Qıtlıq yaranacaq, siqaretin qiyməti yenə bahalaşacaq

Hələ Azərbaycanda kart vasitəsilə nağdsız alış-veriş etmək mədəniyyəti formalaşmayıb



Tütün məmulatlarının nağdsız qaydada satışı bərpa olunub. İki gün bundan əvvəldən başlayaraq ölkə ərazisində pərakəndə satış istisna olunmaqla, tütün məmulatlarının nağd pulla satışına qadağa qoyulub. Nəticədə isə mağazalarda siqaret qıtlığı yaranıb. İnsanlar siqareti piştaxtalardan və gizli satış məntəqələrindən almaq məcburiyyətində qalıblar.

Spirtli içkilərin və tütün məhsullarının nağd yolla deyil, plastik kartla satışını müsbət qiymətləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, kartla ödənişin bərpasını alkoqollu içkilər və siqaretlərdən istifadənin məhdudlaşdırılmasına yönəlik bir addım kimi də qiymətləndirmək olar: "Dövlətin strateji məqsədlərindən biri də alış-veriş zamanı əhalinin plastik kartlara keçməsi və nağd ödənişlərdən imtinadır. Mən ta əvvəldən siqaretin nağdsız ödənişlə satışının lehinə olmuşam. Amma bu addımlar kafi deyil”.

E.Hüseynovun sözlərinə görə, spirtli içkilərin və siqaretin yalnız topdansatış yox, pərakəndə satışı zamanı da nağdsız ödəniş həyata keçirilməlidir: "Bu, ona görə zəruridir ki, Azərbaycan Tütün Əleyhinə Dünya Səhiyyə Təşkilatının Tütün Əleyhinə Çərçivə Konvensiyasına qoşulub. "Tütün və tütün məmulatı haqqında” qanun qəbul olunub. Həmin qanunun tələblərində çoxsaylı məhdudiyyətlər var. Buna baxmayaraq uzun müddətdir ki, ölkədə siqaretin tək-tək satışı həyata keçirilir. Təhsil, tibb müəssisələri yaxınlığında satışı həyata keçirilir. Kim gəldi, ona siqaret satılır. Azərbaycan dünyanın az ölkələrindən biridir ki, supermarketlərə girəndə ilk olaraq müştərini siqaret stendi, reklamı qarşılayır. Azad İstehlakçılar Birliyi İqtisadiyyat Nazirliyi ilə iş aparır ki, bunu məhdudlaşdıraq. Ən azından Rusiyadakı kimi vəziyyətə gətirək. Rusiyada siqaret stendlərinin üstü örtülü olur. Həmçinin Rusiyada siqaret saatla satılır. Bizdə də bunu tətbiq etmək olar ki, hansı saatdan sonra siqaret satmaq olar, hansı saatdan sonra satmaq olmaz. Azad İstehlakçılar Birliyi Azərbaycanda da buna nail olmaq istəyir. Səhiyyə Nazirliyi də bu işdə bizə dəstək verir. Bu tədbirlər həyata keçirilərsə, qəzet köşklərində siqaretlərin kütləvi şəkildə satışının qarşısı alına bilər. Yeniyetmələrin siqaretə əlçatanlığı məhdudlaşdırıla bilər”.

AİB sədri deyib ki, kart sisteminin özünü doğruldacağı təqdirdə, bu, kartı olmayan istehlakçılar üçün siqaret və spirtli içki alışında müəyyən problem yaratsa da, kartı olanlara pul verməklə bu problemi özləri həll edəcəklər: "Azərbaycan istehlakçıları Avropa istehlakçıları deyil ki, kiməsə kartına görə nağd pul verəsən, o da ondan imtina etsin. Kartı olmayan alıcılar kartı olanlara pul verməklə istədikləri siqareti və spirtli içkini alacaq. Ancaq bu, zəruri bir tədbirdir. Lakin düşünürəm ki, Nərimanov rayonu ərazisində, vağzal ərazisində əksər hallarda aksiz markası olmayan qaçaqmal siqaretlərin qarşısını hökumət ala bilməyəcək. Çünki bunun çox böyük himayəçisi var”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə deyib ki, hələ Azərbaycanda kart vasitəsilə nağdsız alış-veriş etmək mədəniyyəti formalaşmayıb: "Bir müddət bundan öncə, spirtli içkilərlə də bağlı analoji qərar qəbul edilmişdi. Amma bir neçə gündən sonra ləğv edildi. Bu qərar qəbul və ya ləğv olunarkən, hökumət üzvlərindən heç kim bunun məntiqini izah etmədi. Qərar niyə qəbul edilir və niyə ləğv olunur? Həmin səhv yenidən təkrarlanır. Heç bir izahat olmadan bir günün içində qərar verilir. Bu qərarın bünövrəsinin hazırlığı yoxlanılmadan, mağazalar və iş adamları ilə məsləhət olmadan qərar qəbul olunur. Nəticədə siqaret qıtlığı yaranır və qiymət artır”.

Bu qərardan sonra siqaret qıtlığı yaranacağı və bunun nəticəsində qiymətlərin qalxacağı proqnozunu verən iqtisadçının sözlərinə görə, bu hadisənin öncədən baş verəcəyini görmək çox asan bir məsələ idi. Çox güman ki, bir müddət sonra bu qərar yenidən dəyişəcək. Çünki mağazaların bu şəkildə fəaliyyət göstərmək üçün şəraiti yoxdur: "Əslində ölkə iqtisadiyyatında şəffaflıq olsa, bu problem də meydana çıxmazdı. Çünki dünyanın hər yerində qəzetdən tutmuş avtomobilə qədər hər şeyi kartla almaq mümkündür. Azərbaycanda isə hələ kart vasitəsilə nağdsız alış-veriş etmək mədəniyyəti formalaşmayıb. Bunun əsas səbəblərindən biri ölkədə şəffaf iqtisadiyyat modelinin olmamasıdır. Bu problemlərin kökü, səbəbləri həll olmadan nəticə ilə mübarizə aparmağa və dövriyyənin artırılmasına çalışırlar. Bu səbəblər həll olunmadan indiki vəziyyətin düzəlməsi və bir irəliləyişə nail olunması təəssüf ki, mümkün görünmür. Qeyd etdiyim kimi, bu qərara da bir müddət sonra baxıla bilər”.

Şəymən