Qocaman jurnalist “Şərq”in qonağı oldu - FOTO

Əməkdar jurnalist, uzun müddət "Bakı” qəzetində məsul vəzifələr icra edən Əliabbas Əlimədətoğlu "Şərq” qəzeti redaksiyasının qonağı olub. Qəzetdə yaradılmış Mətbuat Tarixi muzeyinin tarixi eksponatlar və tabloları ilə tanış olan Ə.Əlimədətoğlu muzeyə Azərbaycanın əməkdar jurnalisti Nəsir İmanquliyevlə birlikdə çəkilmiş tarixi fotosunu hədiyyə edib:
"Belə tarixi şəkillər yüzlərlə olub. Lakin bilmirdim ki, belə əhəmiyyətli muzey yaradılacaq və bir gün həmin şəkilləri tarixi eksponat kimi saxlamalı olacağıq. Nəsir İmanquliyevlə çalışdığım illərdə o mənə hər dəfə bir qələm hədiyyə edirdi. Təəssüf ki, həmin qələmləri də saxlamaq mümkün olmayıb”.
Nəsir İmanquliyevlə 40 ilə yaxın birlikdə çalışan Ə. Əlimədətoğlu qocaman jurnalistlə bağlı xatirələrini də bölüşüb:
"Nəsir İmanquliyev mənim müəllimim olub. Elə həmin vaxtdan dostluğumuz, əməkdaşlığımız başlayıb. Keçmiş "Bakı” qəzeti yaradıldıqda onun ilk işçilərindən biri də mən olmuşam. 
Uzun illər qəzetin redaksiyanın partiya təşkilatına rəhbərlik etmişəm. Nəsir müəllim yaxşı insan, tərbiyəçi, dost və ziyalı redaktor idi. Mən hər gün onun ruhuna dua oxuyuram”.
Ə.Əlimədətoğlu Nəsir İmanquliyevin işçilərinə qarşı çox tələbkar və ədalətli olduğunu söyləyib:
"O çətin vəziyyətlərdə də hər zaman işçilərin mənafeyini müdafiə edirdi və yaxşı təşkilatçı idi.
Çoxları deyir ki, Nəsir İmanquliyev gülərüz insan olub. Əslində o çox sərt və işində tələbkar idi. "Bakı” qəzetində çox tənqidi məqalələri dərc olunub. Müftəxorların, dələduzların əleyhinə yazdığı yazılara görə ona qarşı hücumlar olurdu. Lakin o əsl vətənpərvər kimi xalqını, dövlətini hər zaman müdafiə edirdi”.
Əməkdar jurnalist Nəsir İmanquliyevin simasında qocaman jurnalistlərə aid fotoşəkillərin, sənədlərin muzeydə qorunmasından məmnunluğunu da ifadə edib. 
Aysel Aslan