Azərbaycan yığması indiyədək 18 medal qazanıbAnjela Doroqan: “Bundan sonra daha yaxşı nəticələr göstərəcəyəm”
Azərbaycan I Avropa Oyunlarında daha bir qızıl medal qazanıb. 53 kq çəkidə ölkəmizi təmsil edən Anjela Doroqan finalda polşalı Roksana Zasina ilə münasibətlərinə aydınlıq gətirib. Təmsilçimiz ilk hissəni 0:2 hesabı ilə uduzsa da, növbəti hissədə hesabı bərabərləşdirib və ardınca görüşü öndə bitirib - 3:2.
Bununla da Doroqan yığmamıza 8-ci qızıl medalı, ümumilikdə isə 18-ci mükafatı qazandırıb.
Doroqan yarışa 1/8 finaldan qoşulub. İlk döyüşündə türkiyəli Merve Kengerlə üz-üzə gələn idmançımız rəqibini məğlub etməkdə çətinlik çəkməyib - 8:2. O, 1/4 finalda Mersedes Denislə (Macarıstan) üz-üzə gəlib və bu qarşılaşmanı da üstün bitirib - 4:0. Anjela finala gedən yolda moldovalı Natalya Budunu xalçaya dəvət edib. Güləşçimiz bu dəfə də özünü yaxşı tərəfdən göstərib (7:2) və həlledici mərhələdə iştirak hüququ qazanıb.
"Qalib gəldiyimə görə çox sevinirəm. Çünki bu, mənim karyeramda qazandığım ilk qızıl medaldı. Əslinədə isə çempionluq haqda heç düşünmürdüm. Bakıda keçirilən I Avropa Oyunlarında tarix yazmağı bacardım. Bayrağımızı qaldırdım və finalda layiqli şəkildə güləşdim”
Bunu apasport.az saytına açıqlamasında Azərbaycanın güləş yığmasının üzvü Anjela Doroqan deyib.
Doroqan bildirib ki, finalın ilk dəqiqələrində qələbə qazanacağına şübhə ilə yanaşıb: "Çox güclü şəkildə qalib gəlməyi istəyirdim. Axıra kimi güləşdim. Birinci dəqiqələrdə azacıq şübhə yaranmışdı qalib gəlməyimə. Daha sonra özümü toparladım və dedim ki, çempionluq medalını başqasına verməyəcəyəm”.
Güləşçimizin sözlərinə görə, polşalı rəqibinin zədəli olması ona əlavə stimul verib. Doroqan onu da əlavə edib ki, yarımfinalda moldovalı Natalya Budu ilə qarşılaşma onun üçün prinsipial xarakter daşıyıb: "Çünki keçən il keçirilən dünya çempionatında o məni məğlub etmişdi. Mən evdə çıxış edirdim və qalib gəlib finala çıxmaq istəyirdim”.
Doroqan Olimpiadaya lisenziya qazanacağına da söz verib: "Bundan sonra daha yaxşı nəticələr göstərəcəyəm”.
İdmançımızı qızıl medalı valideynlərinə, məşqçilərinə və Azərbaycan xalqına həsr etdiyini söyləyib. O, həmçinin növbəti qələbəsinə qədər Azərbaycanın dövlət himnini öyrənəcəyinə də söz verib.