“Azəriqaz” isə əhaliyə qazın verilməsinə çalışır
Masazır sakinlərinə artıq 4 gündür təbii qaz verilmir. Səbəb isə yerin altında mənbəyi məlum olmayan qaz sızması göstərilir. Sakinlər isə aidiyyəti qurumların fəaliyyətsizliyindən gileylənirlər və tez bir zamanda qazın verilişinin bərpasını tələb edirlər.
Masazır qəsəbəsi Akim Abbasov küçəsinin sakini Yusif Afşar isə "Şərq”ə söyləyib ki, aidiyyəti qurumlar bu haqda sakinlərə düzgün informasiya da vermirlər: "Nə vaxtdan yerin altından qaz sızmağa başlamasının dəqiq vaxtını deyə bilmərəm. Amma bu haqda aprelin 9-da Masazırdakı ev qazdan partlayanda xəbər tutuldu ki, yer altına qaz dolub”
Onun sözlərinə görə, qazdan partlayış Sarı Aşıq küçəsində olmasına baxmayaraq bütün Masazırda qaz yoxdur: "Hələ bu azmış kimi işıqlar da söndü”.
Qəsəbə sakini Masazırdakı kommunikasiya sistemlərindən də narazıdır: "Ümumiyyətlə, Masazırda kommunikasiya sistemləri həddən artıq bərbad haldadır. Sanki şəhərin 7 km-də deyil, uzaq bir ərazidə yaşayırıq. Çox qəribədir ki, Masazırda qaz paylayıcı şəbəkələr sanki yoxdur”.
"Əvvəlcə təbii qazı ara-sıra kəsirdilər və deyirdilər ki, guya qəza olub. Ona görə kəsilir. İndi birdəfəlik dayandırdılar. Artıq 3 gündür qəsəbəyə verilən təbii qaz tam dayandırılıb. Bunun səbəbini də deyən yoxdur”, - deyə digər qəsəbə sakini Elşad Məmmədov AnsPress-ə şikayətində bildirib.
Məsələyə aydınlıq gətirmək üçün "Azəriqaz” QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev "Şərq”ə açıqlamasında bildirib ki, təbii qazın verilişini əhalinin təhlükəsizliyini qorumaq məqsədilə dayandırıblar: "Oradakı sakinlərin təhlükəsizliyi baxımından qazın verilişi müvəqqəti dayandırılıb. Təbii qazın verilişinin bərpası isə ərazidə aidiyyəti qurumların işlərinin yekunlaşdırmasından asılıdır. Biz özümüz də təbii qazın verilişini bərpa etməkdə maraqlıyıq və hazırıq”.
Məlumat üçün qeyd edək ki, aprel ayının 9-da qəsəbənin Sarı Aşıq küçəsində Elxan Aslanova məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş vermişdi. FHN əməkdaşları partlayan evə yaxın ərazilərdə də yoxlamalar apardığı üçün aprel ayının 11-dən qəsəbəyə qaz verilişi dayandırılıb.
Vüqar Şahinoğlu