QHT rəhbərləri cəbhə xəttindəki rayonları gəzir

Onlar üç şəhidimizin dəfn mərasiminə də qatılıb



"Göygöl, Gəncə və Ağdam rayonundan sonra dünən Tərtərə yola düşdük. İcra hakimiyyəti, ictimaiyyət nümayəndələri və sıravi vətəndaşlarla görüşdük”. Bu sözləri "Şərq”ə 13 QHT rəhbəri ilə birgə cəbhə bölgəsinə səfər edən Qarabağ Qaziləri İctimai Birliyinin (QQİB) sədri, Qarabağ döyüşçüsü Etimad Əsədov deyib. Qazinin sözlərinə görə, rayonda camaatın əhval-ruhiyyəsi çox yüksəkdir: "Tərtərlilər bir addım belə geri çəkilməyib. Hamı savaşın davam etdirilməsini və torpaqlarımızın geri qaytarılmasını gözləyir. Bütün xalq buna hazırdır”.

Bundan başqa, E.Əsədov qeyd edib ki, Ağcabədiyə də baş çəkiblər: "Yas mərasimində iştirak etdik. İcra hakimiyyəti ilə görüşdük. Hazırda Füzuli rayonundayıq. Orada da 3 şəhidimizin dəfn mərasiminə qatıldıq. Şəhidimizi təntənəli şəkildə torpağa tapşırdıq. Bütün şəhidlərin valideynləri "vətən sağ olsun”, deyir. Bildirirlər ki, övladlarını vətənin müdafiəsi üçün dünyaya gətiriblər. Övladlarının şəhid olmasından qürur hissi keçirdiklərini ifadə edirlər. Şəhid olmuş əsgərlərimizin hərbiçi dostları da dəfndə iştirak edirdilər. Onlar da çox böyük ruh yüksəkliyi ilə qeyd edirdilər ki, öldü var, döndü yoxdu, vətənin bir qarış torpağını belə düşmən tapdağı altında qoymayacağıq. Çox böyük əhval-ruhiyyənin şahidi olduq. Hamı torpaqlarımızın alınmasını gözləyir. Hətta Bakıdan və digər rayonlardan cəbhə bölgəsinə gələn insanlar, döyüşçülər var. Döyüş gedən ərazilərə baş çəkirlər. Müharibədə iştirak etməyə hazır olduqlarını söyləyirlər”.

Təşkilat sədri Füzulidən Cəlilabad rayonuna yola düşəcəklərini bildirib: "Orada da Azərbaycan gənclərinin orduya yola salma mərasiminə qatılacağıq və sonra Bakıya qayıdacağıq”.

Füzuli rayonunda atışmaların davam etdiyini deyən qazi bildirib ki, yaxşı xəbərlər var: "Ancaq istəyirik ki, Müdafiə Nazirliyinin özü açıqlama versin. O daha doğru xəbər olardı. Yaxşı məlumatlar eşidəcəyik”.

E.Əsədov onu da əlavə edib ki, Azərbaycan xalqı ordumuza güvənir: "Göygöl, Gəncə, Ağdam, Ağcabədi, Beyləqan və Füzulidə ictimaiyyət nümayəndələri və sıravi vətəndaşlarla görüşdük. Bütün hamı orduya tam güvəndiyini deyir. İnsanlar görür ki, Ali Baş Komandan öz qəti mövqeyini ortaya qoyub. Azərbaycan öz torpaqlarını geri qaytaracaq. Buna hamıda bir əminlik var”.

Ayyət Əhməd