Qəzetlərin və saytların dizayn tərtibatı...

Murad Əliyev: “Seçim zamanı isə oxucu tək məzmuna deyil, məlumatı göz oxşayan, rahat formada əldə etməyə də diqqət ayırır”
Səxavət Sahil: “Dizayn sənəti təkcə qəzet və saytla məhdudlaşmır, memarlıq və şəhərsalma sahəsində də istifadə olunur”
Aqil Ələsgər: "Qərb mətbuatına diqqət yetirək: "The Guardian”a, "Los Angeles Times”ə və ya "Le Monde”yə baxın. Heç birində görsəl dizayn deyə bir şey yoxdur. Ancaq izləyiciləri milyonlarladır. Lakin şərq mətbuatı, xüsusilə türk və onun təsirində olan Azərbaycan mətbuatında dizayna çox önəm verilir”


(Əvvəli ötən sayımızda)

Texnoloji yeniliklərlə zəngin olan XXI əsr digər sahələrdə olduğu kimi kütləvi informasiya vasitələri sahəsində də öz sözünü deməkdə, diktəsini etməkdədir. Xoş qarşılansa da, qarşılanmasa da, dövrün və reallığın tələbi kimi media sistemində texnoloji yeniliklər tətbiq olunmaqdadır. Həm yazılı, həm də internet medianın tarixində özünəməxsus yeri olan və tez-tez dəyişikliyə məruz sahələrdən biri də mətbu orqanlardakı dizayn tərtibatı məsələsidir.

Dizayn KİV-lərin ərsəyə gəlməsində və formalaşmasında vacib elementlərdən hesab olunur. Ancaq təəssüflər olsun ki, günümüzdə bu sahə ilə bağlı mətbuatda ciddi problemlər mövcuddur. Bəzi ekspertlərin sözlərinə görə, ölkədə belə bir təhsil verən müəssisə olmadığından, qəzet dizaynerləri bu peşəyə fərdi hazırlaşırlar. Elə buna görə də bütün zamanlarda peşəkarlıq sual

altında qalır. Odur ki, bir çoxlarının sırf texniki iş kimi dəyərləndirdiyi dizaynerliyin yaradıcılıq meyarı da kölgələnir və mükəmməl məhsulun formalaşması mürəkkəbləşir. Ümumiyyətlə, dizayn mətbu orqanlar üçün nə qədər əhəmiyyətlidir, oxucular üçün xüsusi önəm kəsb edirmi, qəzetlər və saytlar arasında dizaynla bağlı fərq olmalıdırmı? Məsələyə münasibət bildirən ekspertlərin fikirləri birmənalı deyil. Dizayn məsələsini önəmli hesab edənlərlə yanaşı, bu sahənin ikinci-üçüncü dərəcədə olduğunu düşünənlər də az deyil. Problemlə bağlı "Şərq”in suallarını cavablandıran "Report.az” saytının baş redaktoru, tanınmış jurnalist Murad Əliyevin də sözügedən sahə ilə əlaqədar özünəməxsus fikirləri var.

- Dizayn mətbu orqanlar üçün nə qədər əhəmiyyətlidir? Oxucular üçün önəm kəsb edirmi?

- İstənilən mətbu orqanın dizaynı onun oxucu cəlb etməsində müstəsna rol oynayır. Bu da KİV-lərin sayının durmadan artdığı və sərbəst məlumat bazarının formalaşdığı müasir dövrdə əsas göstəricilərdən biridir. Yəni, müasir bazar iqtisadiyyatı dövründə hər hansı mətbu orqan həyatda qalmaq üçün yalnız məlumatlandırmalı deyil, həmçinin cəlb eləməlidir. Oxucu özü müəyyənləşdirir ki, bu və ya digər sahədə olan xəbərləri hansı resursdan oxuyacaq. Seçim zamanı isə oxucu tək məzmuna deyil, məlumatı göz oxşayan, rahat formada əldə etməyə də diqqət ayırır.

- Medianın dizayn tərtibatını vacib element hesab edənlərlə yanaşı, bunun o qədər əhəmiyyət kəsb etmədiyini düşünənlər də var. Bəs sizin fikriniz necədir?

- Dizayn istənilən KİV-lərdə təkcə vacib deyil, elə əsas elementdir. Mətbuatın tarixinə baxdıqda Qərb ölkələrində daha uğurlu dizayn yarışması, yeniliklərin tətbiqinin uzun tarixi var. Azərbaycanda isə bu məsələlər ötən əsrin sonlarına kimi arxa plana atılıb. Çünki Sovet İttifaqı dövründə qəzetlər arasında satış həcminin artırılması üçün rəqabət mövcud deyildi. Hər bir qəzetin öz oxucu auditoriyası, öz məlumat yayma istiqamətləri mövcud idi. Azərbaycan mətbuatı 90-cı illərin əvvəlindən oxucu cəlb etməyə diqqət ayırmağa başlayıb. 1998-ci ildə ölkə mətbuatında senzuranın ləğv edilməsi ilə bu proses daha sürətlə inkişaf etməyə başlayıb. Qəzet manşetlərinin, mətnlərinin, yerləşdirilən reklam yerlərinin dizaynı inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq təkmilləşdirilib. Son onillikdə isə internet veb-resursların inkişafı ilə artıq saytlar da bu məsələyə xüsusi diqqət ayırmağa başlayıb. Mən dəfələrlə oxuculardan niyə məhz bu və ya digər saytı oxuduqları ilə maraqlanmışam. Çox vaxt cavabları belə olub ki, "həmin saytda xəbər oxumaq daha rahatdır”. Sıravi oxucudan çox nadir halda eşitmişəm ki, hansısa saytın analitik materiallarını izləsin. Bu səbəbdən saytlar üçün dizayn məsələsi xüsusi diqqət ayırmağı tələb edir.

- Qəzetlər və saytlar arasında dizaynla bağlı müəyyən fərq olmalıdırmı?

- Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycanda xəbərləri qəzet və saytlardan əldə edən oxucular bir qədər fərqlənir. Qəzetləri daha çox yaşlı nəsil oxuduğu halda internet saytlarından xəbərləri əsasən gənclər əldə edir. Lakin ölkədə internetin geniş yayılması ilə bu tendensiya da aradan qalxmaq üzrədir. Yəni istənilən yaş dövründə olan şəxslər internet medianın oxucusuna çevrilə bilər. Bu şəraitdə qəzetlər rəqabətə tab gətirmək üçün dizayn məsələlərinə xüsusi yer ayırmalıdır. Xəbər saytlarının oxucu qazanması isə günü-gündən çətinləşir. Veb-saytların dizaynı həmin resursa ilk dəfə daxil olan oxucunun diqqətini cəlb edən birinci amildi. Tez-tez elə olur ki, oxucu saytı açaraq 1-2 xəbər oxuyandan sonra dərhal bağlayıb axtarışa davam edir. Çünki saytın tərtibatı onda neqativ təsir bağışlayır və o, vaxtını itirmək istəmir.

- Çoxları dizaynı yaradıcılıq işi hesab edirlər. Sizcə, bu sahədə xüsusi tədrisin olmasına ehtiyac varmı?

- Mən də hesab edirəm ki, dizayner işi daha çox yaradıcı bir işdir. Ona görə də xüsusi təhsil verən müəssisələrin olmasına ehtiyac var. Çünki təhsil müəssisəsində dizaynerlərə ümumi bilgilər verilə bilər, dünya üzrə tendensiyalar izah oluna bilər. Lakin əsas məsələ həmin dizaynerin öz üzərində işləməsidir. Yalnız tədris alaraq dizaynla məşğul olanlar və yaxud illərdir eyni mətbu orqanda eyni dizayn işləri görən şəxslər əlbəttə ki, bunu bir texniki iş kimi qəbul edəcək. Müasir dövrlə ayaqlaşan dizaynerlər isə dünyadakı təcrübələri öyrənməlidir. Hətta mən daha irəli gedərək demək istərdim ki, Azərbaycanda qəzet dizaynı ilə bağlı bir sosial araşdırma aparılmalıdır, oxucuların fikri öyrənilməlidir. Çünki qərb oxucusu ilə bizim oxucu arasında fərq var. Sayt dizaynerləri isə ümumilikdə bütün diqqətini dünyadakı proseslərə yönəltməlidir. Çünki qəzetdən fərqli olaraq saytların funksionallığı daha sürətlə təkmilləşdirilir. Şübhəsiz ki, hər bir mətbu orqanın əsas gəlir mənbəyi reklamdır. Reklam verən şirkətlər də daha çox oxucu cəlb etmək istəyindədir və öz reklamlarının necə təqdim olunduğuna xüsusi qiymət verirlər. Burada dizaynerlərin bacarığı ortaya çıxır. Müasir məlumat yayma vasitələri sırasında xəbər saytlarının geniş auditoriya cəlb etdiyini nəzərə alaraq, ora reklam yönəldənlərin xüsusi çəkisi artıqdır. İnternet reklamın formaları isə günü-gündən dəyişir, daha effektiv formada təşkil olunur. Bu səbəbdən hesab edirəm ki, Azərbaycan veb və qəzet dizaynerlərinə ölkədə təhsil verməkdən daha çox onları bu sahədə inkişaf etmiş ölkələrdə təlimlərə göndərmək lazımdır. Hətta sizə deyim ki, Rusiya, Ukrayna kimi ölkələrdə belə keçirilən forumlar, təlimlər bizim yerli dizaynerlər üçün olduqca önəmli olar.

"ArtPress.az” saytının baş redaktoru Səxavət Sahil də hesab edir ki, dizayn tekniki yox, yaradıcı işdir: "Ali təhsil müəssisələrində bu sahə üzrə ixtisas hazırlığı var. Dizayn sənəti təkcə qəzet və saytla məhdudlaşmır, memarlıq və şəhərsalma sahəsində də istifadə olunur. Bizim qəzet və saytların əksəriyyətinin dizaynı bərbad gündədir. Gözyoran, oxucunu "vuran” saytlar isə dayanmadan artmaqdadır.
Bizdə qəzet və saytların əksəriyyətinin dizayneri tekniki işçilərdir. Onlar bu işi yerinə yetirə-yetirə ala-yarımçıq "dizayner” olurlar və burda onlar öz təxəyüllərinə əsaslanırlar. Əslində qəzet və saytlarda dizayner ştatı olmalıdı. Onları texniki işçi siyahısında görmək və onların işini texniki işçilərə vermək düzgün deyil”.

"Yeniçağ.az” saytının baş redaktoru Aqil Ələsgər isə deyib ki, dizayn məsələsi bir az bizim dünya görüşümüzdən irəli gələn məsələdir. Məsələn, qərb mətbuatına diqqət yetirək: "The Guardian”a, "Los Angeles Times”ə və ya "Le Monde”yə baxın. Heç birində görsəl dizayn deyə bir şey yoxdur. Ancaq izləyiciləri milyonlarladır. Lakin şərq mətbuatı, xüsusilə türk və onun təsirində olan Azərbaycan mətbuatında dizayna çox önəm verilir. Bu, şərqli mədəniyyətidir. Necə ki, evimiz, geyimimizlə bağlı cah-cəlal, şan-şöhrətə üstünlük veririk, o cümlədən qəzet və saytda da dizaynın yaddaşlarda qalmasını istəyirik”.

Baş redaktorun sözlərinə görə, qəzetlərə nisbətdə sayt dizaynerliyi Azərbaycanda yenidir və informasiya texnologiyaları yeni-yeni öyrənildiyindən bir çox saytlarımız demək olar ki, bir-birinə bənzəyir: "Oxucu üçün əslində sadəlik və yazını tapmaq önəmlidir. Yəni, saytın dizaynının necə olmasındansa, ən yeni materialı necə tapması daha mühümdür. Mən hələ elə bir oxucu görməmişəm ki, çalışmayan, ancaq dizaynı mükəmməl olan sayta daxil olsun. O səbəbdən də qəzetdən fərqli olaraq, saytda dizayn nə qədər önəmli olsa da, ikinci dərəcəlidir”.

(davamı gələn sayda..)

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb