Qərənfil Dünyaminqızı: "Nədən yazsaq, necə yazsaq da, dövlətimizə, dövlətçiliyimizə sədaqətlə yazaq"

1875-ci il iyulun 22-də dahi Həsən bəy Zərdabi tərəfindən ilk azərbaycandilli qəzet olan "Əkinçi”nin birinci nömrəsi çap olundu və bununla da, Azərbaycan mətbuatının əsası qoyuldu. Həmin ildən bu günə kimi Azərbaycan mətbuatı əziyyətli, kəşməkəşli və bir o qədər də şanlı, qürurlu bir yol keçib. Hər il ölkədə 22 iyul Milli Mətbuat Günü kimi qeyd olunur. Bu il isə mətbuatımızın 140 illik yubileyi tamam olur. Bu münasibətlə Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi, "Mətbuat tarixi və ideoloji iş metodları” kafedrasının dosenti Qərənfil Dünyaminqızı (Quliyeva) ilə müsahibə apardıq:
-Azərbaycan mətbuatı 140 yaşını qeyd edir. Bu barədə təəssüratınızı öyrənmək istərdik.
-Bu 140 illik yol çox çətin olsa da, şərəfli bir yol olub. Həsən bəy qəzet açanda ona dərviş, kafir deyib məclisdən qovurdular. Çünki insanların böyük əksəriyyəti savadsız idi, qəzetin gücünü bilmirdilər. Lakin buna baxmayaraq H.Zərdabi milli mətbuatımızı yaratdı və insanlara mətbu sözünün qüdrətini göstərdi. Artıq XIX yüzilliyin sonunda "Əkinçi”nin ideyalarını davam etdirən mətbu orqanlarımız fəaliyyət göstərməyə başlamışdı. Azərbaycan ziyalıları xalqı maarifləndirmək, tərəqqiyə doğru istiqamətləndirmək üçün mətbuatın gücündən istifadə etməyə başladılar.
-Sizə görə 140 illik mətbuatın "qızıl dövrü" hansı dövr olub?
-Məncə, bu dövr Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətdə olduğu dövr idi. Çünki bu zaman mətbuatımızın inkişafı üçün bir çox islahatlar aparıldı. 1918-ci il 9 noyabrda hökumət senzuranı ləğv etdi. Azərbaycan yazarları ilk dəfə azad sözün qüdrətini hiss etdilər. Parlament tərəfindən 1919-cu il 30 oktyabrında "Mətbuat haqqında Nizamnamə” qəbul edildi. Bu ölkədə mətbuatın fəaliyyətini tənzimləyən ilk qanunverici akt oldu. Milli ruhlu mətbuatımız dövlətçilik ideologiyasının təbliğində aparıcı rol oynayırdı. 1992-ci il yenidən müstəqilliyimizin bərpasından sonra Parlament tərəfindən ilk dəfə "KİV haqqında qanun” qəbul edildi. Bu qanun müstəqil Azərbaycanın ilk Qanunlarından biri idi. 1999-cu il dekabrın 7-də Milli Məclis "KİV haqqında” yeni qanun qəbul etdi və həmin vaxtdan sonra mövcud qanunvericiliyin təkmilləşdirilməsi , daha da demokratikləşdirilməsi istiqamətində ciddi adımlar atıldı. Bu gün Azərbaycan söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur desək, yanılmarıq.
-Klassik mətbuat ənənələrinin müasir mətbuata geniş təsirini necə təmin etmək olar?
-Zəngin və böyük tarixi inkişaf yolu keçən milli mətbuatımızdan bu gün öyrəniləsi bir çox müsbət xüsusiyyətlər var. Heç şübhəsiz, keçilmiş yolun öyrənilməsi, dəyərləndirilməsi, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, demokratik dəyərlərin tam bərqərar olunması, cəmiyyətdə sabit, sağlam mühitin yaradılmasına və müstəqil ideyaların təbliğinə xidmət etməli, gənc müstəqil dövlətimizin ətrafında daha sıx birləşməli və ona hər an dəstək olmalıyıq. Bizim klassiklərimiz də belə ediblər. Keçmişə nəzər salaq: Azərbaycan Xalq Cümhuriyyətinin yaradanlar kimlər idi? - Onlar həm də dövrün tanınmış jurnalistləri, publisistləri idilər. M. B.Məhəmmədzadə, Ü.Hacıbəyli, Ə.M.Topçubaşov, X.İbrahim, F.Ağazadə, N.Yusifbəyli, M.Ə.Rəsulzadə və b. Onlar yalnız bir amal, bir məqsəd uğrunda mübarizə apardılar: Müstəqil Azərbaycan uğrunda. Biz də bu gün onların bu müqəddəs amallarını davam etdirməliyik. Jurnalistika böyük ammallara xidmət etməlidir. Buna görə yenə də deyirəm ki, hamılıqla gənc dövlətimizə hər an dəstək olmalıyıq, onun irəli sürdüyü ideyaları təbliğ etməliyik. Çünki bu gün dövlətimiz tərəfindən mətbuatımıza çox güclü qayğı var. Biz də bu qayğıya layiq cavab verməliyik. Belə olarsa daha möhkəm, daha əzmkar, daha qüdrətli müstəqil Azərbaycan dövlətinə nail olmuş olarıq.
-140 illik mətbuat tarixi nə dərəcədə öyrənilib? Bu yoldakı uğurlar və qüsurlardan söz açardınız.
-140 illik mətbuat tariximizdə hələ çox məqamlar var ki, doğru-dürüst öyrənilməyib,öz tədqiqini gözləyir. Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalistikası. Bildiyiniz kimi uzun illər bu dövrün jurnalistikası tədqiqatdan kənarlaşdırılıb. Sovet dövründə yalnız bolşevik ideologiyasını təbliğ edən mətbu orqanları və onların yazarlarının fəaliyyəti tədqiqata cəlb edilib. Milli ruhlu mətbuat orqanları və yazarları təqiblərə, təhqirlərə məruz qalıb. Cənub və mühacirət dövrü mətbuatı da həmcinin. Yalnız 1980-ci illərin sonu-1990-cı illərin əvvəlləri ölkədə baş verən siyasi hadisələr nəticəsində bir çox sahələrdə olduğu kimi mətbuatımızın fəaliyyətində də bir yenilik hiss edilməyə başlandı. İlk olaraq 1988-ci ilin sonlarında "Vətən” Cəmiyyətinin orqanı olan "Odlar yurdu” qəzeti bir yeniliyi azərbaycanlı oxucularına bəxş etdi. O zaman mən tələbə idim. Klassik yazarlarımız haqqında ilk olaraq bu qəzetin səhifələrindən oxudum. Məsələn, Üzeyir Hacıbəyli bizə yalnız bir musiqiçi kimi təbliğ edilmişdir. Lakin mən "Odlar yurdu” qəzetində onun dövrünün ən aparıcı bir jurnalisti, publisisti olduğunu oxudum. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün həm siyasi xadimləri, həm də jurnalist, publisist, naşirləri olan onlarla qələm əhlinin fəaliyyəti haqqında bu qəzet məlumat verdi. Lakin onu da qeyd etmək istərdim ki, sovet dövründə yazılan bütün tədqiqatlardan imtina etmək də düz deyil və bu haqsızlıq olardı. Baxmayaraq ki, onlar sovet ideologiyasının "qayda-qanun”larına uyğun yazılıb, əksəriyyətində faktlar eyni dəqiqliklə, yüksək elmi, obyektiv səviyyədə şərh olunmamış, düzgün-dəqiq ümumiləşdirmələr aparılmamışdır, amma onların mətbuat tariximizin öyrənilməsi üçün əhəmiyyətini inkar etmək də ədalətsizlik olardı. Onlardan bəhrələnərək heç bir ideoloji istiqamətdə yanaşmadan, obyektiv olaraq əksər mətbu orqanları və onların yazarlarının fəaliyyəti yenidən tədqiqata cəlb edilməlidir. Doğrudur, bu proses artıq 20 ilə yaxındır aparılır. Bir çox dəyərli monoqrafiyalar, elmi əsərlər yazılıb ərsəyə gətirilib. Amma bu hələ azdır. Arxivlərimizdə, kitabxanalarda tədqiqatını gözləyən yüzlərlə belə mətbu orqanları və yazarları var. Mən bir mətbuat tarixi tədqiqatçısı kimi 1998-ci ildən bu sahə ilə məşğulam. 2005-ci ildə "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalistikası (1918-1920)” mövzusunda namizədlik disertasiyası müdafiə etdim. Çox maraqlı, zəngin bir dövrdür. Bu dövrün mətbuatı onun dövlətçilik tarixi ilə çox sıx bağlıdır.
-Elə bir az da Sizin jurnalistika və mətbuat tarixinin tədqiqi sahəsindəki fəaliyyətinizdən danışaq.
-Mənim ilk yazım 1974-cü ildə "Pioner” jurnalında çap edilib. 1988-89-cu illərdə BDU-nun Jurnalistika fakültəsində təhsil almışam. Jurnalistik fəaliyyətimə isə "Ədalət” qəzetindən başlamışam. Bayaq da adını qeyd etdiyim kimi 2005-ci ildə "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalistikası (1918-1920)” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru adına layiq görüldüm. "Cümhuriyyət dövründə Azərbaycan mətbuatı (1918-1920-ci illər)” I-hissə (2005), "Cümhuriyyət dövründə Azərbaycan mətbuatı (1918-1920-ci illər)” II-hissə (2011), "Milli tərəqqiyə doğru” (2012), "Mətbuat-nicat yoludur” (2013) adlı elmi-publisistik əsərim və 4 elmi-tədris proqramım çap edilib. Bunlardan əlavə "Mənim tənha söyüdüm” və "Düyünlər” adlı bədii kitabların, 450-yə yaxın bədii-publisistik, 50-elmi məqalənin müəllifiyəm. Müntəzəm olaraq "Kaspi” və "Ədalət” qəzetlərində, "İşıq”, "Füyuzat” jurnallarında çıxış edirəm. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Hal-hazırda isə "Azərbaycan mətbuatşünaslığının təşəkkülü və formalaşması (1900-2000)” mövzusunda doktorluq dissertasiyası üzərində çalışıram.
-Məlumatın operativ əldə olunmasında internet jurnalistikası geniş yayılıb. Bəs sizə görə çap jurnalistikası internet jurnalistikasına nisbətdə hansı üstünlüklərini qoruyub saxlayıb?
-Bu gün elm-texnika çox güclü inkişaf edib. Onlayn jurnalistika çap jurnalistikasını üstələyib. Amma cəmiyyətdə hələ də çap jurnalistikasına ehtiyac duyulur. Ümumiyyətlə, insanın nitq mədəniyyətinin daha kamilləşməsi, zənginləşməsi, düşüncələrinin formalaşması üçün mütləq oxucu kitabla, qəzetlə, jurnalla təmasda olmalıdır. Mənə elə gəlir ki, nə qədər internet vasitəsilə məlumatlansaq da, bədii zövqümüzü oxşamaq üçün mütləq bir bədii yazının oxunması lazımdır. Səhər dövri mətbuatı gözdən keçirərkən aldığım informasiya ilə yanaşı qəzetin özünəməxsus "ətri” mənə çox xoş gəlir. Bu bəlkədə mənə belə gəlir?
-Qərənfil xanım, müsahibə üçün təşəkkür edir və Milli Mətbuat Günü münasibətilə Sizi təbrik edirik.
-Mən də bu gün bütün qələm yoldaşlarımı, sizi milli mətbuatımızın 140 illik yubileyi münasibətilə təbrik edirəm. Nə yazsaq, nədən yazsaq da, ən azı bizə bu müqəddəs yolu qoyub gedən o klassiklərimizin ruhuna, qələminə olan hörmətimizi itirməyək. Qələmimizi onlar kimi yalnız vətən, millət yolunda çalaq. Dövlətimizə, dövlətçiliyimizə sadiq qalaq.
Nurlan Səlim
BDU Jurnalistika fakültəsi, II kurs tələbəsi