
Qlobal rəqabətdəki yerimiz: Hesabatın əsas sütun indikatorlarında ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb
Zahid Oruc: “Prezidentin güclü, fundamental tədbirləri ilə iqtisadiyyat inkişaf etdi ki, hazırda hesabatlarda haqqımızda müsbət rəylər verilir”“Görülən işlər hansısa qurumların tərifi üçün deyil, Azərbaycan insanının güzaranının yaxşılaşdırılması üçündür"
Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı təqdim edilib. Qeyd edək ki, hesabat tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib.
Belə ki, qlobal trendlər nəzərə alınmaqla, hesabatın metodologiyasında dəyişikliklər edilib. Dünya İqtisadi Forumu bu metodologiyanı yeni nəsil "4.0” kimi təqdim edib. Bu isə onu deməyə əsas verir ki, "Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” yeni dövrün ilk hesabatıdır. Belə ki, əvvəlki illərdən fərqli olaraq hesabatın metodologiyası ciddi şəkildə dəyişdirilərək hesabata yeni indikatorlar daxil edilib. Ümumilikdə əvvəlki hesabatın 114 indikatorundan 84-ü, yəni 74 faizi çıxarılıb, 68 yeni indikator isə daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir.
Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib. Ölkəmiz ilk hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. Hesabatın 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə ki, hesabatın İnstitutlar, İnfrastruktur, İKT-nin istifadə səviyyəsi, Səhiyyə, Əmək bazarı, Biznes dinamikliyi və İnnovasiya potensialı sütun indikatorları üzrə Azərbaycanın mövqelərinin yaxşılaşması Qlobal Rəqabətlilik Hesabatı tərəfindən qeydə alınıb.
Əsas məqamlardan biri də Azərbaycanın, Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanıb. Azərbaycan, əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib.
Bununla yanaşı, Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında irəlidə olduğu alt-indikatorların böyük bir qismi yeni metodologiyada nəzərə alınmayıb. Məsələn, makroiqtisadi sabitlik indikatoru üzrə ölkənin mövqeyinə mənfi təsir göstərən fakt ondan ibarət olub ki, dövlət büdcəsinin tarazlığı, ümumi dövlət borcu, ümumi milli yığım, ölkənin kredit reytinqi kimi öncül olduğumuz alt-indikatorlar yeni metodologiyada ümumiyyətlə nəzərə alınmayıb.
Yeni metodologiya əsasında hazırlanmış ilk Qlobal Rəqabətlilik Hesabatında ölkələrin reytinqinə birbaşa təsir göstərməsə də, sosial və ətraf mühit performansı üzrə indikatorlara da yer ayrılıb. Azərbaycan ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə yeni nəsil metodologiya əsasında hazırlanmış hesabatda lider mövqelərini qoruyub. Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb. Belə yüksək nəticənin əldə olunması isə son illər prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların nəticəsində mümkün olub.
Hesabatla bağlı ekspertlərin də fikirləri bu yöndədir.

Millət vəkili Zahid Oruc hesabata münasibət bildirərkən "Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan beynəlxalq aləmin üzvüyük, siyasi-iqtisadi sabitliklə bağlı hesabatlarda yer almağımız normaldır:
"Bu hesabatlar müəyyən mənada güzgü rolunu oynayır ki, biz yaşantılarımızı orada görə bilirik. Belə hesabatlar, dünya ölkələri haqqında təsəvvürlər yaradır. Ayrı ayrı dövlətlər, qlobal korporasiyalar üçün "yol xəritəsi” rolunu oynayır ki, onlar öz investisiya proqramlarını hazırlarkən, bu cür hesabatlardan yararlanırlar. Bir çox hallarda hansı ölkələrə investisiya yatırılması qəqrarlarını inistitutların rəyləri əsasında verirlər. Obyektiv inistitutları indi tapmaq həddən artıq çətindir. Çünki soyuq müharibə dövrünün ideoloji pronsipləri ilə işləyən xeyli siyasi təşkilatlar var ki, onlar bir çox hallarda ortaya qərəzli yanaşmalar qoyurlar. Buna görə də nisbətən həqiqəti hesabatlarına salan, qərəzsiz olan qurumların qalması sevindiricidir. Sovet hakimiyyəti dağılandan sonra müstəqillik əldə edən ölkələrin əksəriyyətində bərabərsizlik yarandı, iqtisadiyyatları dağıldı. Bu dağıntıları bərpa etmək güclü dövlətlərin və güclü liderlərin sayəsində mümkündür. Azərbaycana ümummilli lider Heydər Əliyev kimi lider gəldi, iqtisadiyyatı dirçəltməyə nail oldu. Ulu Öndərin laiqli davamçısı İlham Əliyevin hakimiyyətə gəlişindən sonra isə iqtisadiyyat inkişaf etməyə başladı, iqtisadi sıçrayışlarımız ölkəmizin bu cür hesabatlarda müsbət nəticələr əldə etməsi ilə nətiocələndi”.
Z.Oruc qeyd edib ki, cənab prezident öz siyasəti ilə ölkəmiz haqqında mənfi imic yaradan, Azərbaycanı hesabatlarda pis duruma salan tendensiyaların aradan qaldırılmasına çalışıb:
"Buna da nail olundu desək yanılmarıq. Prezidentin güclü, fundamental tədbirləri ilə iqtisadiyyat inkişaf etdi ki, hazırda hesabatlarda haqqımızda müsbət rəylər verilir. Hesabatda bir sıra indikatorlar üzrə yüksək nəticələrimizin qeyd olunması müsbətdir”.
Deputat onu da bildirib ki, prezidentimizin iqtisadiyyatı gücləndirməklə bağlı, siyasi-iqtisadi sabitliyi möhkəmləndirməklə bağlı atdığı addımlar, əhalinin yaxşı yaşaması üçün apardığı məqsədyönlü siyasət hansısa hesabatlarda müsbət yer almaq üçün deyil:
"Görülən işlər hansısa qurumların tərifi üçün deyil, Azərbaycan insanının güzaranının yaxşılaşdırılması üçündür. Əsas məsələ əhalinin yaxşı yaşaması naminədir. Dövlət başçısının strateji hədəfi Azərbaycan insanının social vəziyyətinin yaxşılaşdırılmasından ibarətdir. Sadəcə bu işləri kənardan da yaxşı qiymətləndirirlərsə, çox sağ olsunlar. Ən azı qərəzsiz yanaşdıqları üçün, siyahıda haqqımız olan yerlərə saldıqları üçün”.
Anar