Vaxtında Türkiyə və İran Qarabağ münaqişəsinin həllinə cəlb olunsaydı nəticə olardı
Ötən gün Bakıda "Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda beynəlxalq ictimai forum keçirilib. Forum çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif fikirlər səsləndirilib.
Millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov bildirib ki, konfliktin ədalətli həllinə nail olmaq üçün Türkiyə və İran nizamlama prosesinə cəlb edilməlidir. Deputatın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi dünyanın ən qəliz problemlərindən biridir, ona görə ki, o, lokal və regional konfliktdir: "Konfliktin nizamlanması o vaxt mümkün olacaq ki, Rusiya, Türkiyə, İran, ABŞ və Avropa Birliyinin maraqları üst-üstə düşsün. Bu, mümkünmü? Problemin həlli ilə Minsk Qrupu məşğul olur, amma çox uğursuz şəkildə məşğul olur.
Burada çox maraqlı bir detal var: - Minsk Qrupunun 4 üzvü - ABŞ, Rusiya, Fransa və Ermənistan xristian ölkələri, işğaldan əziyyət çəkən Azərbaycan əhalisinin əksəriyyəti isə müsəlmandır.
Bu səbəbdən münaqişənin nizamlanması üçün müsəlman dövlətlərini prosesə cəlb eləmək lazımdır. Türkiyənin vasitəçiliyə gətirilməsi məsələsinə münasibət bildirən bir sıra ekspertlər hesab edirlər ki, Minsk Qrupundan öncə Qarabağla bağlı Türkiyə-Rusiya-ABŞ "üçlü” formatı mövcud idi və kifayət qədər uğurlu fəaliyyət göstərirdi. Təəssüflər olsun ki, sonralar Türkiyəni ermənipərəst Fransa əvəzlədi. Bununla da vasitəçilik bütünlüklə xristian dövlətlərinin nəzarətinə keçdi.
Forumda səslənən təkliflə bağlı "Şərq”ə danışan Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev ümumilikdə deputatın sözlərinə haqq qazandırsa da, problemi dinlər üzərindən çözməyin mümkün olmadığını deyib. Onun sözlərinə görə, İran və Türkiyə Qarabağ münaqişəsinin həlli prosesində daha əvvəldən rol almalıydı. Artıq bunun vaxtı keçib:
"Əgər problem 1992-ci ildən etibarən "İran-Türkiyə-Rusiya” kontekstində həll olunsaydı, indiyə Dağlıq Qarabağ münaqişəsi deyə bir şey qalmazdı. Ətraf rayonlar da işğal edilməzdi. Lakin "qatar çoxdan gedib”. Minsk Qrupu həmsədrləri nəinki İran və Türkiyəni, heç Avropa Birliyinin təmsilçilərini belə yaxına buraxmırlar. Minsk Qrupunun 12 üzvü olsa da, üç həmsədr dövlət prosesi tamamilə öz monopoliyasına alıb. Bu baxımdan İran və Türkiyənin burada şansı çox azdır. Türkiyə isə sadəcə kənar müşahidəçi kimi baş verənləri izləyə bilər”.
İsmayıl