"Qızıl medallar gözləyirik”

Tünzalə Ağayeva: “Demək olar ki, yarışda iştirak edəcək bütün idmançıları yaxından tanıyıram”



Ölkəmizdə keçiriləcək 1-ci Avropa Oyunlarının başlanmasına sayılı günlər qalıb. Şübhəsiz ki, Azərbaycanın bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsi çox ciddi tarixi hadisədir.

İlk Avropa Oyunlarının təməlinin məhz Azərbaycanda qoyulması eyni zamanda Azərbaycanın daha bir tarixi hadisədə rolunu danılmaz fakt etdi. Marafonun ölkəmizə həvalə olunması Azərbaycanın yüksək beynəlxalq imicə, nüfuza və sürətli iqtisadi inkişafa malik olmasının, dünyada idman ölkəsi kimi tanınmasının göstəricisidir. Həmçinin ölkəmiz bununla demokratik dəyərlərə sadiq qaldığını, tolerantlığını, insan faktoruna yüksək qiymət verdiyini, azad söz və ifadənin carçısı olduğunu, güclü dövlətə və dövlətçiliyə sahib olduğunu bir daha sübut etdi. Belə möhtəşəm tədbirlərin keçirilməsi çoxsaylı irimiqyaslı marafonların ölkəmizdə baş tutmasına zəmin yaradacaq. Bu sahədəki təcrübəmizin artmasına təkan verəcək. Vətəndaşlarımızın idmana olan istəyi, həvəsi yüksələcək. Eyni zamanda da Avropa Azərbaycanı daha yaxından tanımaq imkanı qazanacaq.
Biz yenidən Avropaya ev sahibliyi edirik. Bu dəfə də Azərbaycan tarixi bir hadisəyə imza atacaq.

İlk Avropa Oyunlarının ulduz elçilərindən olan Əməkdar artist Tünzalə Ağayeva isə "Şərq”ə açıqlamasında Avropa Oyunlarından danışdı. Sənətçi "Şərq”ə müsahibəsində söylədi ki, I Avropa Oyunları ölkəmiz üçün çox böyük əhəmiyyətə malikdir: "İlk növbədə onu qeyd edim ki, bu, tarixi bir hadisədir. Olimpiya Oyunları çox ölkələrdə qeyd edilib və edilir də. Amma Olimpiya Oyunları deyiləndə, ilk xatırladığımız ölkə Yunanıstan olur və elə bu ölkənin qoyduğu qanunlarla Olimpiya Oyunları keçirilir. Əsrlər keçməsinə baxmayaraq, yenə ilk ölkə olaraq Yunanıstan xatırlanır və xatırlanacaq da. Avropa Oyunlarının da ilk ev sahibi biz olacağıq və əsrlər keçsə də, yenə də Azərbaycanda başlanan Avropa Oyunları deyiləcək. Bir sözlə, dünya idman tarixinə qızıl hərflərlə adımızı yazacağıq. Bu oyunlar Azərbaycanı daha geniş miqyasda tanıda biləcək”.

- Bu tədbir Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından nə kimi önəm daşıyır?

- Həqiqətlər göz qabağındadır. Sadəcə onları görmək istəmirlər. Qaldı digər tərəfdən məsələyə yanaşsaq, Azərbaycanı yaxşı tanımayan əcnəbi belə bu yarışlara görə Azərbaycanla maraqlanacaq. İnternet vasitəsi ilə axtarış edəcək və bizim həqiqətlər haqqında daha çox məlumat alacaq. Oyunlar zamanı yüzlərlə avropalı mədəniyyətimiz və tariximizə dair dərin məlumatlar əldə edəcəklər. Bu da bizim böyük uğurumuz olacaq.

- Azərbaycan idmanı nə əldə etmiş olur?

- Avropa Oyunları idman aləmi üçün ciddi bir hadisədir. Əvvəl bunu unutmaq lazım deyil. Digər tərəfdən idmançılarımıza stimul vermiş olduq. Bu, ölkəmizdə idmana olan marağı daha da artıracaq. Azərbaycan idmanında böyük canlanma olacaq. Uşaqlarla yanaşı, valideynlərin də marağı artacaq və idman zallarında daha da canlanma yaşanacaq. Və bu da gələcək Avropa, Dünya və Olimpiya Oyunlarında iştirak edə biləcək idmançıların çoxalacağına şərait yaradacaq. Hansı idman növündən nəticə çox olacaqsa, həmin növə meyl artacaq. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İl ərzində müxtəlif idman növləri üzrə Avropa və dünya eynilə beynəlxalq turnirlərin keçirilməsi buna bariz nümunədir. Bir daha qeyd edirəm ki, bu, ölkədə daha da çox mötəbər yarışların keçirilməsinə şərait yaradacaq. Bəlkə də bu yarış sayəsində idmana maraq göstərən gənc və yeniyetmələr arasında gələcəyin Avropa, Dünya və Olimpiya çempionları olacaq. Bir sözlə, Avropa Oyunları Azərbaycan idmanına canlanma gətirəcək.

- İlk Avropa Oyunlarına ev sahibliyi etmək məsuliyyətini necə dəyərləndirmək olar?

- Danılmaz faktdır ki, cənab Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın idman sahəsində gördüyü böyük işlər nəticəsində uğurlarımızın ardı-arası kəsilmir. Və Avropa Oyunlarında da qazanacağımız nəticə bizə 2017 İslam Oyunlarında daha çox lazım olacaq. Təbii ki, ev sahibi olaraq Azərbaycanın üzərinə böyük məsuliyyət düşür. Amma Azərbaycan artıq belə böyük tədbirlərə ev sahibi olmaq təcrübəsi əldə edib. Sadəcə bir məqamı diqqətdən qaçırmaq lazım deyil ki, hər birimiz ev sahibiyik. Hər birimiz bu dövlətin adına layiq şəkildə qonaqlarımızı qarşılamağa hazır olmalıyıq. Biz bir millət olaraq mədəniyyətimizi qonaqlara nümayiş etdirməliyik.

- Tünzalə xanım, siz ilk Avropa Oyunlarının ulduz elçilərindən birisiz. Siz bu oyunlara necə hazırlaşırsız?

- Təbii ki, böyük bir həyəcanla ilk Avropa Oyunlarının açılışını gözləyirik. Mən də açılış mərasimində qonaq qismində iştirak edəcəm. Olimpiya Komitəsinin təsis etdiyi proqram çərçivəsində müəyyən çıxışlarım olacaq. Mayın 21-də konsert proqramı ilə çıxış etməyi nəzərdə tutmuşduq. Bakıda yaşanan məlum yanğın faciəsinə görə konsert təxirə salındı. Yenə deyirəm, mən, sən, o, hər birimiz ev sahibi olaraq qonaqpərvərliyimizi nümayiş etdirməliyik. Azərbaycan bu müddətdə təbliğini tam qurmalıdır. İstər mədəniyyətimiz, istər musiqimiz, istər güclü iqtisadiyyatımız olduğunu Avropaya göstərmək şansı əldə edirik. İlk Avropa Oyunlarına məhz Azərbaycanın ev sahibliyi etməsi təsadüfi deyil. Demək, Azərbaycan Avropada nüfuzlu bir dövlət kimi qəbul olunub. Deməli, Azərbaycanın istər iqtisadiyyatı, istər siyasi gücü belə böyük yarışların keçirilməsinə imkan verir. Dövlət başçımızın uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycan həm güclü, həm də nüfuzlu dövlətlər sırasındadır.

- Hazırda idmançı gənclər dövlətin onlara olan inamını doğrulda bilirmi?

- Azərbaycanda gənclərə dövlət qayğısı olduqca yüksək səviyyədədir. Xüsusi olaraq son dövrlər gənclərə ölkə başçısı cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə göstərilən dəstək qürurvericidir. Dövlət başçısı tərəfindən imzalanmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ölkədə gənclər siyasətinin daha da inkişaf etdirilməsinə təkan verib. Avropa Oyunlarında bütün idmançılarımıza dəstək olmağa çalışacam. Xüsusilə də atıcılıq üzrə idman oyunlarına dəstəyimiz olacaq. Artıq Olimpiya çempionumuz Zemfira Meftahətdinova ilə də artıq bir neçə görüşümüz olub. Onunla birgə Avropa Oyunlarında iştirak edən oyunçularla görüşmüşəm. Demək olar ki, yarışda iştirak edəcək bütün idmançıları yaxından tanıyıram. Oyunçularımızdan çoxsaylı qızıl medallar gözləyirik. Çünki onlar həm fiziki, həm texniki, həm də psixoloji baxımdan özlərinə əmindilər. Bizə qələbə yarışır. Azərbaycan ilk Avropa Oyunlarında nə qədər güclü dövlət olduğunu bir daha sübut edəcək!

Tahirə