Qız uşaqları bətndəcə məhv edilir

Abortların qadağan edilməsi qiymətlərin bahalaşmasından başqa bir işə yaramayacaq
Millət vəkillərinin son ümidi isə jurnalistlərə qalıb


Abort edən həkimləri ifşa etmək, ictimai qınağa cəlb etmək lazımdır


Toylarda, nişanlarda "Yeddi oğul istərəm, bircə dənə qız gəlin” deyə-deyə qız uşaqlarının axırına çıxırıq. İllər biri-birini əvəzlədikcə, həyatımızda, yaşamımızda çox şeylər dəyişir. Bir çox adət-ənənələrimiz unudulur, qərbə inteqrasiya fonunda yeni vərdişlər qazanırıq. Gəl gör ki, bu cəmiyyətin qız övladı ilə "ulduzları heç barışmır”. Əvvəllər ölkəmizdə tibbin imkanları məhdud olduğundan valideynlər "Neyləyək, Allah payıdır” deyib, qız uşaqlarını da dünyaya gətirirdilər. Amma indi dövri-zəmanə dəyişib. Tibbin inkişafından istifadə edən valideynlər ailə modelini özləri təyin etməyə başlayıblar.

Qızı olan oğlan istəyir, oğlu olan da qız. O da hələ baxır ailənin imkanına. Maddi durumu məhdud olan ailələr ilk övladı oğlandırsa, qız övladı barədə heç fikirləşmir də. Bütün bunlar isə Azərbaycanda demoqrafik göstəricilərin dəyişməsinə gətirib çıxarıb və artıq həyəcan təbili çalınır. Qız uşaqlarına qarşı "soyqırım” əməliyyatının nəticəsində isə yaxın 20 ildə oğlanlarla qızlar arasındakı balansın tamamilə pozularaq genefondumuza ciddi zərər dəyəcəyi artıq narahatlıqlara səbəb olub.

Vəziyyətin getdikcə ağırlaşması konkret tədbirlər görülməsi zərurətini ortaya qoyub. Əli hər şeydən üzülən millət vəkillərinin isə son ümidi jurnalistlərə qalıb.

BMT-nin Əhali Fondunun Bakıdakı nümayəndəliyinin müşaviri Fərid Babayevin "Azərbaycan doğulan uşaqların cins nisbətinin pozulmasına görə dünyada ikinci yerdədir. Hazırda ölkəmizdə 116 oğlana 100 qız düşür. Yəni doğulan oğlanlar qızlardan 10-11 faiz çoxdur. Cinsi nisbətin pozulmasının qarşısı alınmasa, gələcəkdə kişilərin sayı artacaq və sonra gender bərabərliyini bərpa etmək çətin olacaq” fikirlərini xatırladan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli selektiv abortların qadağan edilməsinin mövcud problemin həlli üçün yetərli addım olmadığını deyib: "Həkimlər hamilə qadınlara uşağın cinsiyyətini deyir, oğlan olanda saxlanılır, qız olanda isə abort edilir. Bu problemi təkcə sərt qadağalarla həll etmək mümkün deyil. Bunun üçün təbliğat aparılmalıdır. İslamda qız uşaqlarının məhvi yaxşı qarşılanmır və bununla bağlı kəlamlar var. Bu işdə jurnalistlərin də üzərinə yük düşür. Abort edən həkimləri ifşa etmək, ictimai qınağa cəlb etmək lazımdır”.

"İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri, vəkil İradə Cavadova da selektiv abort probleminin qanun gücünə, sərt qadağalar vasitəsilə tam həllinin mümkün olmayacağı qənaətindədir: "Bu məsələdə qanunun ancaq müəyyən qədər təsiri ola bilər. Çünki tibbi-fizioloji tərəfləri ilə yanaşı, mənəvi-psixoloji tərəfləri də var. USM müayinəsindən uşağın cinsini müəyyənləşdirməyi rəsmi qadağan edəcəklər, qadın bir həkim tapıb soruşacaq. Hansı üsulla bunun qarşısını almağa çalışsalar da, yenə kənardan sızmalar olacaq. Tailand qanunvericiliyində də abort qadağan olunub. Amma abortların sayına görə öndə gedən ölkələrdən biridir. Qadağalar səbəbindən gizlin abortlar geniş yayılıb ki, bu da digər problemlərin ortaya çıxmasına səbəb olur”.

Hazırda selektiv abortların artmasının daha çox əhalinin seçimi olduğunu deyən İ.Cavadova hesab edir ki, zəruri hallar istisna olmaqla bu problem kökündən həll edilməlidir: "Uşaq istəməyən ailələr profilaktik tədbirlər yolu ilə hamiləliyi qabaqlamalıdırlar. Qadınlar istənməyən hamiləliyin qarşısının alınması ilə bağlı maarifləndirilməlidir. Mən də hesab edirəm ki, bu sahədəki maarifləndirmədə əsas yük KİV-lərin üzərinə düşür. Abortun qadın orqanizminə ziyanı, ortaya çıxardığı fəsadlar barəsində mütəxəssis rəyləri alınmalı və cəmiyyət bilgiləndirilməlidir. Təbii ki, abortların qadağan olunması kiminsə subyektiv aruzusu deyil ki? Bu layihə baş verə biləcək fəsadların qarşısının alınması istiqamətində gündəmə gətirilib. Selektiv abortlar çox ciddi problemdir, bu ölkənin həm demoqrafik vəziyyətinə, həm genefondun qorunmasına, həm də əhalinin cins tərkibinə təsir edir. Digər tərəfdən də istənilən abortda ölüm riski var. Hər bir abort sonsuzluğa səbəb ola bilər, bundan başqa, qanaxma, infeksiya, ölüm riskləri də istisna olunmur. Abort qadının hüququ ola bilər, amma sırf qız övladı istəmir deyə, doğulmamış bir uşağın həyatına son qoymaq doğru deyil. Axı valideyn bununla həmin uşağın yaşamaq hüququnu əlindən almış olur. Hesab edirəm ki, qız uşaqlarının tələf olunmasına səbəb olan amillər cəmiyyətdə mövcud olan yanaşmalar, stiqmalar, müxtəlif stereotiplər və eyni zamanda, maariflənmənin bir qədər zəif olmasıdır. Hansı ki, xaricdə xüsusi video-roliklər hazırlanır və orada abort zamanı uşağın keçirdiyi hiss-həyəcan əks olunur. Məncə, Azərbaycanda da bu cür vasitələrdən istifadə edib, valideynləri cinsi ayrı-seçkilik fikrindən daşındırmaq olar. Hətta çoxları abort zamanı qadının keçirdiyi hisslərdən, çəkdiyi ağrılardan da xəbərsizdir. Bizi qarşıda gözləyə biləcək böhranın qarşısını indidən almaq üçün orta məktəblərdən başlayaraq ali təhsil müəssisələrində də maarifləndirmə işləri aparılmalıdır. Ailələrlə söhbətlər aparılmalı, ağsaqqalları işə cəlb etmək lazımdır. Bu problemin həlli təkcə bir komitənin, bir qurumun öhdəsinə verilməməlidir, ictimaiyyət olaraq biz hamımız bu işdə iştirak etməliyik”.

Birlik sədrinin sözlərinə görə, dölün məhv edilməsində ən böyük günah təkcə bu işi həyata keçirən həkimlərin üzərinə düşmür, valideynlərin də məsuliyyəti böyükdür: "Sadəcə, bu kimi məsələlərdə maarifləndirməni önə çəkmək lazımdır. Hesab edirəm ki, aborta qarşı sərt qadağaların tətbiqi qiymətlərin bahalaşmasından başqa bir işə yaramayacaq. Hansı ki, bu da özlüyündə abortun xəstəxanada deyil, evlərdə edilməsi və ya digər qanunsuz üsullarla həyata keçirilməsinə səbəb ola bilər. Bir çox hallarda tibb bacıları daha ucuz qiymətə qeyri-tibbi üsullarla aborta nail ola bilirlər. Bunun isə qadının həyatı bahasına başa gəlməcəyinə heç kəs zəmanət vermir”.

Şəymən