Qıfıl, açar, sap, qurd yağı...
İlahiyyatçı “Allaha sığının” deyir, astroloq isə cadunun insana təsirini istisna etmir
"Sevgililər dənizdən cadu çıxardılar...” Şübhəsiz, saytlarında yayılan bu xəbər ən çox oxunan, hazırkı istilahla desək, "rekord qıran” oldu. Cadu-pitiyə çox maraqlıyıq da, ondan. Xəbərdə bildirilirdi ki, Bakı bulvarında gəzən cütlük dənizdən üzərinə ip dolanmış portağal dartıb çıxarıb. Guya ki, ip uzun imiş, sevgililər də yəqin qarmaq atıb ipi dartıb çıxarıblar.
Və məlum olub ki, bu, cadu məqsədilə ipə dolandırılmış portağaldır. Guya, portağalın üzərinə iynələr, qıfıl da bərkidilibmiş, sevgililər onları da açıblar. İndi siz, bu xəbərə inandınızmı?! Bu cadulanmış portağal hansısa çimərlikdə, yaxud dənizin hasarlanmamış (əgər belə yer hələ də qalıbsa - red.) ərazisində tapılmış olsaydı, bəlkə bir az inandırıcı görünərdi. Bakı bulvarında dənizdə üzən ipli portağalı kim fərq edər də, üstəlik canfəşanlıq göstərib onu dartıb sahilə çıxarmaq üçün çaba da sərf edər?! Məsələnin bu yönü qalsın bir kənarda. Necə deyərlər, babalı o məlumatı yayanların boynuna. Keçək əsas mətləbə.
Həqiqətənmi bəziləri belə düşünür ki, portağala ip dolayıb hansısa tilsimli kəlmələri üfləyib dənizə atmaqla, kimisə xoşbəxt və ya bədbəxt etmək olar?
Təəssüf ki, 21-ci əsrdə bizdə belələri tapılır. Nə çoxdu mollaya, falçıya, ekstrasensə müraciət edib bəxt açdırmaq, daha da betəri - bəxt bağlatdırmaq istəyənlər. Bədbəxtlik bundadır ki, bəzi insanlar etdiklərinə inanır və hansısa xoş və ya bəd bir hadisə baş verdikdə də, bunu falçının yorumuna, yazılan duanın gücünə, bağlanıb dənizə atılmış qıfıla "bağlayırlar”. Bütün mənalarda bağlılıq belə bir xəstəlikdir.
Qurd yağı, ceyran dərisi, iynə-sap...
Yaxın tanışımızın ailəsində daim dava-dalaş olurdu, ərlə-arvad boşanmaq dərəcəsinə çatmışdılar və sonda boşandılar da. Anam danışardı ki, bu cütlüyü gənc yaşlarından tanıyırmış. O qədər mehriban, xoşbəxt ailə imişlər ki, çox adam onlara həsəd aparırmış. İllər sonra ailə münasibətləri çat verdikdə isə, qadın deyirmiş ki, evlərinin qapısına kimsə qurd yağı çəkib. Odu-budu, bu evdən dava-dalaş, söz-söhbət, qanqaraçılıq əksik olmayıb. Sonu da bəlli. Bu qurd yağı məsələsi yaddaşımızda yaman möhkəm yer eləmişdi. Görəsən, doğrudurmu, deyə düşünərdik. Hələ ceyran dərisinə dua yazdırmaq... Görəsən, dua yazmaq üçün bu qədər ceyranı hardan tapırlar ki, dərisini soyub üstünə dua yazsınlar. Şükür ki, sovetizm dağıldı, insanlar dinə-imana gəldilər və bəzi məsələlərin mahiyyətinə vardılar.
Problem bundadır ki, bəzi insanlar öz əməllərinə "Qurani-Kərim”i şahid gətirirlər. "Quranda bu yazılıb, o yazılıb” deyib sağlam fikri çaşdırırlar. Çoxu da "Qurani-Kərim”dəki "Fələq” və "Nəs” surələrini əsas gətirir; orda yazılıb ki, düyünlərə üfürən qadınların şərindən. Deməli, düyünlərə üfürənlər var! Axı düyünlərə üfürməklə məşğul olanların varlığını kim inkar edir?! Məsələ düyünlərə üfürənlərə inanıb-inanmamaqda və həyatı buna görə tənzimləmək istəyindədir. Bir
çoxumuz adı çəkilən surələrin ilk ayələrinə diqqət etmirik və bu səbəbdən də anlamırıq, səhvə yol veririk. Halbuki surələr bütün digərləri kimi Allahın adıyla başlayır və ayələrdə şər qüvvələrdən Allaha sığınmaq tövsiyə edilir. Hansı şər qüvvə Allahdan üstün ola bilər ki?! Bunun əksini düşünmək dindən çıxıb kafir olmaqdır.
"İnsana təsir edən qüvvələr var”
İlahiyyatçı Hacı Atif İsmayılov "Şərq”ə açıqlamasında bildirdi ki, "Qurani-Kərim”in "əl-Bəqərə” surəsində sehr, cadu barədə yazılıb. Həmin surədə qeyd olunur ki, Süleyman peyğəmbərin zamanında sehrlə, cadu ilə məşğul olanlar, bu vasitə ilə qadınla kişinin arasını vuranlar varmış. Lakin Allah-təala tərəfindən mələklər göndərilir, onlar sehri batil etməyin yollarını Süleyman peyğəmbərə öyrədirlər. Sehri batil etməyin üsulları Süleyman peyğəmbər tərəfindən yazıya alınır, lakin peyğəmbərin vəfatından sonra sehrlə məşğul olanlar yazılanları ələ keçirir və yenidən öz çirkin əməllərini davam etdirirlər. Yəni, müqəddəs kitabımız "Qurani-Kərim”də bu barədə yazılıb. Lakin bu, insanlar tərəfindən səhv anlaşılmamalıdır. Çünki Allah-təala Qadirdir. Onun rizası, hökmü olmadan bir yarpaq da tərpənməz. İnsanlar sehrdən də, cadudan qorunmaq üçün yalnız Allaha sığınmalıdırlar. Sehrlə, cadu ilə məşğul olanları Allah lənətləyir. Onların yeri, şübhəsiz, cəhənnəmdir. Sehrin, cadunun, duanın insan həyatına təsiri danılmazdır. Bu elmlə xüsusi məşğul olanlar var ki, onlar insan təbiətini öyrənir, yaradılışda iştirak edən 4 ünsürdən - torpaq, od, su və havadan hansının o insanın təbiətində aparıcı olduğunu müəyyənləşdirir və bununla da həmin insana təsir edirlər. Eləcə də qıfıl, açar, qurd yağı və sair bu kimi vasitələrin də insan həyatına təsiri ola bilir. Bir var ilahi yol, bir də şeytani yol. İlahi yol odur ki, insan şər qüvvələrdən Allaha sığınsın, müsbət enerji verən, xeyirli dualardan istifadə etsin. Məsələn, Ayətül-kürsü "Qurani-Kərim”in ən güclü ayələrindən biri, hətta birincisi hesab edilir. Çətinə, dara düşəndə, həmçinin bir işin xeyirli olmasını təmənnə etdikdə Ayətül-kürsü oxumaq böyük savabdır və o duanın kəraməti çox böyükdür. Bizim bəzi insanların səhvi bundadır ki, deyək ki, Ayətül-kürsü oxuyub istədiklərinin həmən həyata keçməsini gözləyirlər. Eləsi var, deyir, mənə cadu ediblər, Ayətul-kürsü oxuyuram, təsir etmir. Çünki duanın da şərtləri var. Dua edən nə dərəcədə səmimidir, həqiqətən inanaraqmı dua edir, duası xeyirli məqsəd daşıyırmı və s.
Dua Allahla bəndə arasında bir bağlantıdır. Ancaq bu o demək deyil ki, bizim hər istəyimiz mütləq şəkildə yerinə yetməlidir. Allahdan xeyirli olanı istəmək lazımdır və Allah-təala da hər zaman bəndəsinə yalnız xeyirli olanı verər. Yəni, mən dua etdim, istəyim həmən reallaşmalıdır, kimi bir məsələ yoxdur. Qaldı ki, bizim falçı və cadugərlərə, onların əksəriyyəti yalançıdır, ordan-burdan nəsə oxuyublar, insanları aldatmaqla məşğuldurlar. Sehr bir elmdir və hər kəs bu elmə sahib ola bilməz.
"Şər qüvvə şər adamları tapır”
Astroloq Firudin Qurbansoy da cadunun insana təsirinin istisna edilmədiyini dedi:
- İnsan təkcə bədəndən ibarət deyil, həm də ruhdan ibarətdir. İnsanın ruhu sağlam deyilsə, istənilən hər qüvvə ona təsir edə bilər. İmanı zəif insanlar cadunun, duanın təsirinə düşür. Şər qüvvələr də həmişə şər adamları tapır. Çünki dediyim kimi, imanı zəifdir. Elə adamlar var ki, bəli, insan üzərində - ruhla, bədənlə işləyə bilir və uzaqdan ona təsir edirlər. Nizaminin "İsgəndərnamə”sində belə bir hekayə var ki, İsgəndər Dərbənd qalasını mühasirəyə alır, lakin qalanı təslim edə bilmir. Bu zaman ona yaxınlıqda yaşayan bir qoca barədə danışırlar; otla qidalanır, ətrafdan təcrid olunmuş bir qocadır və s. Qocanı gətirirlər, o qalaya tərəf baxıb bir ah çəkir, qalanın bir bürcü yıxılır, sonra bir ah çəkir, digər bürcü uçur, beləcə İsgəndərin qoşunları qalaya daxil olur. Bəlkə də bunlar kiməsə rəvayət, uydurma görünə bilər, amma reallıqda həqiqətən belə hadisələr olur. Elə adamlar var, cadu etməklə məşğuldur, nəsə yazır, harasa aparıb qoyur... Bunların təsirinin hansı dərəcədə olmasını bilmək üçün gərək o mətnlər oxunsun. Biz bilmirik o mətnlər hansı dildə yazılır, kimə ünvanlanıb, nə məqsəd daşıyır. Məsələn, el arasında
"cadu-piti” ifadəsi işlənir. Deyirlər, filankəs cadu-pitiylə məşğuldur. Mən orta əsrlər ədəbi nümunələri ilə az-çox tanışam. Bilirəm ki, bu ifadə əslində "cadu-pitik”dir. Çünki pitik qədim sözlükdə yazı deməkdir. Cadunun insana təsirinə gəlincə, əgər insan Allaha inanırsa və şər qüvvədən Ona sığınırsa, şər qüvvə ona təsir edə bilməz. Bizim camaatın zəifliyi ondadır ki, cadu olunduğunu bilən kimi, ruhdan düşür və bununla da, bəlkə də heç mövcud olmayan bir şeyin əsarətinə düşürlər. Bu, onların ruh halını pozur və sonrakı bədbəxtliklərə də vəsilə olur. Füzuli yazır ki, "Hirz imiş eşqin sənin, saxlar bəlalərdən məni...” Burada təbii ki, hansısa Tükəzbanın, Fatmanisənin eşqindən söhbət getmir. Məsələ İlahi eşqdədir. Yəni, İlahi eşqi tanıyan, Allahı sevib, onun buyurduğuna itaət edən insan bəladan hifz olunar. Hirz sözü tilsim, dua anlamındadır. Yəni, Allah eşqi məni bəladan hifz edən duadır. Odur ki, şeytanın da, düyünlərə üfürən qadınların da şərindən Allaha sığınaq.
Məlahət Rzayeva