"Qazaxıstan Azərbaycanın mövqeyini dəstəkləyir"




"Ermənilərin versiyasına əsasən, Qazaxıstan prezidenti Nursultan Nazarbayevə görə erməni nümayəndəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə seçilmir”.

Bunu Sherg.az-a erməni politoloq Sergey Minasyanın "Nursultan Nazarbayev Ermənistana "dağ çəkib”” bəyanatını şərh edərkən politoloq İlqar Vəlizadə deyib. 

O bildirib ki, bu versiyanın əsası olsa da, erməni nümayəndənin seçilməsinə qarşı olan tək Qazaxıstan deyil:

"Hər dəfə bu haqda danışanda erməni nümayəndələri Qazaxıstanın bu mövqeyinin nə ilə bağlı olmasını yaddan çıxarırlar. Yaxud burada yalnız Qazaxıstan deyil, Belarusun da öz fikri var. Ermənistan həmin təşkilata sədrliyi vaxtı tez-tez bu ölkələri ittiham edirdi ki, onlar Dağlıq Qarabağ münaqişəsində Ermənistanın deyil, Azərbaycanın mövqeyini dəstəkləyir. Bu ölkələrin başçıları hər dəfə Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini diqqətə çatdırıblar. Ona görə ki, iki tərəfin münasibətləri beynəlxalq prinsiplərə söykənir. Bu normaların da əsasında ərazi bütövlüyü durur. Bu məsələdə fikir ayrılığı ola bilməz. Eyni zamanda Qazaxıstan ümumiyyətlə, separatizmə qarşı münasibəti bəllidir. Çünki Qazaxıstan beynəlxalq təhlükəsizliklə bağlı təşəbbüslərdə münaqişələri dinc yolla, müharibəsiz həll etməyə çağırır. Ermənistan KTMT-a rəhbərlik dövründə bu ölkələrdən hərbi dəstək gözləyirdi. Bu dövrdə Qarabağ münaqişəsi gərginləşən zaman ermənilər bu ölkələri onların yanında olmağa çağırırdı. Hətta Ermənistan istəyirdi ki, KTMT ölkələri Azərbaycana qarşı addım atsınlar. Bu ölkələr isə həmişə bəyan edirdilər ki, siz öz problemlərinizə bizi qatmayın”.

KTMT-in əsas məqsədinin bura daxil olan ölkələri hücumdan qorumaq olduğunu deyən İ.Vəlizadənin fikrincə, təşkilata üzv olan ölkələrə hücum olunsa, tədbir görülə bilər:

"Amma konkret Dağlıq Qarabağ məsələsində Qazaxıstan açıq bildirib ki, bu başqa prizmada tənzimlənir. Çünki burada Ermənistana Azərbaycan tərəfindən sərt müdaxilələr olmur, Azərbaycan Ermənistanın ərazisini zəbt etmək istəmir. Sadəcə öz torpaqlarını işğaldan azad etməyə çalışır. Ermənistan bunları başqa dövlətlərin üzərinə atmaqla Azərbaycana təzyiq göstərmək istəyir. Bunu isə həmin ölkələr başa düşüb, Ermənistanın istədiyi siyasətdən uzaqlaşırlar. Qazaxıstan çox yaxşı anlayır ki, KTMT sədri Nikolay Bardyuja çıxış etdikdə Azərbaycanı qıcıqlandıran məsələlərə toxunur. Əgər erməni rəhbər seçilsə, bu, tək sözdə qalmayacaq artıq praktiki əməl səviyyəsinə keçə bilər. Qazaxıstan istəməzdi ki, KTMT Azərbaycana qarşı təşkilata çevrilsin. Ermənilər gərək bu məsələdə imkanlarının məhdud olduğunu başa düşsünlər. Çünki ortada digər ölkələrin maraqları var. Həmin ölkələr bu maraqlardan ermənilərin xeyrinə keçə bilməz”.

Qeyd edək ki, Ermənistanlı politoloq Sergey Minosyan öz açıqlamasında bildirib ki, ötən ilin oktyabrında qurumun KTMT-nın İrəvan sammitində gündəmdə Ermənistan təmsilçisinin baş katib postuna təyinatı məsələsi təqdim olunmuşdu. Ancaq bu məsələ müzakirə olunmadı və həmin ilin dekabrına – Sankt-Peterburq sammitinə saxlanıldı. Mətbuatda belə bir məlumat yayıldı ki, həmin məsələ Nazarbayevin iclasda iştirak etməməsi səbəbindən təxirə salınıb. Sonra Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan bəyan etdi ki, bu məsələ ətrafında konsensus yoxdur. Dekabrda isə baş katibin təyinatı məsələsi aprelə saxlanıldı. Bu dəfə isə məlum oldu ki, Belorus prezidenti Aleksandr Lukaşenkonun iştirak etməməsi səbəbilə təxirə salındı”

Aysel Aslan