Qırmızı xətti keçiblər
“Qanuni oğru”ların əl-qolunun bağlanması silsilə xarakter alır
Kriminal avtoritetlərin həbsi intensivləşib. Demək olar hər gün hansısa "qanuni oğru”nun tutulması barədə xəbərlər yayılır. Kriminal avtoritetlərin həbsə atılması təkcə Azərbaycanda deyil, Rusiyada da artır. Bir müddət əvvəl Bakıda "Dəli Samir” ləqəbli Samir Aslanov saxlanılmışdı. Onun "Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifova yaxın olduğu bildirilirdi.
Bu hadisədən bir neçə gün sonra Abşeron rayonunda "Seyid” ləqəbli "qanuni oğru” Mirsədir Bədirov saxlanıldı. Rusiya hüquq-mühafizə orqanları da son zamanlar "oğru dünyası”na basqıya keçib. Rüfət Gəncinski (Ülfət Tağıyev), Aqas Yerevanski, Tamazu Qoqaladze... Siyahı kifayət qədər uzun və rəngarəngdir. Görünən budur ki, istər Azərbaycan, istərsə də Rusiya hüquq-mühafizə orqanları qırmızı xətti keçən, qanundan kənar çıxanların əl-qolunu elə qanunun əliylə bağlamaqda israrlıdırlar. Həm də heç bir milli, irqi ayrı-seçkilik qoymadan. "Cinayətkarın milliyyəti olmaz” prinsipi!..
Bəs, hüquq-mühafizə orqanlarını sərt addımlar atmağa vadar edən nədir?
Əslinə baxsaq, bu şəxslər bəlkə də uzun illərdir "oğru qanunları” ilə yaşayır. Onların məhz indi, biri-birinin ardınca həbsxanaya yollanmasının məğzində nə dayanır görəsən?
Hadisələri şərh edən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Altay "Şərq”ə açıqlamasında keçirilən tədbirlərin ictimai asayişin qorunmasına xidmət etdiyini bildirdi:
- Azərbaycan hüquq-mühafizə orqanları qanun pozucularına, cinayətkarlara qarşı lazımi qaydada sərtdirlər və ictimai asayişi də kifayət qədər nəzarətdə saxlayır, qoruyurlar. Amma Rusiyada kriminal avtoritetlər daha çox şaxələniblər. Gürcüstanın da "qanuni oğru”ları Rusiyaya axışır.
Görünür, kriminal avtoritetlərin təsir dairələrinin genişlənməsi Rusiya hüquq-mühafizə orqanlarını sərt tədbirlərə vadar edir. Heç bir dövlət istəməz ki, ölkəsində "qanuni oğru”lar at oynatsın. Çünki belə vəziyyət getdikcə möhkəmlənib, dövləti təhdid edə bilər. Ona görə də müəyyən məqamda onların "ipini çəkirlər”. Azərbaycan hüquq-mühafizə orqanları da çox güclüdür, hətta deyərdim ki, çox ayıq-sayıqdırlar. "Kriminal avtoritet”, "qanuni oğru” adı altında fəaliyyət göstərməyə çalışanları vaxtında zərərsizləşdirirlər. Görürsünüz ki, azərbaycanlı "qanuni oğru”lar ya Rusiyada, ya Türkiyədə, ya da ərəb ölkələrində yaşayırlar. O ölkələrdə biznes qururlar. Çünki Azərbaycan hüquq-mühafizə orqanları ictimai təhlükə daşıyan şəxslərə münasibətdə kifayət qədər sərt davranır. Və düz də edir. Belə olmasa, bu insanlar təşkilatlanar, pozucu fəaliyyətlərini genişləndirə bilər. Bunu önləmək üçün vaxtında tədbir görülməlidir.
Penitensiar Xidmətin sabiq rəisi, Məhbuslara Yardım Fondunun sədri Məmməd Zeynalov isə son illər "qanuni oğrular”ın Rusiyada da fəaliyyətinin çətinləşdiyini xatırlatdı:
- Xatırlayırsınızsa, xüsusən Dmitri Medvedyev Rusiya prezidenti olduğu illərdə "qanuni oğrular” sıxışdırılmağa, həbs edilməyə başladı. Bəllidir ki, Medvedyev hüquqi prezident olsa da, hakimiyyət bilavasitə Vladimir Putinə mənsub idi və Putinin də "oğru türmədə olmalıdır” frazası məşhurdur. Putinin sözü bu idi ki: "Vor doljen sidet v tyurme”. Bu gün də həmin siyasət davam edir. Yəni, Rusiyada imkanlar getdikcə daraldıqca, "qanuni oğrular” özlərinə başqa məkan seçmək məcburiyyətində qalırlar və Türkiyə, ərəb ölkələrini seçirlər. Çünki həmin ölkələrdə bizneslərini qura bilərlər. Məsələn, Türkiyədə kiməsə, "sən oğrusan, səni tuturuq” deyib həbs etməzlər. Belə bir ənənə Türkiyədə yoxdur. Türkiyədə bir hind filmində deyildiyi kimi, "oğru oğurluq edən zaman oğrudur” prinsipi hakimdir.
M.Zeynalov həyata keçirilən tədbirlərin müsbət olduğunu dedi:
- Keçirilən əməliyyatlar cinayət əməli ilə məşğul olan şəxslərin həbsinə yönəlib. Bunları qabaqlayıcı, super-profilaktik tədbir sayıram. Cinayətkarın yeri həbsxanadır. Həm də hesab edirəm ki, bu cür əməliyyatlar qanunsuz əməllərlə məşğul olmaq fikrinə düşənlərə bir siqnaldır. Bu saat Azərbaycan ictimaiyyəti üçün təhlükə törədə biləcək elə insanlar yoxdur. Elə bir güclü, nüfuzlu şəxs yoxdur ki, kimlərisə ətrafına toplasın, təsir imkanlarına malik olsun. Hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Nadir Səlifov da heç Azərbaycanda o qədər də tanınmır. Onu daha çox Rusiya və Gürcüstanda tanıyır və qəbul edirlər. Görürsünüz ki, bəzi başqa "kriminal avtoritetlər” də ölkə xaricindədir. Bəzən onların ölkəyə gəlməsi xəbərləri yayılır, amma mən bu xəbərlərə çox da inanmıram. Çünki Azərbaycanda "kriminal avtoritet”lərin fəaliyyəti mümkün deyil. Daxili İşlər Nazirliyi də, Milli Təhlükəsizlik Nazirliyi də ölkədəki kriminal durumu nəzarətdə saxlayır. Bəzən cinayətkarların gec yaxalanmasına səbəb olur.
Hüquq-mühafizə orqanları onları izləyir, nəzarətdən kənar qoymur, sadəcə, vaxt verir ki, özlərini ifşa etsinlər. Sonra da onları həbs edir. Təhlükəli şəxslər həmişə, hər bir cəmiyyətdə olub və var. Amma mən deyərdim ki, bizim hüquq-mühafizə orqanları cinayətkarları yaxalamaqdan çəkinmir, faktlar, dəlillər ortada olduğu halda bir əməliyyat keçirməklə belə adamları zərərsizləşdirirlər. Bu insanların ölkə daxilində əl-qol açmasına imkan verilmir.
Məlahət Rzayeva