Qərb seyr edir, Ermənistan şıltaqlıq...

Həmsədr ölkələr iş görmür, işğalçı ölkə də hər dəfə danışıqlardan yayınır



"Ermənistan-Azərbaycan münaqişəsi "Şərq tərəfdaşlığı”nın çoxtərəfli çərçivəsindən tam istifadə edilməsi üçün mane olaraq qalmaqdadır və Avropa İttifaqının birbaşa qonşuluğunda ciddi təhlükə olmaqda davam edir”.

Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov "Şərq tərəfdaşlığı”nda iştirak edən ölkələrin xarici işlər nazirlərinin 6-cı görüşündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Vilnüs sammitindən sonrakı hadisələr təəssüf ki, digər münaqişənin başlanması da daxil olmaqla, bütün "Şərq tərəfdaşlığı” regionuna çoxsaylı çağırışlar gətirib. "Şərq tərəfdaşlığı” məkanında bütün münaqişələr oxşar ssenari üzrə cərəyan edib və ərazi bütövlüyünün pozulması, işğal və separatizm kimi eyni ağır nəticələrə gətirib çıxarıb: "Bununla əlaqədar olaraq Aİ-nin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığına ardıcıl öhdəliyi ilə regionda mövcud olan təhlükəsizlik çağırışlarına qəti cavab nümayiş etdirməsini gözləyirik və BMT Təhlükəsizlik Şurasının bununla bağlı qəbul etdiyi müvafiq qətnamələrinin çox tezliklə yerinə yetirilməsinə israrla çağırırıq. Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin region xalqları və bütün beynəlxalq ictimaiyyətin uzun müddət gözlədiyi sülh və təhlükəsizlik gətirəcəyinə qətiyyətlə inanırıq”. Nazir onu da bildirib ki, Azərbaycan böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq və regiona sülh və sabitlik gətirmək üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışlarına dəfələrlə hazırlığını ifadə edib.

Nazirin mesajını şərh edən Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli "Şərq”ə açıqlamasında qeyd edib ki, hazırda internet əsridir və informasiya cəbhəsində qazanılan uğurlar real cəbhədə əldə olunan uğurlar üçün mühüm baza rolunu oynayır: "Azərbaycanın XİN rəhbəri bütün tədbirlərdə və ya görüşlərdə ölkəmizin mövqeyini ifadə edir. Bu, ölkə başçısı İlham Əliyevin müəyyən etdiyi siyasətdir. Azərbaycan həqiqətlərini dünyada yaymaq, Ermənistanın işğalçı siyasətini ifşa etmək əsas məsələlərdən biridir. Bu baxımdan E.Məmmədyarov məlum tədbir çərçivəsində ölkəmizin münaqişənin həllinə dair konstruktiv mövqe nümayiş etdirdiyini bir daha ortaya qoyub. Eyni zamanda diqqətə çatdırıb ki, böyük sülh sazişinə başlamağın vaxtı gəlib çatıb. Ona görə də konkret real addımlar atmaq lazımdır. Ötən il oktyabr ayının 27-də Parisdə Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə keçirilən görüşdə də Azərbaycan tərəfi böyük sülh sazişi ilə bağlı məsələni gündəmə gətirdi. Olland da həmin məsələdə Azərbaycanın mövqeyini dəstəklədi və qeyd etdi ki, bu sülh sazişinin tətbiqinə başlanılmalıdır. Lakin Ermənistan tərəfi heç bir konkret addım atmaq istəmir. Separatçı ölkə vaxt uzadır. Danışıqlar naminə danışıqlara gedir və status-kvonun saxlanılmasında israrlıdır. Hər dəfə suyu bulandırıb, real danışıqlardan imtina edirlər. Bütün bunlar Azərbaycan XİN rəhbərinin danışıqlarında və apardığı müzakirələrdə bir daha aktuallaşdı”.

Bununla yanaşı, politoloq düşünür ki, destruktiv mövqeyinə görə, rəsmi İrəvana heç bir təzyiq göstərilmir: "Qərb seyrçi mövqedə dayanıb. Ermənistanın bu şıltaqlığı və özbaşınalığını izləyirlər. Buna görə Sarkisyan özünü ərköyün uşaq kimi aparır. Beynəlxalq təşkilatlar buna çox böyük dözümlülük nümayiş etdirirlər. Belə dözümlülüklə münaqişə həllini tapa bilməz. Beynəlxalq birlik konkret mövqe ortaya qoymalıdır. Rusiyanı Krım məsələsinə görə sanksiyalar hədəfinə çevirdilərsə, Ermənistana qarşı da eyni mövqedən çıxış etməlidirlər. Belə çıxır ki, Qərbin gözündə işğalçılar yaxşı və pis kateqoriyasına bölünür. Yəni Moskva pis, İrəvan yaxşı təcavüzkardır. Belə yanaşma ilə münaqişə heç zaman həllini tapa bilməyəcək. Minsk Qrupu bütün reallıqları nəzərə alıb, konkret addımlara imza atmalıdır. Əks halda, vəziyyət kritik həddə çata bilər”.

Qərbin susqunluğunun səbəblərinə toxunan professor bunu müxtəlif faktlarla izah edib: "Birinci amil Qərbin ikili standartlardan çıxış etməsidir. İkincisi, dünyadakı islamafobiya qüvvələrinin siyasətidir. İslamafobiya qüvvələri müsəlman aləminə qarşı ayrı-seçkilik siyasəti həyata keçirirlər və xristian həmrəyliyi nümayiş etdirirlər. İslamafobiya və xristian təəssübkeşliyi diplomatiyasıdır. Üçüncüsü, erməni diasporunun fəaliyyətidir. Məhz həmin faktların nəticəsidir ki, hazırda münaqişənin həlli ilə əlaqədar real iş aparılmır”.

Ayyət Əhməd