Dünən Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Beynəlxalq Mətbuat Mərkəzində "Qələbəyə əzmlə-ədalətli sülhə inamla” mövzusunda tədbir keçirib. Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Təşkilat sədri Vüqar Qədirov Ermənistanın 2 aprel 2016-cı il tarixdən etibarən təmas xətti boyunca atəşkəsi yenidən pozmasını, dinc əhalinin yaşadığı kənd və qəsəbələri ağır silahlardan- artilleriyadan atəşə tutmasını cəzasızlıqdan azğınlaşmış terrorçu bir rejimin növbəti təcavüz aktını həyata keçirmək cəhdi olduğunu bildirib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına son dərəcə uğurlu səfərinin davam etdiyi bir vaxtda cəbhə boyu gərginliyin planlı surətdə Ermənistan tərəfindən artırılmasını işğalçı rejimin son çırpıntıları kimi qələmə verib: "Öz havadarlarının diktəsi və dəstəyilə atəşkəsi mütəmadi olaraq pozan, beynəlxalq hüquq normalarını, BMT-nin qətnamələrini daim heçə sayan Ermənistanın bu hərəkətləri təbii ki, Azərbaycanın səbr kasasını daşdırdı. Rəşadətli Azərbaycan ordusunun bir həmləsiylə darmadağın olan terrorçu birləşmələrin canlı qüvvə və texnika baxımından böyük itkilər verməsi, ordumuzun işğal altındakı strateji əhəmiyyətli yüksəklikləri ələ keçirməsi düşmən qüvvələrin panikaya düşməsinə, silahlarını ataraq arxa səngərləri də boşaldıb qaçmasına gətirib çıxardı. Terroru və təcavüzü özünün dövlət siyasətinə çevirən, diaspor təşkilatlarının köməyilə özünü havadarlarının ərköyün uşağı kimi aparan erməni hakimiyyəti Prezident, Ali Baş Komandan İlham Əliyevin düyünlənmiş yumruğunun qarşısında tab gətirə bilmədi. Bu dəqiqə bütün xalqımızın qəlbi ön cəbhəylə döyünür. Hər an Cənab Ali Baş Komandanımızın bir əmri kifayətdir ki, erməni terrorçularını torpaqlarımızdan süpürüb tarixin zibil yeşiyinə ataq”. Tədbirdə çıxış edən Atatürk Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalı, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Müşaviri Hamid Karadeniz, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əməkdaşlıq Təşkilatının sədri Nazim Əhmədli, Gürcüstan Azərbaycanlıları Konqresinin Prezidenti Əli Babayev, İqtisad Universitetinin müəllimi Xankişi Xankişiyev, Qarabağ Qazisi Habil Şirinov və başqaları Ermənistan hakimiyyətinin təcavüzkar siyasətinin öz xalqına baha başa gəldiyini, erməni əhalisinin bu cinayətkar rejimdən canını qurtarmağa çalışdıqlarını bildiriblər. İştirakçılar diqqətə çatdırıb ki, Təhlükəsizlik Şurasının son iclasında Azərbaycan Prezidenti İlham Əliyevin "ermənilər ölmək istəmirlərsə, işğal etdikləri ərazilərdən rədd olub getsinlər” mesajı bu gün Ermənistan tərəfinin böyük təşviş keçirməsinə səbəb olub. Bunun nəticəsidir ki, təmas xəttində Azərbaycan və Ermənistan tərəfindən müəyyən postlar qurulub. Bu postların missiyası erməni tərəfdən səngərdən qaçan, fərarilik edən ermənilərin qarşısını almaqdan, Azərbaycan tərəfdən qurulan postların məqsədi isə könüllü olaraq döyüşə girmək istəyən Vətən övladlarının qarşısını almaqdan ibarətdir. Çıxış edənlər deyiblər ki, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Belarusiya rəsmilərinin Azərbaycanın mövqeyini birmənalı dəstəkləməsi, bir çox beynəlxalq təşkilatların Ermənistanın gözlədiyi mövqeyi sərgiləməməsi bu separatçı forpostun rəhbərliyini şok vəziyyətinə salıb. Azərbaycan xalqında olan inam, iradə, Silahlı Qüvvələrimizin peşəkarlığı, vətənpərvərliyi və döyüş əzmi, qarşı tərəfin isə qorxu, xof və panika içərisində qaçması əsas verir ki, işğal olunmuş torpaqlarımızı tezliklə azad edəcəyik. Vətən torpaqlarını terrorçulardan birdəfəlik təmizləyəcəyik. Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və bir çox beynəlxalq təşkilatlara müraciət qəbul edilib.
İsmayıl