Qaz sayğaclarına beş ildən bir baxış keçirilir

“Azəriqaz” bildirir ki, sayğacların müəyyən müddətdən sonra sərf olunan qazı artıq hesablaması fikri reallığı əks etdirmir



Vaxtaşırı olaraq, abonentlər qaz sərfiyyatının artdığından şikayətlənirlər. Səbəb kimi isə sayğacların köhnəldiyini və düzgün işləmədiyini göstərirlər. 
Qeyd edək ki, Almaniya istehsalı olan "Elster G-4” markalı qaz sayğaclarının beş il istifadədən sonra 1 m3 əvəzinə 2 m3 qaz sərfi hesabladığı haqda məlumat yayılıb. "Elster G-4” markalı qaz sayğacları içərisində qaz sərfini qeyd edən diafraqmalı qollardan ibarətdir. Uzun müddət işləyəndə həmin qollar kauçuk olduğundan yeyilir, diafraqmalar tez-tez hərəkət edir və qaz sərfini düzgün qeyd etmir.

Məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 80 saylı qərarı və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi normativ hüquqi sənədlərə əsasən həmin qaz sayğacları quraşdırma tarixi deyil, məhz istehsal olunan tarixdən bu yana 5 il müddət keçdikdən sonra tam olaraq abonentlərin istifadəsindən çıxarılaraq Dövlət yoxlamasına göndərilir. Dövlət yoxlamasına göndərilən sayğacın saz və ya nasaz vəziyyətdə olması haqqında "Azəriqaz” İB-nin Qazsazlama informatika departamenti tərəfindən Akt tərtib olunur və sayğacla birlikdə yerli rayon qaz istismar idarəsinə göndərilir. "Azəriqaz” nəinki öhdəsinə düşən bu prosesi yerinə yetirmir, əksinə, bunun sayəsində öz itkilərinin qarşısını alır.

Məsələyə aydınlıq gətirən "Azəriqaz” İB-nin mətbuat katibi İbrahim Kərbəlayev isə "Elster G-4” markalı qaz sayğaclarının istismar müddəti beş il olmadığını deyib. Sadəcə, bu sayğaclara dövlət tərəfindən nəzarət beş ildən bir həyata keçirilir.

Onun sözlərinə görə, bu sayğacların beş il keçdikdən sonra sərf olunan qazı artıq hesablaması fikri reallığı əks etdirmir: "Həmin sayğaclara tərəfimizdən öz vəsaitimiz hesabına hər beş ildən bir baxış keçirilir. Əgər baxış zamanı hər hansı bir müdaxilə baş veribsə, həmin o sayğac götürülür və abonent müəyyən qədər cərimə olunur. Yox, əgər hər şey qaydasındadırsa, sayğac öz fəaliyyətini davam etdirir”.
Ekspert Nüsrət Qasımov da qeyd olunan qaydaların Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təyin etdiyi standartlarda öz əksini tapdığını vurğulayaraq deyib ki, 5 ildən sonra sayğacda sözügedən nasazlıqların yaranması ehtimalı böyükdür. Onun sözlərinə görə, sayğacların istismar müddətinin bitməsindən yaranan fəsadlar onun təkcə istifadə olunan qazdan artıq ödəniş haqqı yazması deyil. Yəni, əksinə də ola bilər.

Şəymən