Bəqai: İran və Oman arasında Hörmüz boğazı üzrə danışıqlar yekun mərhələyə çatıb

İran və Oman arasında danışıqlar yekun mərhələyə çatıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İran və Oman arasında Hörmüz boğazında təhlükəsiz marşrutların müəyyənləşdirilməsi üçün aparılan danışıqlar yaxşı keçib: “Bəzi dövrlərdə müəyyən eniş-yoxuşlar müşahidə etmisinizsə, bunun əsas səbəbini bəzi üçüncü tərəflərin müdaxiləsi ilə əlaqələndirmək lazımdır. Bu müdaxilələr adətən danışıqlar prosesinə mane olub”.

Bəqai qeyd edib ki, İran və Oman arasında danışıqların yekun mərhələyə çatdığını demək olar.

O vurğulayıb ki, yaxın günlərdə İran və Oman arasında Hörmüz boğazında müvəqqəti təhlükəsiz marşrutun müəyyənləşdirilməsi ilə bağlı əldə olunacaq anlaşmanın Beynəlxalq Dəniz Təşkilatında qeydiyyata alınması gözlənilir.

“Ümid edirəm ki, yenə də pis niyyətli bəzi tərəflər bu prosesə müdaxilə etməyəcək və prosesin məntiqli və məqsədəuyğun şəkildə irəliləməsinə imkan verəcəklər”, – Bəqai əlavə edib.