"Qərb Ermənistandakı mövqelərini möhkəmləndirmək istəyir" - Etiraz dalğası genişlənir







"Ermənistandakı aksiyalar davamlıdır, ermənilərin geri çəkilmək niyyəti yoxdur”.

Bunu "Sherg.az”a Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. 

Onun qənaətincə, erməni xalqının etirazları ağır sosial-iqtisadi vəziyyətlə əlaqədardır:

"Ermənilər zülmə dözə bilmirlər və buna görə də 10 ildir, hakimiyyətdə olan Serj Sarkisyanı günahlandırırlar. Baş nazirə qarşı böyük nifrət formalaşıb.

Digər tərəfdən, düşmən ölkədə İrəvan erməniləri və Qarabağ erməniləri arasında ədavət, hakimiyyət uğrunda mübarizə həmişə var idi. Bunun da təzahürləri özünü göstərməyə başlayıb”.

Ermənistandakı proseslərin beynəlxalq hadisələrlə əlaqəsinə gəlincə, A.Nağı düşünür ki, Qərb bu ölkədə mövqelərini möhkəmləndirmək istəyir:

"Serj Sarkisyan Qarabağ klanını təmsil edir. Halbuki bu qruplaşmada da S. Sarkisyandan narazı olanlar çoxdur. Belə görünür ki, baş nazirə qarşı etiraz dalğası daha da genişlənəcək.

Hesab edirəm ki, Azərbaycan tərəfi prosesləri ciddi izləməli, Ermənistandakı duruma uyğun addım atmalıdır. Azərbaycan Müdafiə Nazirliyi və ölkə rəhbərliyi Qarabağın rəsmi İrəvanın nəzarətindən çıxmasına hazır olmalıdır. Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün istənilən məqamdan istifadə etməlidir”.

Qeyd edək ki, bu gün Ermənistanda hüquq-mühafizə orqanları etiraz aksiyalarında iştirak edən 83 nəfəri saxlayıb. Etiraz aksiyalarının təşkilatçısı, parlamentin üzvü Nikol Paşinyan yolların yük maşınları ilə mühasirəyə alındığını açıqlayıb. O bildirib ki, plan baş tutarsa, "məxməri inqilab” bir neçə günə başa çatacaq.

Aysel Aslan