Qarşılıqlı etimad artıb, müştərək işlər çoxalıb
“Azərbaycan və İranın iqtisadi zəmində biri-birinə yaxınlaşması son dövrün ən müsbət hadisələrindəndir”
İranla Azərbaycan arasında əsrlər boyu tarix, din, mədəniyyət və mənəvi dəyərlər bağlılığı olub. Bu amillər iki ölkənin müasir münasibətlərinə təsir göstərən mühüm faktorlardır. İranla qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasət xəttində prioritet istiqamətlərdən biridir. Rəsmi Tehranın Azərbaycanla əməkdaşlığa olan marağı ölkəmizin strateji-coğrafi mövqeyi, möhkəm siyasi sabitliyi, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir.
Xüsusən, son illər ərzində İran-Azərbaycan münasibətləri daha da möhkəmlənib. İki ölkə arasında bir çox önəmli məsələlər öz həllini tapıb, ziddiyyətlər aradan qaldırılıb. Hazırda İran-Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələr üzrə inkişaf etməkdədir. Prezidentlər və nazirlər səviyyəsində görüşlər də ümumi işə böyük töhfə verir. Martın 28-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin ölkəmizdə rəsmi səfəri də bunun bariz ifadəsidir. Görüşlər zamanı əldə edilən razılaşmalardan söz açan dövlət başçıları bəyan ediblər ki, son dörd il ərzində bir çox önəmli sənədlər imzalanıb ki, bu sənədlər İran-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafına böyük təkan verib. Prezident Həsən Ruhani isə mətbuata bəyanatında vurğulayıb ki, iki ölkə arasında illər boyu əməkdaşlıq üçün potensial imkanlar mövcud olub. Bu imkanlar hər iki xalqın mənafeyinə xidmət edib. İki ölkə arasındakı qarşılıqlı etimad indi daha da artıb, müştərək işlər çoxalıb: "Hər iki dövlət şahidi olublar ki, əməkdaşlıq nə qədər faydalı və bəhrəlidir. Qərara gəlmişik ki, bu əməkdaşlıq tellərini daha da möhkəmləndirək. Bu əməkdaşlıq bu gün və sabah üçün deyil, iki ölkənin tarixi üçün yadda qalacaq əməkdaşlıq olacaq”.
İran-Azərbaycan hərbi əməkdaşlığı da son illərdə genişlənib. Bunun aydın ifadəsini bu il fevral ayının 21-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın müdafiə naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündən də görə bilərik. Müdafiə Nazirliyinin həmin görüşlə bağlı xəbərinə əsasən, Zakir Həsənov Dağlıq Qarabağ münaqişəsinin bugünədək həll olunmamasının regional sabitliyə ciddi təhdid təşkil etdiyini iranlı həmkarının diqqətinə çatdırıb. Nazir münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunması üçün səylərinə görə İran tərəfinə minnətdarlığını bildirib. General-mayor Əmir Hatəmi isə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan edib. Hatəmi vurğulayıb ki, İran Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında maraqlıdır və bu sahədə istənilən yardımı göstərməyə hazırdır.
Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Aydın Mirzəzadə deyib ki, İran prezidentinin Azərbaycana səfəri iki ölkə arasında yeni ikitərəfli münasibətlərin başlamasına zəmin yaradacaq. Millət vəkilinin sözlərinə görə, son illər İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında sazişlər tarixi əhəmiyyət daşıyır və hər iki dövlətə fayda gətirəcək: "Digər tarixi saziş isə blokların birgə işlənilməsinə dair razılaşmadır. Əslində bu, Türkmənistan üçün də örnək ola bilər. Məhz bu saziş iki dövlət arasında olan ziddiyyətin əməkdaşlıqla əvəz edilməsinə zəmin yaradır. Bundan başqa, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Astara-Rəşt dəmir yolu xətti də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində olan boşluğu aradan qaldıracaq və qitələri yeni yolla birləşdirməyə imkan verəcək. İqtisadi əməkdaşlığın genişlənməsinə paralel olaraq siyasi əlaqələr də möhkəmlənir. Xüsusilə bu, Dağlıq Qarabağ məsələsi baxımından Azərbaycan üçün əhəmiyyətlidir. İran prezidenti Həsən Ruhaninin münaqişənin həlli ilə bağlı fikirləri rəsmi Bakını tam qane edir. Ruhani açıq ifadə edib ki, ölkələrin ərazi bütövlüyü və regionun coğrafiyası dəyişməməlidir”.
Politoloq Tofiq Abbasov da bildirib ki, Azərbaycan və İranın iqtisadi zəmində biri-birinə yaxınlaşması son dövrün ən müsbət hadisələrindəndir. Politoloq vurğulayıb ki, əvvəlki illərdən fərqli olaraq, tərəflər hazırda mövcud imkanların istifadəsinə daha çox diqqət yetirməyə başlayıblar: "Azərbaycan və İranın iqtisadi zəmində biri-birinə yaxınlaşması son dövrün ən müsbət hadisələrindəndir. Təbii ki, iki ölkə arasında siyasi dialoqun inkişaf etdirilməsi bu prosesə müsbət təsir edir. İki ölkə arasındakı önəmli layihələr həm ikitərəfli formatda, həm də beynəlxalq arenada öz əhəmiyyətini artırır. Daşımalar, beynəlxalq statusa malik Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri nəinki Azərbaycan və İran üçün, eyni zamanda, digər ölkələr üçün də böyük imtiyazlar vəd edir. Həmçinin, Astara-Rəşt dəmir yolunun inşası yaxın zamanlarda reallaşacaq. Bu isə bütün Avrasiya regionu üçün yeni imkanlar deməkdir. Siyasi dialoqun inkişafı Bakı və Tehrana bu istiqamətdə həmahəng işləməyə, eləcə də bu işə öz təhfələrini verməyə imkan yaradır. Azərbaycanla İran arasındakı münasibətlər müstəqillik illərindən bəri özünün ən böyük intibah dövrünü yaşayır. Bu dövrdə ikitərəfli səviyyədə mal dövriyyəsinin həcminin artması və iki ölkənin beynəlxalq daşımalarda oynadığı mühüm rol çox önəmlidir. Şimal-Cənub və Şərq-Qərb dəhlizləri istifadəyə verildikdən sonra Bakı və Tehran bundan mühüm qazanclar götürəcək”.
Ekspert vurğulayıb ki, Qarabağ amilinin tərəflər arasında əlaqələrin inkişafına mane olmaması Ermənistanın bütün mənfur gözləntilərini puça çıxarıb: "İran və Azərbaycan aralarındakı məsafəni dəf etməyə hazırdır. Ermənistanın vəziyyəti indi bir az da ağırlaşacaq. Çünki işağlçı böyük proseslərdən kənarda qalmaqda davam edir. Bu da prinsip etibarilə çox etibarlı şəkildə İran-Azərbaycan münasibətlərinin inkşafına böyük zəmin yaradır. Bu əməkdaşlığın gələcəyi və müsbət perspektivlər vəd edən tərəfləri var”.
İsmayıl