Qərar alqışlandı...

Ölkə ərazisində yay vaxtına keçid ləğv olundu


Azərbaycan Nazirlər Kabineti martın son bazar günündə yay vaxtına keçidlə bağlı gözlənilməz qərar verib. 17.03.2016-cı il tarixli 131 saylı qərara əsasən bu ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunub.

Yeni qərarın verilməsi ilə Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir. 19 illik tarixi olan bu qərara əsasən hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilirdi.

Yay vaxtına keçidin ləğv olunması insanlar arasında müxtəlif cür qarşılanıb. Sosial şəbəkələrdə qərara münasibətini bildirənlər bunun düzgün addım olduğunu bildirib.

Saat keçidinin ləğv olunmasına müsbət yanaşanlar içərisində astroloq Səbuhi Rəhimli də oldu. "Şərq”ə danışan ictimaiyyət nümayəndəsi hər il saatın yay və qış vaxtına keçirilməsinin insanların bioritminə mənfi təsir etdiyindən ləğvin aktuallaşdığını deyib: "Düzdür, ən çox bazar günləri saat dəyişilməsi baş versə də, insanların buna alışması ən azı bir həftə vaxt alırdı. Qatara, təyyarəyə gecikən kim, iş rejiminin pozulmasına görə əziyyət çəkən kim, düzgün yuxu vaxtını itirərək, problemlə qarşılaşan kim - bir çox insanın gündəlik yaşamında müəyyən müddətdə gərginliyə səbəb olurdu. Psixoloji təsirləri ilə bərabər vaxt dəyişikliyi insanların sağlamlığına, ürək-damar problemlərinə, qan dövranına, əsəb sisteminə, yuxu və hərəkət rejiminə pis təsir edir. Dünyanın bir çox ölkələrində hələ də bu sistem qalır, lakin insanlar bunun mənfi təsirlərini hiss etdiyi üçün çox zaman saatların çəkilməsini birmənalı qəbul etmirlər. Ona görə də bu qərarın qəbul edilməsinin ölkəmizdə xoş qarşılanması təsadüfi deyil”.

Dünyadakı bütün təqvimlərdə yanlışlıq olduğunu diqqətə çatdıran ekspertin sözlərinə görə, baharın gəlişi və Novruzun qeyd edilməsi ilə bağlı olan Avesta təqvimi nisbətən düzgün hesab olunur. Fevral ayının dörd ildən bir 29 gün olması da istifadə etdiyimiz təqvimi normallaşdırmaq üçün vacibdir. Saatların çəkilməsi ənənəsi isə Sovet dövründən formalaşan vəziyyətdir ki, o zaman ilin müəyyən fəslində gecə və gündüzün tarazlaşdırılması niyyətilə belə bir metoddan istifadə edilirdi. Zaman keçdikcə, insanların bundan əziyyət çəkməsi artıq bu halın tədricən aradan qaldırılmasına zərurət yaratdı.

Aysel Aslan