"Qərbin qərəzli dairələri əleyhimizə qara piar kampaniyası aparırlar"





"Bir sıra beynəlxalq qurumlar Azərbaycana qarşı öz haqsız mövqeləri ilə tanınırlar”.

Bunu "Sherg.az”a açıqlamasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib.

Ekspert bildirib ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri 30 ildir icra olunmur.

Ona görə də Azərbaycan xalqı həmin təşkilatlardan son dərəcə narazıdır və onların ölkəmizə qarşı münasibətini qəbul etmirlər:

"Azərbaycanda gedən proseslər, ölkəmizin ardıcıl inkişafı, iqtisadi cəhətdən güclənməsi, hərbi qüdrətinin artması, "aprel döyüşləri”ndə əldə edilən uğurlar beynəlxalq dairələri qıcıqlandırır. Nəticədə son günlər baş verən hadisələri qabardaraq Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasına başlayıblar. Düşünürəm ki, bunların haradan qaynaqlandığını hamı çox yaxşı bilir. Qərb dairələrinə üzümüzü tutub deyirik ki, Azərbaycanla təhdid dili ilə danışmaq yolverilməzdir”.

Qurum rəhbəri bəyan edib ki, Azərbaycan Qərbin, bütövlükdə Avropanın enerji təhlükəsizliyini təmin etmək istiqamətində böyük meqalayihələr həyata keçirir, onların gələcəyini düşünürük. Lakin bunun əvəzində Qərbin qərəzli dairələri əleyhimizə qara piar kampaniyaları aparırlar:

 "Bunlar yolverilməzdir. Azərbaycan sivil və inkişaf etmiş ölkədir, dialoqlar mərkəzidir, idman, turizm məkanıdır. Avropa Oyunlarından tutmuş qitənin təhlükəsizliyinə qədər yeni yaranmış müstəqil dövlət kimi öz töhfəmizi vermişik. Bunun müqabilində Avropa təşkilatları ermənilərin Azərbaycan torpaqlarında həyata keçirdikləri işğalçılıq siyasətinə son qoyulması üçün heç nə etməyiblər. Yaxşı olar ki, bizə xeyir vermək haqqında düşünsünlər, zərbə vurmaq haqqında yox”.

Qeyd edək ki, son günlər Azərbaycanı sevməyən məlum dairələr, qərəzli Qərb təşkilatları və onların ölkəmizdəki əlaltıları növbəti dəfə dövlətimizi hədəf alıblar. Dünyanın bir çox bölgəsində hər gün baş verən zülmləri, işgəncələri, polis-xalq qarşıdurmasını görməzdən gələn, onlar barəsində bir cümlə belə xəbər dərc etməyən, hər hansı tələb irəli sürməyən məkirli qurumlar Azərbaycandakı ən xırda olayı şişirdərək, qanunsuz hərəkətlərinə görə, həbs olunmuş bloger Mehman Hüseynovu "jurnalist” kimi təqdim edərək rəsmi Bakıya təsir göstərməyə cəhd edirlər.

İsmayıl