Qəbul Komissiyası sınaq imtahanlarından ildə 360 min manat qazanır

Əjdər Ağayev: “İllər öncə demişəm ki, TQDK pedaqoji və psixologiya elmini bilmir. Texnologiya elmlərini bilir gedib, mühəndislik etsin. Onun nə işi var təhsildə?”




Heç kimə sirr deyil ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) hər il qəbul imtahanları öncəsi davamlı sınaq imtahanları təşkil edir. Əlbəttə, sınaq və qəbul imtahanlarının həyata keçirilməsi qurumun ən başlıca missiyasıdır və bu struktur, məhz elə həmin imtahanların gerçəkləşdirilməsi məqsədilə yaradılıb.

Amma funksiyanın icrası prosesində bir sıra təəccüb doğuran hallara yol verilir. Yəni TQDK sınaq və qəbul imtahanlarını ödənişsiz keçirməli olduğu halda abituriyentlərdən pul yığır. Bir sözlə, adıçəkilən orqan imtahanlara pul dəzgahı kimi baxır ki, bu, da valideynlərin haqlı etirazlarına səbəb olur. Məsələn, bu günlərdə sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Məmmədov da məlum qurumun ödənişli sınaq imtahanına etiraz olaraq feysbuk səhifəsində maraqlı status yazıb. Ekspertin fikirləri maraq doğurduğu üçün həmin statusu oxucularımıza olduğu kimi təqdim edirik: "Oğlum Cavid TQDK-nın sınaq imtahanına yazılırdı. Məlum oldu ki, 30000 yerə 3 manatdan hər həftə valideynlərin hesabına TQDK 90 min manat, ayda 360 min manat qazanc əldə edir. (Yaxşı biznesdir:) Yerlər də artıq satılıb. Təhsil naziri Mikayıl Cabbarov düz deyir, metodologiya və seçim prinsipləri dəyişməlidir, abituriyentləri pullu sınaq karuselinə salmaq olmaz!”

Azərbaycan Təhsil Şurasının sədri, təhsil eksperti Əjdər Ağayev isə "Şərq”ə açıqlamasında qeyd edib ki, TQDK dövlət müəssisəsi olaraq imtahanları pulsuz keçirməlidir: "Yox əgər, imtahanlar pul qazanmaq niyyəti ilə təşkil olunursa, o qurum xalqı soymaqla məşğuldur. Digər yandan, sınaq imtahanları nəyə lazımdır axı. Uşaqlar hər həftə sınaq imtahanına cəlb olunurlar və sinirləri korlanır. Ona görə də, bu tam antipedaqoji yoldur. Nə uşaq aləminə, nə valideynə uyğundur. Kiminsə pul qazanmaq istəyindən irəli gələn addımlardır”.

Ekspertin qənaətincə, imtahan oyunundan əl çəkmək lazımdır: "İmtahanın qaydası var. Sınaq imtahanı adı altında uşaqları yığıb, onlardan filan qədər pul yığmaq ən böyük xətadır. Görünür ki, bunlar da nəzərə alınaraq TQDK artıq Təhsil Nazirliyinin (TN) tərkibində olacaq. İndi sanki dövlət müəssisələri müəllimlərdən, valideyn və uşaqlardan pul yığmaq üçün yarışırlar. Bu işlərə son qoymaq lazımdır. Valideynlər haqlı olaraq etiraz edirlər. TQDK-nın reallaşdırdığı işlərin heç biri sağlam deyil, pedaqoji tələblərə cavab vermir”.

Ə.Ağayev güman edir ki, test imtahanları da dəyişdiriləcək: "Yəqin bu test imtahanı şifahi və yazılı olacaq. Oliqarxa çevrilmiş TQDK oyunlarına xitam veriləcək. Uşaqlardan qətiyyən pul yığmaq olmaz. Hər dəqiqə sınaq imtahanı keçirmək doğru deyil. Tədris ili bitəndən sonra abituriyent gedib imtahan verməlidir. Məşq nədir? Şagird məşqi dərsdə keçir də. Pedaqoji proses var. Müəllim onların hamısını keçir. Bunun TQDK-ya nə dəxli var? İllər öncə demişəm ki, TQDK pedaqoji və psixologiya elmini bilmir. Texnologiya elmlərini bilir gedib, mühəndislik etsin. Onun nə işi var təhsildə? Valideynlər ciddi şəkildə etiraz etməlidir. Bu, uşaqların inkişafına mane olur. TN bütün işləri üzərinə götürüb, prosesi pedaqoji tələblərə uyğun həyata keçirməlidir”.

Ayyət Əhməd