
Qərbi bürüyən korrupsiya...
Faktlar, rəqəmlər “demokratiya”nın beşiyi sayılan ölkələri bəzəyir

Bu gün ABŞ, eləcə də bir sıra Avropa ölkələrinin müvafiq dairələri digər dövlətlərdə müxtəlif "problemlərin” mövcudluğu ilə bağlı davamlı olaraq ittihamlar irəli sürürlər. Lakin həmin ittihamları irəli sürən ölkələrin mövcud vəziyyətinə baxdıqda, elə bu problemlərin ən yüksək səviyyədə onların özündə olduğunun şahidi oluruq. Azərbaycanı əsassız olaraq ittiham edən həmin ölkələrdə korrupsiya, işsizlik, insan hüquqlarının pozulması və qaradərili insanlara qarşı törədilən cinayətlər qabarıq şəkildə özünü göstərir. Sirr deyil ki, SSRİ-nin mövcudluğuna son qoyulduqdan sonra çoxsaylı beynəlxalq təşkilatlar postsovet dövlətinə ayaq açaraq, bu ölkələrdəki korrupsiya halları barədə rəngarəng hesabatlar hazırlamağa başlayıblar. Təbii ki, bu məsələdə məhz həmin beynəlxalq təşkilatlardan və onların təmsil etdikləri ölkələrin hökumətlərindən böyük məbləğdə qrantlar alan yerli QHT-lər də az rol oynamırlar. Amma Azərbaycan ictimaiyyəti bütün bunların haqsızlıq, ikili standartlar olduğunu çox gözəl bilirlər.
Əslində, bu hesabatlar Azərbaycana təzyiq göstərmək məqsədilə hazırlanmış cəfəngiyyatlardır. Bu günlərdə Avropa Şurasının GRECO antikorrupsiya təşkilatının yaydığı hesabat da məhz bu məqsədi daşıyır. Təşkilat Azərbaycanda antikorrupsiya tədbirlərinin görüldüyünü, qısqanclıqla olsa da, etiraf edir. Amma yenə qərəzli mövqeyindən uzaqlaşmır. Gəlin bizə insan haqları, vətəndaş cəmiyyəti və s. barədə dərs verməyə çalışan Avropa İttifaqı və ABŞ-ın özündə korrupsiya ilə mübarizənin hansı nəticələr verdiyinə nəzər salaq. Doğrudanmı, bu ölkələr sözügedən məsələdə böyük nailiyyətlər əldə ediblər və bu istiqamətdə qətiyyətlə irəliləməkdə davam edirlər?
Bu günlərdə Almaniyanın Hannover məhkəməsində ölkənin sabiq prezidenti Kristian Vulfun məhkəməsi başlanıb. Vulf prezident vəzifəsində olarkən korrupsiyaya yol verməkdə ittiham olunur. İstintaq müəyyən edib ki, Almaniya prezidenti vəzifədə olduğu müddətdə 28 epizod üzrə sui-istifadə cinayətinə yol verib. Bu epizodlardan biri məhkəmənin araşdırma predmeti olub. "Bayerişer Nof” otelinin əməkdaşları şahidlik ediblər ki, prezidentin həmin oteldə yaşamasının haqqını onun tanışı olan biznesmen ödəyib və bunun əvəzində Vulf onun kommersiya layihələrindən birini dəstəkləyib. Bununla da "xidməti vəzifəsindən sui-istifadə edərək xeyli qazanıb”.
Bu, əlbəttə, Qərbdə yeganə hal deyil. ABŞ-da da belə hallar az olmur. Məsələn, bir qədər əvvəl Ağ Evin ən yüksək dairələri ilə bağlı 6 milyard dollarlıq bir fırıldağın üstü açılıb. Hələ ki, bu barədə susmağa üstünlük verilib. İllinoys ştatındakı Dikson şəhərinin maliyyə xidmətinin rəhbəri Rita Krandvellin 7 il müddətində büdcədən 9 faiz miqdarında oğurluq etdiyi, nəticədə 30 milyon dollar pul topladığı aşkarlanıb. Təkcə bu ilin əvvəlindən bəri ABŞ-da müxtəlif səviyyəli dövlət məmurlarına qarşı rüşvət ittihamı ilə 2320 cinayət işi açılıb. Bunlardan 678-i xüsusilə böyük məbləğdə rüşvət ittihamıdır. ABŞ-ın hüquq-mühafizə orqanlarının məlumatına görə, təkcə 2013-cü ildə federal, ştat və şəhər idarələrinin 2320 əməkdaşı və rəhbəri istintaqa cəlb edilib. Ən
yayılmış cinayətlər isə ABŞ-da yaşamaq hüququ almaq üçün qeyri-qanuni sənədlərin hazırlanması, cinayətkar təşkilatlara "krışalıq” edilməsi, məlumat bazalarından bioqrafiyalardakı kriminal epizodların silinməsi, imtahan vermədən, müvafiq prosedurları keçmədən müştərilərə müxtəlif sertifikat və lisenziyaların verilməsi və s.-dir. Cinayət Məcəlləsinin ən çox istinad edilən maddəsi isə "rüşvət”dir. Bu il ABŞ-da əsl "polis narkokarteli” aşkarlanıb. Kaliforniyalı polis Fredrik Slays marixuana satışı üzrə böyük bir şəbəkə yaradıb. Onun 50 ştatdan 43-də filialları olub. Polis öz vəzifəsindən istifadə edərək narkoticarətçilərdən müsadirə etdiyi narkotik məhsulları yenidən satışa yönəldib. Keçən ilin oktyabrında ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin əməkdaşları ərzaq talonları ilə bağlı saxtakarlıq etdiklərinə görə, korrupsiya ittihamı ilə həbs ediliblər. Belə cinayətlər saysız-hesabsızdır. Sadəcə, ABŞ-ın dünyadakı imicinə zərər vurmamaq üçün onların çoxu açılmır.
Avropa İttifaqında vəziyyət heç də bundan yaxşı deyil. İttifaqın antikorrupsiya agentliyi (OLAF) apardığı təhqiqatın nəticələrini açıqlayıb. Sən demə, Aİ ölkələri hər il korrupsiyaya görə 323 milyard avro itirir ki, bu da təşkilatın 2014-2020-ci illəri əhatə edən 7 illik büdcəsinin üçdə birini təşkil edir. OLAF və Avropa Komissiyasının baş ədliyyə direktorunun birgə hazırladıqları hesabat Azərbaycan ictimaiyyəti üçün həqiqətən şok effekti yaradıb: "Avropa strukturlarında korrupsiya ağlasığmaz miqyas alıb. Əgər əvvəllər Avropa fondlarından illik oğurluq yüz milyonlarla avro təşkil edirdisə, indi bu, milyardlarla ölçülür”. İttifaq ölkələrinin polis və prokurorluq orqanları tərəfindən 2013-cü ildə Xidməti vəzifədən sui-istifadə və rüşvət maddələri ilə 67 800 cinayət işi açılıb. Bu, Avropa İttifaqının tarixində ən rekord göstəricidir. Baş ədliyyə direktoru Fransua Le Bay Avropa Parlamentində çıxış edərək deyib ki, "Bizdə söhbətin milyonlardan deyil, milyardlardan getdiyini söyləməyə hər cür əsas var. Bu, həm də yalnız aysberqin üst tərəfidir. Daha böyük rəqəmlər əldə edəcəyik. Bu, hələ başlanğıcdır”. OLAF rəhbəri Covanni Kessler isə bildirib ki, "Avropanın ayrı-ayrı ölkələrində eyni vaxtda baş verən korrupsiya, dələduzluq və digər cinayətlər bir çox hallarda hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalır. Çünki bu cinayətlərə milli dövlətlərin səlahiyyətləri çərçivəsində baxılır. Ona görə də korrupsiya ilə ümumavropa səviyyəsində mübarizə aparmaq, belə cinayətlərin araşdırılması üçün xüsusi büro yaratmaq lazımdır”. Avropalı ekspertlərin özlərinin nəticələrinə görə, korrupsiya artıq bütün Avropa ölkələrinin xarakterik xüsusiyyətinə çevrilməkdədir.
Böyük Britaniya da istisna təşkil etmir. Ölkənin Müdafiə Nazirliyi hərbçilərin onlayn rejimində rekrutinqi ilə bağlı xüsusi proqramın həyata keçirilməsi üçün milyonlarla pul töküb, amma proqram lazımınca işləmir. Nazirlik buna görə ciddi tənqidlərə məruz qalır. Bundan əlavə, Müdafiə Nazirliyi 6 milyard funt-sterlinq qiymətində nasaz sursat və lazımsız geyim əşyaları aldığına görə də tənqidlərlə üzləşib. Ancaq nazirlik günahkarların cəzalandırılmayacağını bəyan edib. Üstəlik, bunu vəsaitə qənaət kimi qiymətləndirib.
Almaniyada Xristian Demokrat Partiyası BMV şirkətinə nəzarət edən Kvandt ailəsindən 690 min avro ianə alıb. Əvəzində Almaniya Aİ-də atmosferə atılan qazlarla bağlı kvota tətbiqinin yubadılmasına nail olub. Biberax şəhərində siçanlar üçün körpü tikilməsinə 435 min avro xərclənib. Berlində 2006-cı ildən tikilən aeroportun təhvil verilməsi hər il yubadılır və artıq xərclər 2 milyard avrodan 5,7 milyarda qalxıb. Aeroportda təkcə səliqə yaradılmasına hər ay 162 min avro xərc qoyulur. Başqa faktlar da mövcuddur.
Avstraliyada 13 dövlət məmuru 15 "Evrofayter” qırıcısının alınması ilə bağlı 70 milyon avro "yeməkdə” şübhəli bilinir. Elə qırıcıların özləri də keyfiyyət baxımından verilən qiymətə dəymir.
Fransada büdcə işləri üzrə nazir Jerom Kayuzak vergidən yayınmaqda ittiham edilir. O, xaricdə gizli bank hesabı açaraq burada 600 min avro toplayıb. Bunu uzun zaman gizli saxlaya bilən nazir, nəhayət, 2013-cü ildə istefa verməyə məcbur olub.
İtaliyada 2013-cü ilin axırlarında məlum olub ki, Akvila şəhərinin bərpası üçün ayrılmış dövlət vəsaiti "yeyilib”. 2009-cu il zəlzələsindən sonra şəhər dağılıb. Onun bərpasına 8 milyard avro ayrılıb. İndi məlum olub ki, tikinti smetası tutularkən xərclər 2,5-3 dəfə şişirdilib, tikilən evlər
isə yaşayış üçün yararsızdır. Bununla bağlı bərpa işlərinə yaxın illərdə daha 8 milyard avro ayrılması nəzərdə tutulur.
Hindistan hökuməti İtaliyanın "Filmeccanica” şirkəti ilə 753 milyon dollarlıq sövdələşməsini ləğv etməli olub. Şirkət Britaniya şirkəti ilə birgə Hindistanın prezidenti və baş naziri üçün VİP vertolyot hazırlamalı idi. Lakin sonda məlum olub ki, sifarişin əldə edilməsi üçün şirkət yüksək rütbəli məmurlara 67,6 milyon dollar rüşvət verib. Bu da İtaliyada baş verən korrupsiya hallarının heç də hamısı deyil.
Təbii ki, başqa Avropa ölkələrində baş verən korrupsiya və rüşvət cinayətlərini də sadalaya bilərdik. Beynəlxalq mətbuat səhifələrində belə faktlar minlərlədir.
Əgər bu gün vicdanlı müqayisə aparan olsa, Avropa İttifaqında və ABŞ-da korrupsiya ilə bağlı tərəzinin gözünün daha çox əyildiyini müşahidə etmək olar. Ona görə də bizim onlara irad tutmağa daha çox əsasımız var. Qərbin "təmiz ölkələrində” bəzən hətta dövlət başçılarının sui-istifadədə ittiham olunması əlimizə daha yaxşı əsaslar verir.
İsmayıl