Qərb özü korrupsiyaya bulaşıb

ABŞ prokurorunun açıqlaması gizlinlərə işıq saldı




"FİFA Qərb dövlətlərinin və qurumlarının necə fəaliyyət göstərməsinin simvolu, güzgüsüdür”

Dünya ölkələrini əsassız olaraq korrupsiyada ittiham edən ABŞ hökumətinin özü tamamilə rüşvət üzərində formalaşıb. Amerikalıların 80 faizi də ölkə məmurlarının boğaza qədər korrupsiyaya qurşandığını etiraf ediblər. Son olaraq gündəmə gələn FİFA biabırçılığından sonra Qərb dövlətlərinin və onların himayə etdiyi beynəlxalq qurumların korrupsiya maxinasiyası daha qabarıq şəkildə ortaya çıxıb.

Sürixdə FİFA-nın 7 yüksək vəzifəli rəsmisinin rüşvətə görə həbs olunması "idman” qurumunun nə dərəcə siyasiləşməsindən xəbər verir. Həbsləri şərh edən Britaniya xarici işlər naziri Filip Hammond FİFA-nın dərinliyində çox böyük qüsur gizləndiyini deyib. UEFA rəsmisi də FİFA rəhbəri cənab Blatterdən gileylənib və bildirib ki, baş verən hadisələr qurum üçün fəlakətdir, bütövlükdə futbolun imicinə zərbədir: "Korrupsiya FİFA mədəniyyətində dərin kök atıb”. Həbslərlə bağlı Amerika Birləşmiş Ştatlarında baş prokurorun, ABŞ Federal Vergi Xidmətinin və FTB-nin iştirakı ilə mətbuat konfransı keçirilib. ABŞ baş prokuroru Loretta Linç deyib ki, FİFA-nın bəzi icraçı direktorları tutduqları yüksək mövqedən rüşvət almaq üçün istifadə ediblər: "Məmurlar dələduzluqda və çirkli pulların yuyulmasında ittiham edilirlər. Onlar Birləşmiş Ştatların maliyyə sisteminə ziyan vurublar və Amerika qanunlarını pozublar”. ABŞ-ın Ədliyyə Nazirliyi isə açıqlama verib ki, son 20 ildə FİFA-nın müxtəlif məmurları rüşvət qismində üst-üstə 10 milyard dollar alıblar. Federal Vergi Xidmətinin rəhbəri deyib ki, "əgər FİFA barədə iddialar doğrulsa, onda məşhur mafiya başçısı Al Capone bunların yanında bağça uşağı kimi görünəcək”. Məlumat üçün deyək ki, ABŞ-ın başlatdığı cinayət işində adı keçənlər 1991-ci ildən 24 il müddətində ümumilikdə 150 milyon dollar rüşvət və "şapka” almaqda ittiham olunurlar.

ABŞ məmurlarının korrupsiya cinayətindən danışan millət vəkili Zahid Oruc deyib ki, Qərb təsisatlarının özləri xirtdəyə qədər rüşvətin içində olduqları halda başqalarını ittiham etməyə haqları yoxdur: "FİFA siyasətdən və dövlət qurumlarından kənar bir idman qurumu deyil. Məlumdur ki, təşkilatda külli miqdarda üzvlük haqları toplanır. Eləcə də ölkələr çempionatların keçirilməsi ərəfəsində müxtəlif "rəqabət” mexanizmindən keçirlər və yüksək məbləğdə pullar hesabına oyun qururlar. Əlbəttə, çoxları düşünə bilər ki, qurum rəhbəri Blatter ilə ABŞ və digər Qərb dövlətlərinin rəhbərləri arasında ciddi problemlər var, bunun da səbəbi Blatterin Rusiyaya olan yaxınlığıdır. Yəqin, Avropa Çempionatı ilə bağlı tutduğu mövqedən dolayı Blatterdən qisas alırlar və s. Biz bunları inkar etmirik, amma FİFA-da korrupsiya faktları danılmazdır. Artıq həmin qurumun elitasına daxil olan 8-dən artıq şəxs həbs olunub. İlkin olaraq mənimsənən ümumi məbləğ 140 milyon dollar idisə, indi söhbət milyardlarla dollardan gedir. Belə bahalı korrupsiya qalmaqalları öz-özlüyündə Qərb təşkilatlarının hansı mexanizm əsasında işlədiyini göstərir”. Deputat bildirib ki, Qərb dövlətlərində məişət səviyyəsində rüşvət olayları diqqəti cəlb etməsə də, iri müqavilələrdə, dövlət və ya hökumət layihələrinin hamısında bu cür korrupsiya halları mövcuddur: "İdman təşkilatları ətrafında dövr edən külli miqdarda vəsaitlər təyinatından kənar müxtəlif ölkələrin hesabına yönləndirilir. Necə düşünürsünüz, sadəcə ayrı-ayrı şəxslər bu boyda böyük məbləği ələ keçirə bilərdilərmi? Təbii ki, yox. Əgər onların söykəndiyi dövlətlər bu məsələdə birbaşa iştirak etməsəydilər, mənimsəmə qətiyyən mümkün olmazdı. Fikrimcə, FİFA Qərb dövlətlərinin və qurumlarının necə fəaliyyət göstərməsinin simvolu, güzgüsüdür”. Z.Oruc Azərbaycanda korrupsiyanın qarşısını almaq üçün sistemli işlərin görüldüyünü xatırladıb: "Əlbəttə, biz iddia etmirik ki, ölkəmizdə korrupsiya halları tamamilə aradan qaldırılıb. Təəssüflər olsun ki, korrupsiya cəmiyyətimizin üz-üzə qaldığı ən böyük bəlalardan biridir. Hətta deyərdim ki, Qarabağ məsələsindən sonra ikinci yeri bu problem tutur. Hesab edirəm ki,
problemin qarşısını ayrı-ayrı şəxsləri əvəzləməklə almaq mümkün olmayacaq. Çünki adamların mənəviyyatına barometr qoymaq çox çətindir. Dəyişiklik yalnız sistem islahatları hesabına ola bilər”.

İsmayıl