Ona Türkiyədə “Qandi” deyirlərKılıçdaroğlu CHP tarixinin ən güclü seçki kampaniyasını aparır
İyunun 7-də baş tutacaq seçkilərdə sürprizlər olacaq
Türkiyə seçkilərində hakim AKP ilə daban-dabana mübarizə aparan partiyalardan biri də ana müxalifət hesab olunan Cümhuriyyət Xalq Partiyasıdır. Demək olar ki, əksər seçkilərdə CHP səs faizinə görə, ikinci yerin sahibi olur. Budəfəki parlament seçkisi öncəsi keçirilən sorğular da CHP-nin hakim partiyadan sonra ən çox səs toplayan təşkilat olduğunu göstərir. Seçim qabağı müxtəlif vədlər verən Kılıçdaroğlu da partiyasının çox səs toplayacağını deyir.

Hətta 26 faizdən az səs yığacağı təqdirdə kreslosunu buraxacağını söyləyir. Amma buna inanmayanlar, ümumiyyətlə, türk ictimaiyyətində Cümhuriyyət Xalq Partiyasının yürütdüyü siyasi xətti tənqid edənlər heç də az deyil. Narazılığını ifadə edənlərin əksəriyyəti CHP sədri Kamal Kılıçdaroğlunu zəif siyasətçi kimi dəyərləndirir və onun apardığı seçki təbliğatını bəyənmirlər. Onların fikrincə, Kılıçdaroğlu seçki marafonunda sərgilədiyi fəaliyyətə görə, digər siyasi opponentlərindən, xüsusən, Ərdoğan və Davudoğlundan olduqca geridə qalır. Məlumat üçün deyək ki, mətbuatın "Qandi Kamal” ləqəbi verdiyi Kamal Kılıçdaroğlu 2009-cu ildə İstanbul bələdiyyə başqanlığına namizədliyini verib və seçkidə 36 faiz səs toplayıb. Amma kiçik səs fərqi ilə hakim partiyanın namizədinə uduzub. 2010-cu ildə, partiya sədri Dəniz Baykalın istefasından sonra posta namizədliyini irəli sürüb və başqan seçilib. Onun namizədliyini 1200 qurultay nümayəndəsi dəstəkləyib ki, bu da CXP üçün rekord rəqəmdir.
"Kılıçdaroğlunun xüsusiyyətləri türk cəmiyyətinə uyğun gəlmir”
Siyasi qurumlar üçün liderlərin önəmindən danışan Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev deyib ki, Şərq ideologiyasından fərqli olaraq, Qərbin siyasi dünyasında güclü siyasətçi məfhumu yoxdur: "Bəzən deyirlər ki, Avropada lider çatışmır, amma əslində elə deyil, sadəcə olaraq Qərb ölkələri nüfuzlu liderlərə ehtiyac duymurlar. Türkiyə xalqı müsəlman-şərq dünyasına məxsus olduğuna görə, hər zaman güclü siyasi şəxsiyyətlərə meyl edir və onları yaradır. Məsələn, Prezident Ərdoğan türk xalqının istədiyi bir liderdir. O, şəxsi keyfiyyətlərindən, nitq qabiliyyətindən kifayət qədər istifadə edərək xalq arasında nüfuz qazana bilib. Ancaq CXP sədri Kamal Kılıçdaroğlu belə keyfiyyətlərə məxsus bir lider deyil. Bunu etiraf etmək lazımdır. Kılıçdaroğlu daha çox Avropa mühitinə uyğun gələn siyasətçidir. Elə rəhbərlik etdiyi qurumun özü də Qərb dəyərlərinə meyilli partiyadır, yəni hakim AKP qədər dinə yaxın təşkilat deyil. Bu nöqteyi-nəzərdən Kılıçdaroğlunun liderlik xüsusiyyətləri türk cəmiyyətinə çox da uyğun gəlmir”.

"Kılıçdaroğlu kifayət qədər demokratik adamdır, amma...”
Politoloq F.Mehdiyevin sözlərinə görə, CXP-nin keçmiş sədri Dəniz Baykal lider kimi Kılıçdaroğlundan daha güclü təsir bağışlayırdı: "Kılıçdaroğlunun şəxsi keyfiyyətlərində problem yoxdur. O, kifayət qədər demokrat bir insandır. Hətta güclü siyasətçi olan Dəniz Baykal haqqında bəzi dedi-qodular olduğu halda Kılıçdaroğlu barəsində heç bir söz-söhbət yoxdur. Yəni cəmiyyətdə onun imicinə mənfi təsir göstərə biləcək hər hansı bir iddia tapa bilməzsiniz. Sadəcə olaraq Kılıçdaroğlu natiq kimi AKP liderlərinə uduzur. Diqqət etsəniz görərsiniz ki, Davudoğlunun nitq qabiliyyəti keçmişdəki kimi deyil. Baş nazir indi daha yaxşı və fərqli tərzdə meydandakı seçiciləri ələ ala bilir. Bu baxımdan müqayisə aparsaq, Kılıçdaroğlu nəinki Ərdoğandan, hətta Davudoğlundan da zəif lider kimi qarşımıza çıxır”.
"CXP-nin az səs toplaması Kılıçdaroğlu ilə bağlı deyil”
Professor bildirib ki, Kılıçdaroğlunun zəif mövqe sərgiləməsi partiyanın çox səs toplamasına əngəl yarada bilər. Amma Kılıçdaroğlunun yerində daha güclü sədr olsaydı belə, CXP-nin səs faizi artmayacaqdı: "Ona görə ki, türk seçicilərinin çoxu sağcıdır, müəyyən dərəcədə dinə bağlıdır. Amma CXP bu dəyərləri özündə əks etdirmir. Hətta AKP-dən narazı olan insanlar belə CXP-yə səs vermirlər. Çünki hər iki partiyanın sosial dabanı fərqlidir. Düzdür, Baykaldan sonra CXP-nin səs faizi 3-4 faiz artıb. Amma bu artım Kılıçdaroğlu ilə bağlı deyil. Partiyanın səsi hakim partiyadan olan narazılığa görə artıb. AKP-nin uzun müddət iqtidarda qalması və yanlış islahatlar aparması hakim partiyaya səs verən seçicilərin CXP-yə, MHP-yə, hətta HDP-yə səs verməsinə səbəb olub”.
"CXP öz siyasi tarixində ən güclü seçki kampaniyasını aparır”
"Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri, politoloq Razi Nurullayev da deyib ki, təkcə CXP sədri yox, digər partiya rəhbərləri də çıxışlarında və kütləni ələ almaqda Ərdoğandan kifayət qədər geri qalırlar. Amma baş nazir Əhməd Davudoğlu ilə müqayisədə CXP lideri Kamal Kılıçdaroğlu daha güclü və məntiqli görünür: "Fikrimcə, Kılıçdaroğlu baş nazirdən daha pafoslu danışır. Əvvəlki seçkilərdə AKP ilə CXP arasında ideoloji mübarizə gedirdi. Amma bu il CXP ideoloji mübarizədən kənara çıxıb. Demək olar ki, daha çox iqtisadi məsələlər üzərində fokuslaşıb. CXP hakimiyyətə gələcəyi təqdirdə dəyəri 200 milyard dollara yaxın olan yeni iqtisadi şəhərin salınmasını planlaşdırır. Kılıçdaroğlu 4-5 milyon iş yeri açılacağını vəd edir. Artıq bu genişmiqyaslı proyekt hakim partiyanı ciddi şəkildə narahat etməyə başlayıb. Hətta baş nazir Davudoğlu iddia edib ki, o, hələ 2000-ci ildə, "Strateji dərinlik” kitabında sözügedən layihədən söz açıb. Hesab edirəm ki, hazırda CXP iqtisadi sahədə AKP-ni üstələyib. Fikrimcə, iyunun 7-də baş tutacaq seçkilərdə sürprizlər olacaq. Çünki CXP öz siyasi tarixində ən güclü seçki kampaniyasını aparır. Fikir verirsinizsə, AKP bütün gücü ilə çalışır ki, CXP-ni keçmiş ideoloji mübarizəyə qaytarsın, amma buna nail ola bilmir”.

Kılıçdaroğlu uğursuz tənqid siyasətindən əl çəkib
R.Nurullayevə görə, Kılıçdaroğlu Dəniz Baykaldan güclü siyasətçi deyil. Əslində Baykalı da güclü lider hesab etmək olmaz. Amma Kılıçdaroğlunun parlament seçkilərində sürprizlər edəcəyi istisna edilmir: "CXP sədri öz potensialını ortaya qoyur. O artıq anlayır ki, siyasəti ancaq tənqid üzərində qurmaq olmaz. Seçicilər tənqid yox, konkret layihələr, proqramlar görmək istəyirlər. İndi Kılıçdaroğlu ciddi proqramlar ortaya qoyub. Amma hesab edirəm ki, bu proqramlar CXP-nin daxili işi deyil. Çox güman ki, xaricdən cəlb olunmuş imicmeykerlər Kılıçdaroğlunun proqramları üzərində işləyirlər. Hətta eşitdiyimə görə, Kılıçdaroğlu Barak Obamanın seçkisini təşkil etmiş komanda ilə işləyir”.
İsmayıl