“Qarğış etmişəm, əcəb etmişəm”

“Axı sən Xatuna mən dəstək olmuşam, mənim mahnılarımla toylarda oxuyub evinə çörək aparmısan”
Könül Kərimova: “Sən sadəcə gündəmə gəlmək üçün meymunluq edirsən. Vəssalam. Bununla toy tutmağa çalışırsan?”



Sənət aləmində səsi ilə hər zaman fərqlənən müğənni Könül Kərimova od püskürdü. İndiyə qədər qalmaqallardan uzaq olan müğənni bu dəfə müğənni Xatunla olan söz-söhbətlərdən sonra susmaq istəmədiyini dilə gətirdi. Xanım müğənni "Şərq”ə müsahibəsində bu günə qədər susduğunu, artıq bundan sonra heç kimin onu təhqir etməyinə imkan verməyəcəyini söylədi.

- Könül xanım, qalmaqallarda heç vaxt adınız hallanmırdı. Amma Xatunla aranızda son vaxtlar ciddi gərginlik yaşanıb.

- Bilirsiz, mən ürəyi yumşaq insanam. Heç kim deyə bilməz ki, şou-biznesdə, sənət aləmində kiminsə xətrinə dəymişəm. Hamıyla mehriban ünsiyyətim olub. Hətta xırda incikliyim olan həmkarımın belə arxasınca danışmamışam. Mənim kimsəyə nə paxıllıq etməyə ehtiyacım olub, nə də qalmaqal etməyə vaxtım. Amma Xatun məni özümdən çıxartdı. Mən parodiyanı qəbul etməyi bacaran insanam. Amma qədərində, səviyyəsində. Bir də bunu peşəkarlar edərsə, normal qarşılaya bilərəm. Axı sən Xatuna mən dəstək olmuşam, mənim mahnılarımla toylarda oxuyub evinə çörək aparmısan. Sən efirlərə təzə gələndə, səni tanıyan olmayanda, mən öz verilişlərimdə səni dəfələrlə çəkmişəm. Dost bilmişəm. İndi gəlib sən məni parodiya edirsən? Əslində parodiya etmir e... Bu insan həmkarını təhqir edir, onu lağa qoymuş olur. Sən kimsən ki, məni lağa qoyasan? Mənim sənətim də göz qabağındadır, hörmətim də. Axı sən kimsən ki, məni iyrənc şəkildə təhqir edəsən. Səni otuzdurmaq lazım idi, otuzdurdum da. Ayıbdı. İnsan kimi sənə bir dəfə çatdırıldı ki, Könül sənin səviyyəndə sənətçi deyil, bir də onu parodiya edib özünün gülüş obyektinə çevirmə. O elə bilir ki, camaatın xoşuna gəlir? Məni sevən milyonlarla tamaşaçımın nifrətini qazandı.

- Xatun açıqlamasında deyir ki, balasını qarğışlayırsız, o olan məclislərə gəlməyinə imkan vermirsiz...

- Əvvəla, məni təhqir edən adama xoş üz göstərəsi deyiləm ki? Mən onun tayı olan insan da deyiləm. Məni təhqir edən adama nə deməliydim? Deməliydim ki, əcəb etmisən? Sənə insan kimi bir dəfə deyildi ki, yığışdır bu parodiyalarını. Özünə tay müğənniləri parodiya et. Sən Könül Kərimovanı istəsən də, parodiya edə bilməzsən. Sən sadəcə gündəmə gəlmək üçün meymunluq edirsən. Vəssalam. Bununla toy tutmağa çalışırsan? İkinci tərəfdən, bəli, qarğışlamışam. Əcəb də etmişəm. Əgər sən balana o qədər dəyər versəydin, onun qarğışlanmasına şərait yaratmazdın. Yaxşı ana istəməz övladına qarğış tökülsün. Allah kəssin o reytinqi, o gündəmə gəlməyi, pul qazanmağı ki, orda mənim balama qarğış tökürlər. Sən bir dəfə eşitdin axı, niyə dönə-dönə təkrarlayıb qarğış sahibi olmağa çalışdın ki? Nədi ki sən maraqlı görünüb verilişlərə dəvət alasan? Vallah, camaat gülür ona. Mən birmənalı şəkildə qadağamı qoydum. Bir də artıq nəsə edər, bu dəfə daha ciddi tədbir görəcəm.

- Könül xanım, ümumiyyətlə, sizin paxıllığınızı çəkənlər çoxdu?

- Mən heç kimin paxıllığını çəkmirəm. Allah mənə bir az boğaz, səs verib, bir az da tamaşaçı sevgisi. Başımı salıb işimi görürəm. Vaxtım da yoxdu ki, kiminsə paxıllığını çəkim. Amma bilirəm ki, həqiqətən Könül Kərimovanın varlığı çoxlarını narahat edir. Bəziləri gecələr də mənim adımı sayıqlıyıb yatır, mənim qazancımı sayır. Onlara bir sözüm var ki, Allah adamın yolunu açar. Bəndə kimdi ki mənə pislik etsin. Mənə Allah bu sevgini, bu səsi verib. Mən bəziləri kimi burnumu qaldırıb göylə getmirəm.

- Tələbələriniz də var deyəsən...

- Mən rəsmi şəkildə pedaqoq kimi çalışmasam da, tələbələrim var. Bilirsiz, şərt o deyil ki, auditoriyaya oturub nəsə öyrədəsən. Mən müraciət edən gənclərə dəstək olmağa çalışıram.
Bəziləri gənclərə dəstək olmağı bacarmırlar. Özlərindən bir az gənc görəndə, həzm edə bilmirlər. Amma harda yaxşı səsi olan müğənni görürəmsə, çalışıram ona yol açım.

- Niyə konsert vermirsiz?

- Düzünü desəm, ürəyimdən keçir. Amma bunun üçün böyük vəsait lazımdı. Mən sıradan konsert vermək niyyətində deyiləm. Solo konsert böyük məsuliyyət və maddiyat tələb edir. Gəldim, oxudum, getdim. Bu, konsert vermək üçün yetərli deyil. Konsert üçün xeyli vaxt çalışmaq lazımdır. İnşallah, fikrim var ki, solo konsert proqramı ilə çıxış edim.

Tahirə