“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu

ABŞ Prezidenti Donald Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” (New America) olaraq dəyişdirilməsini nəzərdə tutan paylaşım edib.

Sherg.az xəbər verir ki, Ağ Ev bununla bağlı rəsmi təşəbbüs açıqlamayıb.

Tramp bazar günü "Truth Social" hesabında Nyu-Meksiko ştatının xəritəsinin yer aldığı bir görüntü paylaşıb. Görüntüdə “Mexiko” sözü qırmızı xəttlə silinib və əvəzinə “Amerika” yazılıb. Paylaşımda əlavə açıqlama verilməyib.

Trampın paylaşdığı görüntü daha sonra Ağ Ev tərəfindən də X sosial şəbəkəsində yayımlanıb.

Lakin Nyu-Meksiko qubernatoru, demokrat Mişel Lujan Qrişam Trampın təşəbbüsünə sərt reaksiya verib. O bildirib ki, “Nyu-Meksikonun adı müzakirəyə açıq deyil”.

Qubernator Trampın amerikalıların diqqətini İran müharibəsindən yayındırmağa çalışdığını da iddia edib.

Demokrat senator Martin Haynrix də Trampın paylaşımına münasibət bildirərək deyib ki, “Meksika körfəzi, Ontario gölü və Nyu-Meksiko” adlarını həmişə onların həqiqi adları ilə çağıracaq.

Qeyd edək ki, Tramp coğrafi obyektlərin adlarının dəyişdirilməsi məsələsində prezident səlahiyyətlərindən istifadə etməyə çalışır. O, daha əvvəl Meksika körfəzinin adını “Amerika körfəzi”, Ontario gölünün adını isə dəyişdirmək üçün addımlar atıb.

Bununla belə, ABŞ ştatlarının adlarını dəyişdirmək prezidentin səlahiyyətində deyil. Belə dəyişiklik üçün ştat səviyyəsində qərar qəbul edilməlidir.