Sərbəst güləş üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Firdovsi Umudov "Şərq”ə güləşçilərdən ibarət yığma komandamızın I Avropa oyunlarına hazırlığı və bu mötəbər tədbirin ölkəmiz üçün tarixi əhəmiyyətindən danışıb. Tanınmış məşqçi bildirib ki, sözügedən möhtəşəm yarışın keçirilməsinin ölkəmizə həvalə olunması andan hazırlıqlara başlayıblar.
Onun sözlərinə görə, idmanda bəzən doğma divarlar amilinin də rolu olur: "Amma onu da deyim ki, Olimpiya Oyunları səviyyəsində olacaq belə yarışlarda adətən, zəif rəqib olmur. Bu turnirlərdə yaxşıların ən yaxşısı, öz ölkələrində seçilmiş idmançılar - Dünya, Avropa və Olimpiya çempionları iştirak edirlər. Odur ki, Azərbaycan güləşçiləri də marafona ciddi hazırlaşırlar”.
Oyunlara tam heyətdə - 8 çəki dərəcəsində idmançılarla qatılacaqlarını deyən F.Umudov vurğulayıb ki, bu mötəbər yarışda bütün çəki dərəcələrində qızıl medal uğrunda mübarizə aparmaq niyyətindədirlər: "O ki qaldı milli komandanın heyətinə, bunu indidən söyləmək tezdir. Oyunlara qalan müddət ərzində təlim-məşq toplanışlarımızı Bakıda davam etdirəcəyik. İdmançıların dözümlülük, xüsusi fiziki, eləcə də psixoloji hazırlıqlarına üstünlük verəcəyik. Ola bilsin ki, milli komandanın heyətini tam dəqiqləşdirmək üçün, bəzi çəki dərəcələrində idmançılarımızı bir neçə beynəlxalq turnirdə də yoxlamadan keçirək. Hələlik hər çəki dərəcəsində milli komandanın heyətinə iki idmançı daxil edilib. Təlim-məşq toplantıları bitdikdən sonra, artıq yekun qərar veriləcək. Milli komandanın heyətində, Olimpiya, Dünya və Avropa çempionlarımız da yer alacaqlar”.
İdmançılarımızın nəticələrinə gəlincə, məşqçi qeyd edib ki, bütün çəki dərəcələrində qızıl medallar uğrunda mübarizə aparmaq şansımız yüksəkdir: "Və inanıram ki, güləşçilərimiz də bu fürsəti qaçırmayacaqlar. Bilirsiniz, o idmançıda vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhu yüksəkdirsə, o, mütləq yarışlarda qələbə qazanacaq. Hazırda milli komandamızın heyətində yer alan idmançılarımızın hamısında bütün bu keyfiyyətlər cəmlənib. İdmançılarımız, bir əsgər kimi hər zaman dövlətimizin onlara göstərdiyi diqqət və qayğıya öz qələbələri ilə cavab verməyə hazırdırlar”.
Həmsöhbətimiz bəyan edib ki, bütün çəki dərəcələrində mübarizə aparacaq güləşçilərimizə ümid bəsləyirik: "Hansısa idmançıya etimad göstərməmək məşqçinin zəifliyidir. Məşqçi bütün idmançılarına inanmalıdır. Səkkiz çəki dərəcəsində çıxış edəcək idmançılarımızın hər biri medal qazanmağa layiq güləşçilərdir. 57 kq-da çıxışları nəzərdə tutulmuş idmançılarımız Avropa Çempionatında qalib və mükafatçı olublar. 61 kq-da çıxış etməsi nəzərdə tutulan idmançımız Dünya və Avropa çempionudur. 65 kq-da yarışacaq güləşçilərimiz də Avropa və Dünya Çempionatlarının iştirakçılarıdır. 70 kq-da mübarizə aparacaq idmançımız Ruslan Dibirhacıyev Avropa çempionu, 74 kq-da çıxışı nəzərdə tutulan Cəbrayıl Həsənov Avropa çempionu, ötənilki Avropa Çempionatının finalistidir. Həmzət Osmanov ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl "Qran Pri” turnirinin qalibidir. 97 kq-da çıxış edəcək idmançılarımız da təcrübəli güləşçilərdir. Xetaq Qazyumov Olimpiya mükafatçısı və Dünya çempionudur. Başqa çəkidə Olimpiya mükafatçısı və Dünya çempionu olmuş Şərif Şərifovun da 97 kq-da çıxışı planlaşdırılır. Cəmaləddin Məhəmmədov Dünya Çempionatının mükafatçısıdır. Toğrul Əsgərovun hazırlıq prosesi isə nəzarətimizdədir. Toğrul Olimpiya çempionudur. Onun qarşıdakı turnirlərdə özünü necə göstərdiyinə baxacağıq. Mümkün deyil ki, hansısa idmançının güclü və zəif olduğu müəyyənləşməsin. Turnirlərdən sonra oyunların iştirakçıları müəyyənləşəcək”.
"Rəqiblərinizi necə dəyərləndirirsiniz” sualına gəlincə, məşqçi vurğulayıb ki, İran yığması dünyanın güclü komandalarındandır. Türkiyə millisində də güclü idmançılar var: "Onların 125 kq-da çıxış edən güləşçiləri Avropa və Dünya çempionudur. 97 kq-da çıxış edən idmançıları isə doppinqə düşüb, ancaq onun əvəzinə yenə də güclü güləşçiləri var. 86 və 74 kq-da mübarizə aparan idmançıları da bizə rəqib güləşçilərdəndir. 70 kq-dakı güləşçiləri isə Dünya Çempionatında medal qazanıb. Qalan çəkilərdə də güclü idmançıları mövcuddur. Belarusiya yığması da zəif deyil. Bizə rəqib komandalardandır. Qrupumuzda zəif komanda yoxdur. Ümumiyyətlə, güləşdə zəif rəqib olmur. Biz onların yarışa əsas, ikinci və ya üçüncü heyətləri ilə çıxacaqlarını bilmirik. Buna baxmayaraq hamısının əsas heyətlərini təhlil edirik”.
F.Umudov onu da əlavə edib ki, yığma komandamız dünya reytinqində ilk üçlükdə yer alır: "Biz də güclü rəqibik. Yekəxanalıq, saymazlıq, rəqibi zəif görmək olmaz. Qrupumuzdakı komandaların hamısını rəqib sayırıq və qələbə qazanıb güclü olduğumuzu sübut etmək üçün var gücümüzlə mübarizə aparacağıq. 2009-cu ildə yığmamız Dünya Kubokunun qalibi olub, daima ilk üçlükdə yer alıb. 2013-cü ildə yığmamız Dünya Kubokunda köməkçi heyətlə yarışdı və zəif çıxış etdi. 2014-cü ildə isə komandamız Dünya Kubokunda iştirak etmədi. İki illik fasilədən sonra qalib olmağa çalışacağıq. Ən pis halda Dünya Kubokundan medalla qayıtmağı düşünürük”.
Müsahibimiz əminliklə diqqətə çatdırıb ki, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın sədri olduğu Təşkilat Komitəsi ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcək: "Azərbaycan paytaxtı Avropa Olimpiya Oyunları hərəkatı üçün bir standart müəyyənləşdirəcək. Növbəti illərdə keçiriləcək Avropa Oyunları artıq Bakının ev sahibliyi ilə keçirilən Oyunları özünə bir etalon kimi istifadə edəcək. Bir sözlə, Azərbaycan bir daha özünü dünyaya mühüm bir idman ölkəsi, mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən, milli adət-ənənələrini qoruyan, qonaqpərvər, dadlı mətbəx nümunələri ilə seçilən bir ölkə kimi tanıtmış olacaq. Ölkəmizin bu uğuruna dostlarımız sevinəcək, düşmənlərimiz isə növbəti dəfə kədərlənmiş olacaqlar”.
İstər beynəlxalq, istərə sə də Avropa və Dünya çempionatlarına qatıldığını söyləyən müsahibimiz hesab edir ki, artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır: "Bu da əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasətin düzgün şəkildə davam etməsidir. Həmin siyasət bu gün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu gün yığma komandanın tərkibində çıxış edən idmançılarımız var ki, onlar 1991-92-ci illərdə anadan olmuş idmançılardır. Onlar Azərbaycanın çətin, acınacaqlı günlərini görməyiblər. Mən yığma komandanın tərkibində çıxış etdiyim müddətdə Azərbaycanda indiki kimi idman salonları, olimpiya kompleksləri yox dərəcəsində idi. Biz acınacaqlı vəziyyətdə, müharibə şəraitində, Azərbaycanda vətəndaş müharibəsi getdiyi bir dönəmdə yaşamışıq. Ümummilli lider Heydər Əliyevin Azərbaycana gəlişindən sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük dəyişikliklər oldu. Biz xəyallarımızda fikirləşirdik ki, Azərbaycanda nə vaxtsa dünya, Avropa Çempionatları keçiriləcəkmi? Bu gün isə Azərbaycanda hər il Avropa, Dünya Çempionatları, Dünya Kuboku yarışları keçirilir. İyun ayında isə məlum olduğu kimi ölkəmizdə I Avropa Oyunları keçiriləcək. Biz də çalışacağıq ki, Azərbaycan xalqının bizə göstərdiyi etimadı doğruldaq və I Avropa Oyunlarında Türk xalqını, Azərbaycan xalqını sevindirək”.
Ayyət Əhməd