Qarabağ ərazisində təlim keçirməklə öz varlıqlarını nümayiş etdirməyə çalışırlar. Bütün bunların qarşısını almaq lazımdır.
Məlum özbaşınalıqlara son qoymaq üçün torpaqlarımızı işğaldan azad etməliyik. Heç bir beynəlxalq qurum bunu etməyəcək, qətnamələr işə yaramayacaq, Minsk qrupunun faydası belə yoxdur.
Elə həmsədr dövlətlərdən biri olan ABŞ qondarma qurumu tanıyır. Yeganə yol Azərbaycan ordusunun gücündən istifadə edib, torpaqlarımızı azad etməkdir”.
Qeyd edək ki, düşmən ordunun təlimləri qoşunların qarşıdurma xəttinin Ağdam istiqamətində keçirilir. Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir. Atəş səsləri cəbhəyanı ərazilərdə aydın eşidilir.
Aysel Aslan