Qazaxıstan 3 nəfərin kimyəvi üsulla axtalanmasına qərar verib
"Azərbaycanda da bu istiqamətdə konkret addımlar atılmalıdır"
Fazil Mustafa: "Oturub gözləməməliyik ki, problem ağır forma alsın, sonra hansısa sərt qərarlar qəbul edək"
Lalə Mehralı: "Bu cür cinayətkarlara qarşı edam cəzasını bərpa etmək mümkün olmadığı üçün xədim etmək məsələsini gündəmdə saxlamaq olar"
2018-ci ildə Qazaxıstan məhkəmələri uşaqların cinsi toxunulmazlığı cinayətinə görə 3 nəfərin kimyəvi üsulla axtalanmasına qərar verib. Qazaxıstan baş prokurorluğunun məlumatına görə, pedofillikdə ittiham edilənlərə tibbi xarakterli axtalanma prosesi artıq qüvvəyə minib. Axtalanma ilə cəzalandırılan şəxslər cinayətlərini Qazaxıstanın müxtəlif bölgələrində həyata keçirib. Bu günə qədər 3 nəfər axtalanıb. Ölkə qanunvericiliyinə görə, prosedur pedofillikdə ittiham edilən 18 yaşından böyüklərə tətbiq edilə bilər. Kimyəvi üsulla axtalanma zamanı cinayətkara cinsi hissləri öldürən preparat vurulur. Qazaxıstan da daxil olmaqla bir çox ölkələrdə bu, cəza növü kimi qəbul edilir. Xatırladaq ki, kimyəvi yolla axtalanma təbii yolla axtalanmadan onunla fərqlənir ki, dərmanların yeridilməsi dayandırılan zaman bərpa mümkün olur.
Təəssüflər ki, azyaşlı uşaqlara qarşı cinsi zorakılıq, əxlaqsız əməllər ölkəmizdə də geniş vüsət alıb. Uşaqlara qarşı seksual hərəkətlərə dair xəbərlərə əvvəllər nadir hallarda rast gəldiyimiz halda son illər bu məsələ medianın gündəm mövzusuna çevrilib. Bu səbəbdən də zaman-zaman ictimaiyyətin nümayəndələri, millət vəkilləri tərəfindən bu cür cinayət əməlləri törədənlərə qarşı ən sərt cəzalar tətbiq olunması təklif edilir. Görəsən, Azərbaycanda da pedofillərə qarşı kimyəvi xədim cəzasını tətbiq etməklə bu cinayətlərin azalmasına nail olmaq olar?
Qeyd edək ki, millət vəkili Fazil Mustafa dəfələrlə bu məsələyə toxunub, hətta məsələni Milli Məclisdə belə qaldırıb.
Azyaşlıların cinsi təcavüzə məruz qalması, hamilə qadınların və uşaqların qətlə yetirilməsində ən ağır cəza növünün tətbiqini vacib hesab edən millət vəkilinin fikrincə, cinsi təcavüzə görə kimyəvi axtalanma üsulu vacibdir. Onun sözlərinə görə, Azərbaycanda da bu istiqamətdə konkret addımlar atılmalıdır: "Oturub gözləməməliyik ki, problem ağır forma alsın, sonra hansısa sərt qərarlar qəbul edək. Cinsi təcavüz cəmiyyət əleyhinə yönəlmiş, cəmiyyəti təhdid edən ciddi bir təhlükədir. Şəxsən mən qatı cinayətkarlara, bir neçə şəxsi, körpələri, azyaşlıları, hamilə qadını qətlə yetirənlərə ölüm hökmünün tətbiqinin tərəfdarıyam.
Amma indiki məqamda bu mümkün deyil. Azərbaycanın Avropa Şurası qarşısında öhdəlikləri var. Onlardan biri də ölüm hökmünün ləğvidir”. F.Mustafa uşaqlara qarşı cinsi təcavüzün önlənməsində maarifçiliyin böyük əhəmiyyət daşıdığını deyib:
"Məsələn, Türkiyədə biz tez-tez müxtəlif məzmunlu sosial çarxların efirdə yayımlanmasının şahidi oluruq. Bizdə niyə bunlar yoxdur? Evdə valideynlər, məktəbdə müəllimlər uşaqlarla bu mövzuda müəyyən söhbətlər aparmalıdırlar. İnsanları doğru tərbiyələndirməyə çalışmalıyıq. Maarifləndirmə işlərinin aparılması üzərində düşünməliyik”.
Sosioloq Lalə Mehralı kimyəvi xədimliyin uşaqlara qarşı işlənən bu iyrənc cinayət qarşılığında çox yüngül cəza olduğunu deyib. Maarifləndirici və təbliğat xarakterli sosial çarxların azlığından gileylənən sosioloqun sözlərinə görə, kimyəvi xədimlik məsələsini insanlığa zidd əməl kimi qiymətləndirənlər çoxdur, amma onları bir anlıq təcavüzə məruz qalmış uşağın və onun valideynlərinin yerində olmağa çağırıram:
"Mən bu kimi cinayətə görə xədimliyi çox humanist addım hesab edirəm, belə insanları edama məhkum etmək lazımdır. Ən dəhşətli cinayəti edən - körpə uşağa təcavüz edən bu adamlar cəmiyyətdə rahatlıqla gəzə bilir, içimizdə yaşaya bilir və biz bir çox hallarda bundan xəbərsiz oluruq. Bu cinayətkarlar hüquqi cəzalandırılsa, biri digərinə görk olar. Türkiyədə bu cinayətlər dəhşətli dərəcədə çoxdur, sanki orda insanlar daha da korlanıb, mətbuata çıxmayan nə qədər hal var. Uşaq qorxur, ailəsinə demir, gizlədir və beləcə, bilmədən o cinayətkarı qorumuş olur. Ona o pisliyi etmiş məxluq isə rahatca həyatını yaşayır”. Bu cür cinayətkarlara qarşı edam cəzasını bərpa etmək mümkün olmadığı üçün xədim etmək məsələsini gündəmdə saxlamaq olar: "Təbii ki, layiqli və ağırlaşdırılmış həbs cəzası ilə paralel olaraq. Qaldı ki, uşaqların məlumatlandırılması məsələsinə, hansımız uşağımıza başına belə bir şey gələcəyi barədə xəbərdarlıq edə bilirik? Bu bizim düşünəcəyimiz ən son şeydir, övladımızla bunu danışmaq ölüm qədər ağırdır. Onlara öz bədənini qorumağı, yadlara qarşı diqqətli olmağı öyrədirik, amma bütün çılpaqlığı ilə danışa bilmirik. Axı 4-5 yaşlı uşaq üçün bunu anlamaq imkansız bir şeydir. Uşaqlar üçün təhlükəsiz cəmiyyət qurmaq lazımdır, onları cəmiyyətdən təcrid etmək yox”.
Şəymən