Elçin Əhmədov:
“Azərbaycanın Aİ ilə əməkdaşlığı və yeni saziş barədə aparılan danışıqlar, ilk növbədə, düşmən Ermənistanı narahat edir”
Azərbaycan iqtidarının uğurlu daxili və xarici siyasəti, hər zamankı kimi, ölkəmizi sevməyən qüvvələrdə qıcıq yaradıb. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatçı siyasət nəticəsində Azərbaycanın iqtisadi gücü artır, əhalinin sisial rifahı yüksəlir. Bununla da ölkə beynəlxalq arenada söz sahibinə çevrilir. Bu siyasət də təbii ki, xalqın maraqlarına xidmət edir. Fakt faktlığında qalır ki, son 15 ildə Azərbaycan iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətədavamlı ölkəyə çevrilib. Bununla yanaşı mühüm transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılamsı ölkəmizin strateji mövqelərini daha da gücləndirib. İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan öz müstəqil siyasəti ilə dünyada, beynəlxalq münasibətlər sistemində böyük nüfuza malikdir.
Ölkəmizin dünyanın aparıcı güc mərkəzləri, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri qurmuşdur, bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısıdır. Həmçinin Azərbaycan bir çox Avropa İttifaqı ölkələri ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Yeri gəlmişkən, onu da vurğulamaq lazımdır ki, Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin hazrlanması artıq yekun mərhələyə qədəm qoyub.
Onu da xatırlatmaq lazımdır ki, bu il Azərbaycan dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edəcək. Bu da ölkəmizin nüfuzunun, söz sahibi olmasının bariz nümunələrindən biridir.
Ölkəni inkişafa aparan hazırkı iqtidarı Azərbaycan xalqı tam şəkildə dəstəkləyir. "Opinion Way” şirkətinin bu yaxınlarda keçirdiyi sorğu bunu bir daha təsdiq etdi.
Təbii olaraq Azərbaycanın inkişafı, çiçəklənməsi işğalçı Ermənistanı, erməni lobbisini, erməni lobbisinin təsiri altında olan qərəzli beynəlxalq təşkilatları, xaricdəki bəzi anti-Azərbaycan qüvvələri ciddi narahat edir. Ona görə də, bu qüvvələr Azərbaycanın uğurlarına ləkə yaxmaq, onu nüfuzdan salmaq üçün zaman-zaman, xüsusilə böyük tədbirlər ərəfəsində çirkin kampaniyalar təşkil edirlər.
Hər zaman qərəzli mövqeyi ilə seçilən, erməni lobbisinin sifarişlərini yerinə yetirən "Trensparency İnternational”, "Amnisty İnternational”, OCCRP və digər bu kimi qurumlar ölkəmiz, dövlət başçısı və onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməyə, ölkə daxilində "5-ci kolon” vasitəsilə ictimai narazılıq formalaşdırmağa cəhd göstərirlər.
Azərbaycan ictimaiyyəti, ekspertlər isə bildirilər ki, xarici anti-Azərbaycan və daxildəki "5-ci kolonun” bu cəhdlərinin arxasında hansı maraqların durduğu hər kəsə bəllidir. Analitiklər vurğulayırlar ki, bu cür kampaniyalarla Azərbaycana təzyiq göstərmək, onu öz yolundan döndərmək mümkün olmayıb və olmayacaq. Azərbaycan ictimaiyyəti bu qüvvələrin bütün iddialarına layiqli cavab verəcəkdir.
"Dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib” – deyən Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov "Sherg.az”a söyləyib ki, Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir:
"Həmçinin Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları regionda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və ölkə rəhbərliyinin bütün səyləri regionun inkişafına və xalqın rifahına yönəlib. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan və digər üçtərəfli, həmçinin dördtərəfli əməkdaşlıq formatları buna əyani sübutdur. Eləcə də ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib”.

E.Əhmədov vurğulayıb ki, son illər ölkəmizin ev sahibliyi etdiyi, eləcə də dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyətli beynəlxalq tədbirlər Azərbaycanın dünyada nüfuzunu xeyli yüksəldib:
"2018-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış "Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəddə bir çox məsələlər öz əksini tapmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Son vaxtlar Azərbaycan ilə Aİ arasında danışıqlar aparılan saziş layihəsinə dair əsassız fikirlər irəli sürürlər. Təbii ki, Azərbaycanın Aİ ilə əməkdaşlığı və yeni saziş barədə aparılan danışıqlar, ilk növbədə, düşmən Ermənistanı narahat edir. Ermənistan hətta Aİ üzv dövlətlər arasında olan himayədarları vasitəsilə bu sazişə kölgə salmağa çalışır. Ermənistanla həmrəy olan bəzi antimilli ünsürlər də bu sazişə qarşı çıxırlar. Amma qeyd etmək vacibdir ki, Azərbaycan-Aİ münasibətləri, hər şeydən əvvəl, bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı əməkdaşlığa əsaslanır. Həmçinin Azərbaycan ilə Aİ arasında imzalanacaq strateji tərəfdaşlıq sənədi üzərində hər iki tərəf üçün məqbul ola biləcək müddəalar müzakirə olunur. Bu baxımdan, hazırda Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasının və gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsinin dünyadakı anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz və təkzibedilməz faktıdır. Məhz bu səbəbdən də Azərbaycanın dinamik inkişafı erməni lobbisini və onun nəzarətində olan qüvvələri narahat edir. Onlar Azərbaycanın ünvanına heç bir əsası olmayan cəfəngiyatlar səsləndirməkdə davam edirlər”.
Siyasi elmlər doktoru söyləyib ki, bu gün Azərbaycanın dünya səviyyəli tədbirlərin ən yüksək standartını ortaya qoyması antimüsəlman siyasətinin, ovqatının hökm sürdüyü Avropada heç də bəzi qüvvələri razı salmır:
"Məhz erməni lobbisi də bunun arxasında dayanır və istəmir ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi təqdim edilsin. Çünki onlar illərlə Azərbaycan haqqında özlərinin düşündüyü mənfi rəyi formalaşdırmağa çalışıblar və bu gün də bu anti-Azərbaycan siyasəti davam edir. Avropanın erməni lobbisinin təsiri altında olan bəzi hüquq müdafiə təşkilatları, mətbuatla, insan hüquqları və vətəndaş cəmiyyəti ilə bağlı təşkilatları da anti-Azərbaycan fəaliyyətinə qoşulurlar. Bunların sırasında bəzi hökumətlərarası təşkilatlar və qurumlar "fəallıq” göstərirlər. Onlar ictimai rəyi bu yönə istiqamətləndirmək üçün əvvəlcə ələ alınmış ayrı-ayrı "muzdlu ekspertlərin müəllif yazıları”ndan, sonra beynəlxalq QHT-lərin aksiyalarından yararlanmağa çalışırlar. Bütün bu səylərə baxmayaraq, onların etdiyi cəhdlər indiyə kimi heç bir nəticə verməyib. Azərbaycan bu kampaniyalara hər zaman tutarlı cavab verib və qarşı tərəfi ifşa edib. Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməz ki, onların bu kimi ədalətsiz, qərəzli və subyektiv iddiaları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların şüuruna yeridilsin. Bir sözlə, anti-Azərbaycan qüvvələrin çirkin kampaniyalarla ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir”.
Anar