Qız qızıldır?!

Bəs, biz - müasir azərbaycanlılara nə gəldi ki, qızlardan bunca nifrət edəsi olduq“Bəzisinin oğul sevdası, qız uşaqlarına xor baxması heç bir zəminə dayanmır. Nə milli adət-ənənəyə, nə tarixə, nə də dinə”
Qız uşaqlarına antipatiyanın səbəbi nədir, anlamaq zordur. "Mentalitet, mentalitet” deyirlər, heç doğru deyil. Azərbaycan xalqının mentalitetində - kökdən, soydan gələn adət-ənənələrində qız xeylağlarına qarşı heç vaxt dözümsüzlük olmayıb. Qızla oğlana, ikincinin xeyrinə fərq qoyulmayıb. Qız övladla oğlan övlad eyni tutulub.
"Kitabi-Dədə Qorqud” deyilmi ilk yazılı abidəmiz? 12 boyun hansı birində qız övladının oğlandan əskik olduğuna dair kiçicik bir eyham, vurğu var?! Heç birində. Tam əksi. Qız övladının dünyaya gəlməsi əsl bayram kimi qeyd edilir. Qızlar oğlanların - qadınlar kişilərin arxa, dayağı, Bamsı Beyrək diliylə desək; elə bir qız istəyirəm ki, mən yerimdən qalxmamış o qalxmış olsun, mən kəhər atı minməmiş o minmiş olsun, mən yağı (düşmən) üzərinə atılmamış o atılmış olsun... Atası Bəybörə isə "ay oğul, sən xanım yox, özünə qardaş istəyirsən” deyir və dərin fikrə qərq olur ki, görəsən belə qızı hardan tapacaq oğlu.
Qızı doğulan Bəybecanə Bayandır xan "qızılı çadıra” göndərmirmi?!
Türk üçün qız oğlan, fərq etməz. Oğlanın öz qiyməti, qızın öz dəyəri var və hər ikisi də ləl-cəvahirat dəyərindədi. Qədim türk eposlarından bilirik ki, türkün xatunu ov edib alaçığa gətirərmiş, heyvanı soyub, bişirib ərini səsləyərmiş ki, nahar hazırdı. Yəni, biz - müasir azərbaycanlılara nə gəldi ki, qızlardan bunca nifrət edəsi olduq və başlarını ana bətnindəcə kəsəcək hala gəldik?!
Qızlarımız azalır
Bu mövzuya bir daha və yenidən qayıtmağımız bu günlərdə açıqlanan statistik rəqəmlər oldu. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə yeni doğulmuş körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hər 100 doğulan qız uşağına 114 oğlan uşağı düşüb. Halbuki bioloji norma 105-107 təşkil edir. Deməli, oğlan normasını aşmışıq. Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturuna da təsir göstərib və hər 1000 kişiyə 1004 qadın düşüb (yəni, cəmi 4 "artıq” qadınımız var - red). Son illərdə qız uşaqlarının oğlan uşaqlarına nisbətdə sayının azalmasının getdikcə demoqrafik problemə çevriləcəyi uzun müddətdir müzakirə olunur, çıxış yolları axtarılır, amma tapılmır. Gah əvvəlcədən körpənin ana bətnində cinsinin öyrənilməsinin, USM aparatlarında çalışanlara belə müayinə aparılmasının qadağan edilməsi təklif olunur. Belə hesab edilir ki, qız uşaqlarının sayının azalmasının əsas səbəblərindən biri məhz selektiv abortlardır. Bir başqaları isə deyir ki, bu, hüquq pozuntusudur, ailə oğlan və ya qız övladının olacağını bilmək haqqına malikdir. Bəzən dölün səqtinin (abort) qadağan edilməsi tələb olunur. Bunun da düzgün variant olmadığına dair bir sıra arqumentlər gətirilir ki, döl inkişafdan qalar, qeyri-sağlam ola bilər, bu halda necə tələf edilməsin. Bütün hallarda demoqrafik vəziyyətin pozulması yaxşı heç nə vəd etmir. Oğlanların çoxalıb qızların azalması da pisdir, əksi də. Dünyanın mizan-tərəzisi - təbii qanunauyğunluqları var. Həyat bu uyğunluqlar içində davam etməlidir.
Qız qızıla dönüb yox xəbəri oğlanların
Məşhur filmdəki kimi "Bəlkə keçək, atalar sözünə?”. Qız qızıl alma, qızı gözdən salma. Qız qızıla dönüb yox xəbəri oğlanların. Qırağına bax bezini al, anasına bax qızını. Qızı verərsən, oğul qazanarsan... Bu məsəlləri ona görə təkrarladıq ki, adət-ənənələrimizdə qız uşaqlarına necə yüksək dəyər verildiyi bir daha təsdiqlənsin. Şairlərimiz də hər zaman daha çox qız adlarına şeir yazıb, bəstəkarlar da mahnı bəstələyib. "Arzu qızım”, "Leylam”, Günay, Xədicə, Zibeydə, Xalidə, Əsmər... nə qədər qız adlarına mahnılarımız var. Yadımıza düşənləri yazdıq. Oğlan adlarınasa tək-tük mahnılar bəstələnib. Qızlar həmişə əzizlənib, sevilib, xüsusi nəvazişlə yanaşılıb. Cəmiyyətin qızlara qarşı əks cəbhə almasının tarixini də bilmək olmur. Sadəcə, bir də gözümüzü açıb gördük ki, ata-analar qatilə çevrilməkdədi. Qız uşaqlarından imtina edib, oğlan uşağı sevdasına düşüblər. Birinci qıza yenə birtəhər dözürlər. Vay o gündən ki, ikinci uşaq da qız olsun, üçüncü qız "gələndə” isə artıq dəhşət başlayır. Ailələr bunu əsl faciə kimi qəbul edir. Sanki dünyanın sonudur, məhşərdir. Məhşər demişkən, özünü müsəlman hesab edənlərin islam dinindən də xəbərləri yoxdur. Bilmirlər ki, Uca Rəbbimiz qız uşaqlarını tələf edənlərin cəhənnəmlik olduğunu və bağışlanmayacağını buyurur. Və belə buyurur: onların da (qız uşaqlarının), sizin də ruzinizi Biz veririk. İki övladdan artıq uşaq istəməyənlər, "bir oğlan bir qız, bəsimizdi”, deyənlər və iki övladdan sonra ancaq abortlara üstünlük verənlər qəsd edilir bu ayədə. Daha hansı tərəfdən yanaşaq? Dinimiz qadağan edir, adət-ənənəmizdə yox. Amma yenə də qız övladı arzuolunmaz şəxs kimi az qala "persona-non qrata” elan olunur. "Əhməd hardadır” filmini xatırlayırsınızmı? Əhmədin ata-anası hələ doğulmamış nəvənin mübahisəsini edir. Ana nəvənin qız olmasını istəyir, ata isə oğul. Bayatı deyib əzizləyirlər, doğulmamış körpəni. Filmlərimizdə, tamaşalarda o qədər belə səhnələr var ki. Hamısında mübahisə gedir. Bəlkə ssenarist və rejissorlarımız fərqli, ata-ananın eyni fikirdə olduğunu, biri-birinə güzəştə getdiyi səhnələr çəksəydilər, insanlarımız da müsbət nümunə götürərdi. Filmlərə, tamaşalara baxmağı çox sevirik axı.
Qızların taleyindən narahatlıq
Sosioloq Ə.Qəşəmoğlu isə qız uşaqlarının "arzuolunmaz” elan edilməsinin özəl səbəbləri olduğu fikrindədir. "Şərq”ə açıqlamasında sosioloq problemi belə izah etdi:
- Mən bu məsələ ilə bağlı sosioloji sorğu da keçirmişəm. Birinci ən böyük səbəb budur ki, Azərbaycanda nəslin davamçısı olaraq oğlan kultu daha yüksəkdir. Belə bir yanaşma var ki, oğlan uşağı gələcəkdə ailəyə dəstək olacaq, maddi baxımdan kömək edəcək. Yəni, oğlan uşağına evə pul gətirən kimi baxırlar. Eşitmisiniz, həmişə deyirlər ki, qabağında dağ kimi oğlu var. Amma heç kim demir, nər kimi qızı var. Baxmayaraq ki, qız övladları bəzən və hətta bir çox hallarda oğlan övladından daha xeyirli olur. Qızlar işləyirlər, qazanclarını gətirib ata-anaya verirlər. Evə kömək olurlar. Amma oğlan uşaqları əksinə, pul xərcləyən olur, bəzən işləmir, ata-ananın, hətta bacının qazancına dolanırlar. Bununla belə, yenə də oğula ailədə üstünlük verilir. Baxmayaraq ki, qız övladları ata-anaya daha çox bağlı olur. Ümumiyyətlə, qız övladlarında ailəyə bağlılıq çox möhkəmdir. Oğlan uşağı evlənir, ailə ilə bağları zəifləyir. Amma qız uşaqları ilə bağlı fərqlidir. Qız ailə qursa da, ürəyi ata-ananın yanında qalır. Sosiologiyada sərbəstlik dərəcəsi anlayışı var. Məsələn, qız uşaqları oğlanlara nisbətən daha az sərbəstdirlər. Ailəyə bağlılıq qızlarda azalmır. Keçmişdə vəziyyət başqa idi. Ata-ana qocalanda oğul onlara baxırdı. Buna görə hamı istəyirdi ki, oğlu olsun ki, qocalanda ona kömək olsun. Amma artıq bu dəyərlər də itib, ata-ana qocalır, oğul heç bilmir valideyn hardadır, necə yaşayır.
Qız uşaqlarının "arzuolunmaz”lığının səbəbi valideynin qız övladının taleyindən narahatlığıdır. Qızı evləndirirlər, köçürürlər, amma ata-ananın bir əli yenə də qızın üstündə olur. Bu baxımdan, qız evlənib ailə qursa da, valideyn yükünün azalmadığını düşünür. Bu hiss təbiidir. Övladın, oğul və ya qız olması valideynin narahatlığını azaltmır. Oğul üçün necə narahatdırlarsa, qız üçün də eyni narahatlığı keçirirlər.
Ə.Qəşəmoğlu islam dinində oğlun da, qızın da nəslin davamçısı kimi qəbul edildiyini dedi və peyğəmbərimizi misal çəkdi:
- Müsəlman aləmi bilir ki, "Qurani-Kərim”də "Kövsər” surəsi birbaşa Məhəmməd peyğəmbərə oğlu olmadığı üçün rişxənd edən nadanlara qarşı nazil olub. Peyğəmbərə xitabla Allah-təala buyurur: "Səni sonsuz, nəsli kəsilmiş hesab edənin özü sonsuzdur. Səninsə nəslin qiyamətədək artıb davam edəcək”. Məlumdur ki, həzrəti peyğəmbərin nəsli məhz qızı Fatimeyi-Zəhra ilə davam edir. Bizim vətəndaşlar "Qurani-Kərim”dən də örnək almır. Nə dinə baxırlar, nə imana. Azərbaycanlıların bəzisinin oğul sevdası, qız uşaqlarına xor baxması heç bir zəminə dayanmır. Nə milli adət-ənənəyə, nə tarixə, nə də dinə. Bu, sadəcə, bir qisim özündən müştəbeh insanın kor-koranə fərziyyələridir.
Məlahət Rzayeva