- "Müəllim elə geyinməlidir ki, şagird ondan müsbət nümunə götürsün"
Bizim ölkədə zahirə üstünlük verilir. Küçələri, yolları asfaltlayırlar, amma yağış sularının axıdılması üçün drenaj sistemi, kollektor “yaddan çıxır”. Məktəbləri təmir edirlər, amma daxilində təhsil sıfır.
Müəllimləri sertifikasiyadan keçirir, statistika açıqlayır, “hərf yaza bilmir”, deyə rişxənd edirlər, sonra da müəllimləri vahid geyimə təşviq edirlər. Guya ki müəllmilər standart forma geyinsələr təhsilimizin bütün problemləri həll olunacaq. Sabiq təhsil naziri Misir Mərdanov da axına qoşulub və deyib ki, “müəllimlərin vahid forma geyinməsinə nail ola bilsək, çox yaxşı olar. Bu, təhsil sistemində nizam-intizamın bərpasına və müsbət əhval-ruhiyyəyə təkan verə bilər”.
Təhsil İşçilərinin Hərəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a açıqlamasında bildirib ki, müəllim məktəbə necə istəsə yox, peşəsinə yaraşan şəkildə gəlməlidir:
- Məktəblərdə müəllimlər üçün geyim tələblərinin qanunla tənzimlənməsinə ehtiyac var. Müəllimin geyimi deyil, fənn bilikləri, şagirdlərlə ünsiyyət qurmaq, dərsi tədris etmək bacarığı əsas şərtdir. Təbii ki, geyim heç də az önəm daşımır. Hər bir peşəkar sahədə olduğu kimi müəllimlikdə də dəbdəbədən uzaq, səliqəli təqdimat önəmlidir. Müəllimin geyimi şagirdin diqqətini yayındıracaq tərzdə olmamalıdır. Müəllim elə geyinməlidir ki, şagird ondan müsbət nümunə götürsün. Peşəsinə və şəxsinə hörmət edən müəllimlər məhz belə davranırlar. Onlara geyim tərzi diktə etməyə ehtiyac qalmır. Əgər hansısa müəllim sinifə peşəsinə uyğun görünməyən tərzdə geyinib gəlirsə, bu da məktəb rəhbərliyə tərəfindən nizamlanmalıdır.