Moldovanın Rumıniyaya birləşmə ideyasının gündəmə gəlməsi təsadüfi deyil - ŞƏRH

Ortaq dil, din və tarixi bağlılıq bu prosesi illərdir siyasi müzakirə mövzusunda saxlayır

Moldovanın xarici işlər naziri Mixay Popşoy ölkəsinin Rumıniya ilə birləşməsi ideyasını dəstəklədiyini açıqlayıb.

Bu barədə "Vocea Basarabiei" radiosunun efirində danışan Popşoy Rumıniya vətəndaşı olduğunu xatırladaraq, belə bir təşəbbüs irəli sürülərsə, onun əleyhinə olmayacağını deyib. Nazirin sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərar Moldova vətəndaşlarının iradəsindən asılıdır.

Moldovanın Rumıniyaya birləşməsi məsələsi son zamanlar xüsusilə intensivləşib. Rəsmi Kişinyovun MDB-ni tərk etməsi qərarından sonra prosesin daha da sürətlənəcəyi gözlənilirdi. Üstəlik, bu istək tək tərəfli deyil. Məsələn, yanvarın 12-də Moldova Prezidenti Maia Sandu ölkəsinin Rumıniyaya qoşulmasını dəstəklədiyini bildirib. Rumıniya prezidentinin müşaviri Yevgeni Tomak isə bu barədə danışıqlara başlamağa hazır olduqlarını açıq şəkildə qeyd edib. Son olaraq isə Rumıniya Prezidenti Nicușor Dan bildirmişdi ki, əgər Moldova cəmiyyəti iki ölkənin birləşməsinə dəstək verərsə, Buxarest bu prosesi müzakirə etməyə və həyata keçirməyə hazırdır.

Mövzunu şərh edən siyasi ekspert Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, Moldova ilə Rumıniya arasında mümkün birləşmə ideyasının gündəmə gəlməsi təsadüfi deyil. Onun sözlərinə görə, ortaq dil, din və tarixi bağlılıq bu prosesi illərdir siyasi müzakirə mövzusunda saxlayır.

Ekspert bildirib ki, Moldovanın Avropaya inteqrasiya kursu artıq uzun müddətdir rəsmi Kişinyovun əsas strateji hədəflərindən biridir: “Moldova rəhbərliyi dəfələrlə Avropa Birliyinə inteqrasiya niyyətini açıq şəkildə bəyan edib və bu istiqamətdə addımlar atmağa çalışıb. Təbii ki, Kreml bu prosesləri öz geosiyasi maraqlarına təhdid kimi qəbul edir və ciddi narahatlıq keçirir”.

Elçin Xalidbəylinin fikrincə, Moldovadakı separatçı bölgələrin mövcudluğu da məhz Rusiyanın regiondakı təsir siyasətinin nəticəsidir:

“Moskva postsovet məkanında təsir imkanlarını qorumaq üçün separatizm faktorundan istifadə edir. Dnestryanı məsələsi də Moldovanın qərbyönlü siyasətinə qarşı təzyiq alətlərindən biridir”.

 Siyasi ekspert qeyd edib ki, son dövrlərdə Kişinyovun daha sərt və radikal siyasi qərarlara üstünlük verməsi diqqət çəkir. O, xüsusilə Moldovanın MDB-dən uzaqlaşma siyasətini ön plana çıxarıb: “Moldova artıq MDB məkanından uzaqlaşdığını və Avropaya inteqrasiya xəttini prioritet seçdiyini açıq şəkildə nümayiş etdirir. Kreml isə Moldovanın strateji istiqamətini çox yaxşı anlayır və buna uyğun reaksiyalar verir. Son vaxtlar Rumıniya ətrafında müşahidə olunan hərbi gərginlik və təhlükəsizlik riskləri də dolayısı ilə Moldovaya mesaj xarakteri daşıyır. Rusiya Rumıniya istiqamətində baş verən hadisələr fonunda Moldovaya göstərməyə çalışır ki, hətta NATO üzvü olan Rumıniya belə tam təhlükəsizlik təminatı əldə edə bilmirsə, o zaman Moldova əhalisini Rusiyaya qarşı necə qoruya bilər?”