Qəndab Quliyeva müalicə mərkəzinə təngnəfəs çatdırılıb

Xalq artisti yaxın müddətdə palataya köçürüləcək



Xalq artisti Qəndab Quliyeva Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində yatır.

Xalq artistini Respublika Müalicəvi Diaqnostika Mərkəzi nəzdində Bakı Ürək Mərkəzinin Kardiologiya şöbəsinin rəhbəri Abbasəli Abbasəliyev müalicə edir. Onun sözlərinə görə, Xalq artisti ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib: "Düzdür, ağır xəstədir, amma vəziyyəti stabil qiymətləndirilir. Əlimizdəki parametrlər göstərir ki, orqanların funksiyası qaydasındadır. Eyni zamanda xroniki böyrək çatışmazlığı da var. Ürək çatışmazlığı ağır xəstəlik hesab olunur, amma hazırkı vəziyyəti stabildir, qorxulu heç nə yoxdur”. Abbasəli Abbasəliyev əlavə edib ki, Xalq artistinin reanimasiyaya yerləşdirilməsinin səbəbi təkcə ürək çatışmazlığı deyil: "Psixoloji sıxıntıları var idi. Qəndab xanıma rahatçılıq olsun deyə reanimasiyaya yerləşdirdik. Çox güman ki, bir-iki gün reanimasiya şöbəsində qalacaq”. 
Müalicə Mərkəzinin piar meneceri Səadət Hənifəyeva "Şərq”ə açıqlamasında Xalq artistinin hazırda durumunun stabil olduğunu qeyd etdi: 

"Qəndab xanım müalicə mərkəzinə təngnəfəs vəziyyətdə çatdırılıb. Ürək çatışmazlığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda müayinələri və müalicəsi gedir. Yaxın müddətdə palataya köçürülər”.

Tahirə