Qənirə Paşayeva «Şərq»i ziyarət etdi - FOTO

Bu gün xanım millət vəkili Qənirə Paşayeva «Şərq» qəzeti redaksiyasında yaradılmış Mətbuat Tarixi Muzeyini ziyarət etdi. Havanın istisinə məhəl qoymayıb Mətbuat Tarixi Muzeyini zirayət üçün məxsusi vaxt ayırdığını deyən Qənirə xanım «Şərq»in baş redaktoru Akif Aşırlının «muzeylə tanışlığa başlayaqmı, yoxsa əvvəlcə bir çayımızı içəsiniz?» təklifi müqabilində, «çay da içəcəm, muzeyə də baxacam, amma əvvəlcə qoy, buranın ab-havasını bir udum…» deyib ətrafa göz gəzdirdi. «Şərq»in foyesini bəzəyən görkəmli simalara baxa-baxa məmnunluğunu gizlətməyib «Çox gözəldi!.. Nə böyük iş görmüsünüz. Halal olsun…» cümlələrini biri-birinin ardınca sıraladı.
Baş redaktorumuz da tariximizlə öyünən əsl azərbaycanlı olaraq zamanı fövtə vermədi və Qənirə xanımın baxışlarını izlədi:
- Bu, «Ziya»dı, orijinal nüsxə. Daşbasma yoluyla nəşr edilib. Bu da onun yaradıcısı Hacı Səid Ünsizadə. Bilirsiz, Hacı Səid Ünsizadə Osmanlı sultanı Həbdülhəmidin sarayında işləyib. Bu da onun məzarının fotosudu…
Qənirə xanım məmnuluğu kimi, təccübünü də gizlətmədi:
- Hardan tapmısınız bunu?!. O məzar hardadı, deyərsiz, Türkiyəyə gedəndə onu ziyarət edəcəm.
Sonra «Şərqi-Rus» və Ömən Faiq Nemanzadənin qarşısında dayandılar.
Qənirə xanım Ömər Faiq Nemanzadənin ahıska türkü olduğunu xatırlatdı:
- Məndən Ömər Faiq barəsində geniş, ətraflı məlumat istəyirlər. Amma barəsində azdı məlumatlar…
Akif Aşırlı Ömər Faiqlə bağlı nəşr olunmuş kitabları misal çəkir.
Q.Paşayeva «kitabların olduğunu bilirəm, mənə avtobioqrafiyası ilə bağlı məlumatlar lazımdı.
Zərdabinin portreti önündə dayanırlar. A.Aşırlı Zərdabi ailəsinin fotolarını göstərir, bu dahi insanın dəfnində çəkilmiş şəkilləri göstərir.
Q.Paşayeva:
- Zərdabinin dəfnində Əhməd bəy Ağaoğlu nitq söyləyib. Mən o nitqi oxumuşam. Çox möhtəşəmdi. O nitqin yazılı mətnini əldə etmək istərdim…
Əhməd bəy Ağaoğlunun portreti önünə keçirlər.
Q.Paşayeva:
- Bunlar hamısı elə şəxsiyyətlərdir ki, ayrı-ayrılıqda hər birinə bir otaq ayrılmalıdır. Məsələn, Həsən bəy Zərdabi, ona aid materiallar, İsmayıl bəy Qaspıralının, Əhməd bəy Ağaoğlunun məqalələri tam mətnlə verilsin. Bu, bizim şərəfli tariximizdir və xüsusilə gənc nəsil bunları bilməlidir.
Sonra «Şərq»in baş redaktoru xanım millət vəkilini muzeydəki eksponatlarla tanış etdi, otaqdan otağa keçdikcə Qənirə xanım «deməli, siz burda muzey-redaksiya yaratmısınız. Gözəl işdir» söylədi. «Molla 
Nəsrəddin» jurnalının orijinal nüsxələri Qənirə xanımı xüsusilə valeh etdi:
- Möhtəşəmdi. Sanki bu günümüzdü… Məndə «Molla Nəsrəddin»nin xeyli nüsxələri var. Muzeyinizə hədiyyə edəcəm onları.
«Birinci Cahan savaşı dövründə Azərbaycan mətbuatı» bölümü xanım millət vəkilinin marağına səbəb oldu.
Cümhuriyyət dönəmi mətbuatının nümayiş edildiyini otağa daxil olanda isə sanki köhnə tanışları ilə görüşürmüş kimi sevindi:
- Hə… Ceyhun bəy Hacıbəyli… Mirzəbala Məhəmmədzadə…
A.Aşırlı:
- Bu kitabı Mirzəbala Məhəmmədzadə nəşr etdirib «Ermənilər və İran».
- Bilirəm, oxumuşam…
A.Aşırlı:
- Niyazi Yusifbəylidir. Bu da övladlarıdı…
Q.Paşayeva:
- Şaiqə xanımla telefonla danışıram…
A.Aşırlı mühacirətdə Azərbaycan davası aparanların fotoları önündə dayandıqca, Qənirə xanımın çöhrəsi açılır:
- «Qardaş köməyi» dərgisidi, oxumuşam…
Məhəmməd Sadiq Aranın məzarının fotosu Qənirə xanımın diqqətini cəlb edir:
- Hardadı bu məzar?
A.Aşırlı:
- İstanbulda.
Qənirə xanım:
- Gərək onu da ziyarət edim…
(Qeyd etməliyəm ki, əhatəli biliyə malik, məlumatlı, həm də tariximizə ürək yanğısı ilə yanaşan insanla mətbuat tarixi muzeyini gəzmək, xüsusi zövq verir - red)
Keçirik sovet dövrü mətbuatı otağına.
Qənirə xanımın dodağı «qaçır»:
- Bunlar da var?!
A.Aşırlı:
- İstəsək də, istəməsək də, bunlar hamısı bizim yaşadığımız tarixdi. «Kommunist» qəzeti, ərəbcə «Kommunist»… «Bakinskiy raboçiy»…
A.Aşırlı tanış edir:
- «Azərbaycan gəncləri» qəzeti və onun redaksiya heyətidir… Bu da «Sovet kəndi» qəzeti. Bu da qocaman jurnalistimiz Qulam Məmmədlinin arxivindəndir.
Q.Paşayeva:
- Tanışam bu qəzetlərlə. Rəhmətlik atam o vaxtlar bu qəzetlərin çoxunu alardı. Mən də oxuyardım. Ona görə də sovet mətbuatının içini bilirəm.
(Bunu istehza ilə söyləməsi hiss olundu -red)
Azərbaycan müstəqilliyinin bərpası yolunda ilk demokratik mətbuat nümunələri Qənirə xanımın marağına səbəb oldu:
- Nə yaxşı bu qəzetləri də nümayiş etdirirsiniz. Əsl tarix həm də bunlardır.
«Meydan» qəzetinin önündə dayanırlar. Qənirə xanım o illərdə «Meydan»ı kimin nəşr etdirdiyini yadına salmağa çalışır. Akif Aşırlı «Babək Hüseynoğlu» deyir və xanım depatut da «hə, düzdü…» təsdiqləyir.
Muzeylə tanışlığı başa vurub sanki dərindən nəfəs alır:
- Həqiqətən böyük iş görmüsünüz. Özəlliklə, bu orijinal qəzet nüsxələri, kitablar, eksponatlar muzeyi xeyüli zənginləşdirib. Siz bu muzeylə bağlı yaxşı mənada səs salsanız, inanın, bura nə qədər ziyarətçi gələr. Mətbuat tarixi ilə bağlı elə insanlarımız var, mətbuat tarixi muzeyi yaradılmasından xəbərsihzdilər. Elə insanlarımız var, dəyərli materiallara, arxiv sənədlərinə sahibdirlər. İnanın, böyük məmnuniyyətlə onları muzeyə təhvil verərlər. Sosial mediadan da çalışın, geniş istifadə edəsiniz. Şəxsən mənə nə material göndərsəniz, mən onları izləyicilərimlə paylaşacağam. Bir dəfə bir şəxsiyyətlə bağlı, bir dəfə digəri ilə bağlı. Çalışın, məlumatları paylaşasınız. Çünki bu, bizim tarixmizdir. Və biz hamımız bu aydınlıq missiyasını yürütməliyik.
A.Aşırlı:
- Biz bu işi öz kiçik imkanlarımızla həyata keçirdik. Mətbuat tariximizi 4 otaq və bir foyeyə sığışdırmışıq. Nə qədər materiallar hələ var, nümayiş etdirə bilmirəm.
Q.Paşayeva:
- Ziyalılıq, aydınlıq həmişə əziyyətlərlə başa gəlib. Bu, tez, sürətlə irəliləyən bir proses də deyil. Aydınlar gərək hzəimşə biri-birinə kömək etsin. Gərək sosial şəbəkələrdə aktiv olaq, bəlkə sosial medianı müğənnilərin, şou-biznesin əlindən ala bildik… (Gülüşürük - red.)
Qənirə xanım davam edir:
- Həqiqətən, baxıram ki, bu müğənnilərin nə qədər izləyiciləri var… Kimin hara getməsi, nə geyinməsi, nə etməsi insanlar üçün yəni bu qədər maraqlıdır?!. Düşünmürəm. Sadəcə, boşluq var deyə at oynadırlar. Biz o boşluğu doldurmalıyıq. Mən Yaponiyada səfərdə olarkən fikir verirdim ki, yapon uşaqları muzeylərə çox gedir. Valideynləri onları gətirir və tarixlə tanış edirlər. Uşaqlar muzeydə şəkil çəkdirirlər. Amma bizim bəzi gənclər mənasız şəikllər çəkdirib paylaşırlar. Belə qənaətə gəldim ki, Yaponiya ona görə bu səviyyədə inkişaf edib, çünki onlar tarixlərini bilirlər və tarixlərinə sahib çıxırlar. Tarixə sahiblik insanı güclü edir və onda məsuliyyət hissi formalaşdırır. Tarixini bilməyən insan üçün heç nəyin əhəmiyyəti, dəyəri olmur. Nə qədər ki, biz uşaqlarımıza tariximizi öyrətməyəcəyik, belə də davam edəcək.
Qənirə xanımdan muzeylə bağlı fikirlərini soruşuruq, çox bəyəndiyini deyir:
- Yüksək səviyyədə dəyərləndirirəm. Bizim mətbuat tarixi muzeyimiz yox idi. Akif müəllim bununla bir ilkə imza atdı. Artıq böyük bir mətbuat tarixi muzeyinin yaradılması üçün baza var. Siz bununla bir model yaratdınız. Ölkələr, xalqlar var-dövlətləri ilə öyünə bilməz. Biz həmişə nə ilə fəxr etdirik; Şərqdə ilk Demokratik Cümhuriyyətin yaradılması, qadınlara seçki hüququnun verilməsi, Şərqdə ilk operanın məhz Azərbaycanda yaranması və s. bu kimi mənəvi sərvətlərimizlə. İndi tam əminliklə deyə bilərik ki, Şərqdə ilk demokratik mətbuat da məhz Azərbaycanda yaranıb. 
Və «Şərq» qəzeti redaksiyasında təşkil edilmiş bu muzey də onun təsdiqidir. Düşünürəm ki, bundan sonra xarici qonaqlarımıza göstərəcəyimiz yerlərdən biri də mətbuat tarixi muzeyi olmalıdır. Əminəm ki bu muzey hələ çox zənginləşəcək. İnsanlar məlumat aldıqca, bura hədiyyələrini təqdim edəcəklər. Mən də öz kitabxanamdan bura dəyərli materiallar təqdim edəcəyəm. Evdə qalmaqdansa, qoy burda - muzeydə saxlansın. Ziyarətçilər də görsün, tariximizlə tanış olsunlar.
Məlahət Rzayeva