Qələbə harayını pəncərədən izləyənlər də oldu

“Vətən sizi çağırır!” dedik, bir anda hamı üçrəngli bayrağın altında birləşdi”



Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ordumuzun əsgərlərinə mənəvi dəstək üçün yüksək ruhlu tədbir keçiriblər. Akademiyanın rektoru, professor Urxan Ələkbərovun çıxışı ilə başlanan mitinq tələbələrin milli-mənəvi, keyfiyyətlərini, vətənpərvərlik hissini nümayiş etdirən ədəbi-bədii kompozisiyaları ilə davam edib.

Vətən, torpaq sevgisini son sətirlərinə qədər öz sözləri ilə xalqa çatdırmağa çalışan tələbələrin çıxışları müəllim heyətini kövrəldib. Sevinc göz yaşları ilə yetirdikləri tələbələrin məğrur sözlərini, qüvvətlə səsləndirdikləri şüarlarını dinləyən müəllimlər bütün Azərbaycan xalqının bu ruh yüksəkliyi ilə, vahid yumruq kimi birləşməli olduğunu deyib.

Tədbirin sonunda "Şərq”ə təəssüratlarını bölüşən tələbələr aksiya haqqında danışıblar. Əsl vətənpərvər Azərbaycan əsgəri kimi çıxışı ilə tələbələri ayağa qaldıran 1-ci kurs tələbəsi Əmrah Cəfərov tribunada onun sözlərini deyil, vətən sevgisinin onu idarə etdiyini deyib. Vətənpərvərlik hissinin təsiri ilə yumruq kimi birləşən gənclərin bir gün əvvəldən mitinq keçirmək üçün müraciət etdiyini deyən Əmrahın sözlərinə görə, tədbirin hər bir detalını hamı bir nəfər kimi, canla-başla, yüksək fəallıqla təmin edib: "Son günlər cəbhədə baş verən hadisələrlə bağlı biz - Dövlət İdarəçilik Akademiyasının tələbələri qərara gəldik ki, toplaşaq və ordumuza, xalqımıza öz dəstəyimizi nümayiş etdirək. Ali Baş Komandanımızın ətrafında bir yumruq halında birləşdiyimizi öz təşəbbüsümüzlə bir daha göstərdik. Yaşıma görə mən etiraf etməliyəm ki, Azərbaycan xalqının belə mütəşəkkil milli birliklə özünü ifadə edə bilməsi tarixdə görülməmişdi. Bu gündən etibarən bir Azərbaycan vətəndaşı olaraq cəbhədən, sadəcə qələbə xəbərlərini gözləyirik!” Aksiyanın təşkilatçılarından olan 3-cü kurs tələbəsi Raya Əliyeva: "Bu tədbir tələbələrin istəyi idi” - deyib. Onun sözlərinə görə, təmas xəttində vəziyyətin gərginləşdiyi gündən bütün tələbələr israrla əsgərlərimizə dəstək mitinqi keçirmək üçün birləşməyi tələb edib: "Bu gün onların bir yerə yığılması da çətin olmadı, bir dəfə "Vətən sizi çağırır!” - dedik bütün Dövlət İdarəçilik Akademiyası, hətta müəllimlər, texniki işçilər belə bayrağını başı üstünə qaldırıb, dəstək şüarını hazırlayıb yığışdı. Təbii ki, rəhbərlik də bizə yönləndirmədə böyük dəstək oldu, buna görə hər bir müəllimimizə, rektorumuza, dekanlarımıza minnətdarıq”!

Mitinq ərzində çıxışa hazırlanan tələbələrlə yanaşı, gedişatda yerindən yaxınlaşaraq çıxış etmək istədiyini deyən gənclər də çox oldu. İmkan daxilində şərait yaratmağa çalışdıqlarını bildirən R.Əliyeva öz içindən gələn vətən sevgisini ifadə edən tələbələrin mitinqi bitirmək istəmədiklərini dedi: "Özünüz də gördünüz ki, hətta ürəkdən ağlayanlar, sevinc göz yaşlarını saxlaya bilməyən müəllimələrimiz də oldu. Həyətdə yer tapan həyətdə, izdihamdan yer tapa bilməyənlər pəncərələrdə izlədi qələbə harayımızı. Və bir Azərbaycan gənci kimi mən onu deyə bilərəm ki, bir atəşə bu qədər ayağa qalxan Azərbaycan Qarabağda "Qələbə” xəbərini eşitdikdə ölkənin bütün ərazisindən ora axışacaq. Şuşaya, Kəlbəcərə, bütün işğal altındakı torpaqlarımıza sancılan Azərbaycan bayrağını görmək üçün. Qələbə bizimlədir!”

Aysel Aslan