Yusif Rzayev: “Bizdə də yaxşı dizaynerlər var. Lakin onlar əsasən şirkət, yaxud brendlərlə işləyirlər. Heç vaxt gəlib belə az pula qəzetdə dizayn işini tətbiq etmirlər”
Qəzetlərin və saytların dizayn tərtibatı...
Daşdəmir Tağıyev: “Qəzet dizaynerləri ali təhsilli olsa, daha yaxşı olar. Çünki onların savadlılığı qəzetin keyfiyyət göstəricisinə birbaşa təsir edən amillərdəndir”
Yusif Rzayev: “Bizdə də yaxşı dizaynerlər var. Lakin onlar əsasən şirkət, yaxud brendlərlə işləyirlər. Heç vaxt gəlib belə az pula qəzetdə dizayn işini tətbiq etmirlər”
Yusif Rzayev: “Bizdə də yaxşı dizaynerlər var. Lakin onlar əsasən şirkət, yaxud brendlərlə işləyirlər. Heç vaxt gəlib belə az pula qəzetdə dizayn işini tətbiq etmirlər”
Xanlar Xoca: "Ümid edirik ki, gələcəkdə jurnalistika fakültəsində internet saytların dizayn tərtibatı ilə bağlı ayrıca fənn tədris olunar”
Elməddin Muradlı: "Qəzet dizaynı ilə yanaşı, internet saytlarının da dizaynına maraqla, diqqətlə yanaşmaq lazımdır”
(Əvvəli ötən sayımızda)
Texnoloji yeniliklərlə zəngin olan XXI əsr digər sahələrdə olduğu kimi kütləvi informasiya vasitələri sahəsində də öz sözünü deməkdə, diktəsini etməkdədir. Xoş qarşılansa da, qarşılanmasa da, dövrün və reallığın tələbi kimi media sistemində texnoloji yeniliklər tətbiq olunmaqdadır. Həm yazılı, həm də internet medianın tarixində özünəməxsus yeri olan və tez-tez dəyişikliyə məruz sahələrdən biri də mətbu orqanlardakı dizayn tərtibatı məsələsidir.
Dizayn KİV-lərin ərsəyə gəlməsində və formalaşmasında vacib elementlərdən hesab olunur. Ancaq təəssüflər olsun ki, günümüzdə bu sahə ilə bağlı mətbuatda ciddi problemlər mövcuddur. Bəzi ekspertlərin sözlərinə görə, ölkədə belə bir təhsil verən müəssisə olmadığından, qəzet
dizaynerləri bu peşəyə fərdi hazırlaşırlar. Elə buna görə də bütün zamanlarda peşəkarlıq sual altında qalır. Odur ki, bir çoxlarının sırf texniki iş kimi dəyərləndirdiyi dizaynerliyin yaradıcılıq meyarı da kölgələnir və mükəmməl məhsulun formalaşması mürəkkəbləşir. Ümumiyyətlə, dizayn mətbu orqanlar üçün nə qədər əhəmiyyətlidir, oxucular üçün xüsusi önəm kəsb edirmi, qəzetlər və saytlar arasında dizaynla bağlı fərq olmalıdırmı? Məsələyə münasibət bildirən ekspertlərin fikirləri birmənalı deyil. Dizayn məsələsini önəmli hesab edənlərlə yanaşı, bu sahənin ikinci-üçüncü dərəcədə olduğunu düşünənlər də az deyil.
"Azərbaycan” qəzetinin məsul katibinin müavini Daşdəmir Tağıyev hesab edir ki, qəzet dizaynerləri ali təhsilli olsa, daha yaxşı olar. Çünki onların savadlılığı qəzetin keyfiyyət göstəricisinə birbaşa təsir edən amillərdəndir: "Bir də görürsən, hansısa söz, yaxud ifadə yanlış gedib, əgər dizayner savadlı, dünyagörüşü genişdirsə, o bu səhvi özü aradan qaldıracaq, yaxud redaktora məlumat verəcək. Belə olmadıqda isə həmin səhvlər çapa gedir. Qəzet dizayneri olan şəxsin rəssamlıq qabiliyyəti, güclü fantaziyası da olmalıdır. Bunlarsız onun işləməyi qeyri-mümkündür. Çünki bu sənət yaradıcılığı sevir. Dizaynerin tərtib etdiyi qrafiklər, başlıq, yarımbaşlıqlar və s. hamısı xüsusi istedad tələb edir. Bu sənəti sevməsən, işləmək olmaz. Odur ki, dizaynerlikdə qalan kəslər əsasən peşəsinin vurğunu olanlardır. Bir də görürsən tamamilə yad sahənin adamı iş tapmadığından, yaxud tanışlıqla gəlib dizaynerliyi mənimsəyir. Amma işin incəliklərini duyduqca, sənətə bağlanırlar. Ancaq vaxtını keçirmək üçün gələnlər də olur, bilirsən ki, müvəqqətidir. Belə adamlarla işləmək zövqverici və məhsuldar olmur. Adicə bir səhifəni, yaxud xüsusi hissəni uğurla işlədikdə yanındakı yoldaşın səndən qabaq gülümsəyir. Bu isə onun işinə sevgisidir ki, çöhrəsində öz əksini tapır”.
Hazırda dizaynerlərin işinin bir xeyli yüngülləşdiyini deyən D.Tağıyev bu nailiyyətin müasir texnologiyalar vasitəsilə qazanıldığını bildirib. Onun sözlərinə görə, əvvəllər qəzetin tərtibi üçün çox əziyyət çəkilirdi: "1992-1993-cü illərədək vəziyyət tamam başqa idi. O vaxtlar "qaryaçi nabor”, yəni "isti yığım” adlanan üsulla qəzet yığılırdı. Bu, xeyli vaxt və əziyyət tələb edirdi. Hərçənd ki, ondan əvvəl basma üsulu da olub ki, onunla qəzet yığmaq çox ağır başa gəlib. Həmin üsula əsasən hər hərf bir-bir yığılırdı. Bu kimi çətinlikləri görmüş mətbuatın ən yaxşı halı indiki texnologiya əsridir. Deyim ki, kompüter üsulu ilə qəzetin yığılmasına ən son keçid edən qəzet elə məhz "Azərbaycan” olub. Kompüterlə iş qəzetin fəaliyyətini çox yüngülləşdirib. Bunun sayəsində bir gün ərzində azı 20 səhifəlik, böyük formatlı qəzet yığmaq olur. Bir sözlə, kompüterin varlığı operativliyi təmin edən ən vacib məqamlardandır. Onun daim inkişafı bizlərin xeyrinədir. Deyək ki, bu imkanlar vasitəsilə və hazır materiallar olduğu halda 2 saata 12 səhifəlik qəzet yığmaq olur. Təbii ki, materiallar işləri ləngitməsə.
Bunları öyrənmək və öyrətmək isə bizlərin işidir. Nəyə görə bu məqamı xüsusi vurğulayıram? Çünki hazırda yaxşı ustalar azdır. Kimlərsə fərdi surətdə kurs təşkil edirlər, bu da yaxşı təhsil tədris etmir. Müşahidəmdə rast gəlirəm ki, hansısa kursu bitirib gəlirlər qəzetə çalışmağa. İnandırım sizi, demək olar ki, heç nə öyrənməyiblər. Burada praktikada bişə-bişə, öz səyləri ilə peşənin sirlərinə yiyələnirlər. Yaxşı, savadlı birisi olanda ona lazımi proqramı mənimsəmək üçün cəmi 1 ay da bəs edir. Lakin savadsız birisi olduqda bu təlim 3-4 ay çəkir. Əvvəllər bunun məktəbi var idi. Əhmədlidə yerləşirdi, ancaq sonradan bağlandı. Yenidən pərakəndə halda həvəskarlar özləri öyrənirlər. Həmin tipli məktəblər olsa, gənclər nəzəriyyəyə yiyələnər və praktikada tətbiq etdikdə daha uğurlu nəticələr əldə edilər”.
Mütəxəssis deyib ki, əsas öyrətdikləri və tələb edilən proqram "QuarkXPress”-dir: "Bu proqramın müxtəlif növləri, versiyaları mövcuddur. Əsasən isə "QuarkXPress 2003-2007” istifadə olunur. 2003 versiyası köhnədir. 2007 isə qənaətbəxşdir. Bunun sonrakı illərə məxsus versiyaları da var ki, onlar daha da get-gedə təkmil şəkil alırlar. Tövsiyə edərdim ki, mütəmadi şəkildə bu yeniliklər öyrənilərək qəzetçilikdə tətbiq edilsin”.
"525-ci qəzet”in baş redaktorunun müavini Yusif Rzayevin sözlərinə görə isə bu sahənin belə axsaması birbaşa maliyyə ilə əlaqədardır. Belə ki, qəzetlərin dizaynerlərə yaxşı məbləğdə pul təklif etmək imkanı olmadığına görə, potensialı yüksək olan kəsləri işə cəlb edə bilmirlər: "Qəzetin özünün də imkanı yoxdur ki, ixtisaslaşmış kadr formalaşdırmaq üçün işçisini xaricə göndərsin. Yaxud hansı formadasa professionallardan dərs almasını təmin etsin. Şübhə yoxdur ki, bizdə də yaxşı dizaynerlər var. Lakin onlar əsasən şirkət, yaxud brendlərlə işləyirlər. Heç vaxt gəlib belə az pula qəzetdə dizayn işini tətbiq etmirlər”.
Y.Rzayevin fikrincə, hətta universitetdə fakültə açılsa belə, maliyyə azlığı gəncləri ora cəlb etməyəcək: "Dizayn işinin zəifliyinin səbəblərindən biri də reklam bazarının mətbuatda yaxşı olmamasıdır. Çünki hansısa şirkət qəzetdə reklam verən zaman dizaynerlərlə işləyir ki, bu da qeyd etdiyim kimi bizdə kasaddır. O vaxtlar, "Xalq cəbhəsi” qəzetində çalışan Qulu Ağsəs bir gün dizaynerlə oturub qəzeti işləyərkən dizayner deyir ki, bu axırıncı hissəni nə ilə doldurum bilmirəm, sən de. Q.Ağsəs də qayıdıb deyir ki, elan yaz ki, qəzetimizə dizayner tələb olunur. Həqiqətən belə vəziyyətlərlə tez-tez üzləşirik. Özümüz oturub əsasən birinci səhifəni işləyib sonra gedirik. Çünki dizaynerlərin işi qane etmir. Buna səbəb isə peşəkarlığın olmamasıdır”.
"Yenilik.Az” saytının baş redaktoru Xanlar Xoca bu gün dövlət tərəfindən mediaya dəstək məqsədilə vəsait ayrılsa da, qəzetlərin yüksək səviyyədə nəşri üçün böyük vəsait tələb olunur. Həmçinin, bunun üçün lazım olan yüksək texnologiya da Azərbaycanda yoxdur: "Məlum səbəblərdən əksər qəzetlərimizin dizaynı qənaətbəxş deyil. Bu da bu sahənin ölkəmizdə zəif inkişafı ilə bağlıdır. Qonşu Rusiya, Türkiyə və İranda qəzetlər, internet saytları dizayn baxımından bizdəkindən çox irəlidədir. Bunun səbəbi çox güman ki, bizdə peşəkarların olmamasına görədir. Sahə yeni olduğu üçün ümid edirik ki, gələcəkdə jurnalistika fakültəsində internet saytların dizayn tərtibatı ilə bağlı ayrıca fənn tədris olunar”.
"Üç nöqtə” qəzetinin redaktoru, tanınmış jurnalist Elməddin Muradlı isə məsələ ilə bağlı bunları söyləyib: "Əslində, mən deməzdim ki, dizayn problemi ilə bağlı təhsil-tədris yoxdur. Dizaynerlər yetişir, üstəlik, ali məktəblərin jurnalistika fakültələrində jurnalistikaya aid bütün elementlərlə yanaşı, dizayn sahəsi də tədris olunur. Amma baxır bunu necə tətbiq edirik. Bəli, doğrudan da, bu gün mətbuatın dizayn problemi var. Mən belə düşünürəm ki, biz standart dizayn formalarından kənara çıxa bilmirik. Bəlkə də, buna önəm vermirik. Lakin dizayn qəzetçilikdə çox mühüm bir elementdir. Dizayn qəzeti oxudur, diqqəti çəkir. Hər bir material oxucuya məhz dizaynla çatdırılır. İndi əksər qəzetlərin dizaynı kitab dizaynına oxşayır. Bəlkə də, qəzetlərə olan oxucu marağının azalması elə bununla bağlıdır. Qəzet dizaynı ilə yanaşı, internet saytlarının da dizaynına maraqla, diqqətlə yanaşmaq lazımdır. Bizdə hələ ki, bu sahədə də standart formalara üstünlük verilir. Bir-iki aparıcı saytı çıxmaq şərtilə, qalanları standart formadadır. Çünki fərqli və maraqlı dizayn çox pul aparır. Bizim isə pis xasiyyətimiz var ki, az pul xərcləyək, amma qəzet-sayt rəhbəri olaq”.
Ümumi açıqlamalardan məlum olur ki, medianın dizayn sahəsində ciddi problemlər mövcuddur. Bunun həlli aspektləri isə müxtəlif şəkildə izah edilir. Hər halda ümumi nəticəyə gəlmək olar ki, ekspertlər professional təhsili əvəzedilməz çarə kimi görürlər.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb