“Qonaqlar ölkəmizi canlı olaraq görəcəklər”

“Əminəm ki, onlar ölkələrinə çox yüksək fikirlərlə qayıdacaqlar”



Hazırda Azərbaycan bütün dünya və Avropa ölkələrinin diqqət mərkəzindədir. Çünki növbəti ay ölkəmiz qitə miqyaslı "Bakı-Avropa Oyunları - 2015” yarışmasına ev sahibliyi edəcək. Şübhəsiz ki, sözügedən mötəbər tədbirin başlıca əhəmiyyəti respublikamızdakı siyasi sabitliyin və iqtisadi inkişaf mənzərəsinin dünya ictimaiyyətinə nümayiş etdirilməsidir. Çünki bu, sadəcə idman tədbiri deyil, eyni zamanda qonaqlar ölkəmizin tarixi, mədəni irsi və füsunkar gözəlliyi ilə tanış olacaqlar. Respublikamızın inkişaf modelinin şahidi olacaqlar.

Həmçinin qeyd edək ki, bu əlamətdar marafon iqtisadi baxımdan rentabelli və səmərəli layihədir. Azərbaycanda 20 gün ərzində xarici vətəndaşlar ölkə iqtisadiyyatının müxtəlif sahələri barədə zəngin bilgiyə malik olacaqlar. Nəticədə əcnəbilər ölkəmizi özləri üçün ən real investisiya regionu kimi müəyyənləşdirəcəklər. Beləliklə, Azərbaycan yaxın illər üçün güclü investorların maraq dairəsində ön planda yer alacaq. Bundan əlavə, dünya xalqlarının bir araya gələcəyi, bütün Avropanın yaxından izləyəcəyi bu idman yarışmasına Azərbaycanın ev sahibliyi etməsi dövlətimizin beynəlxalq nüfuzunun daha da artmasına mühüm töhfələr verəcək. Azərbaycanın xidmət sektorunun inkişafına stimul yaradacaq. Yarışların keçirildiyi müddətdə xarici turistlərin xərcləyəcəyi vəsaitlər ilk növbədə, kiçik və orta biznesin, turizm sektorunun inkişafına öz müsbət təsirini göstərəcək. Eyni zamanda oyunlar Azərbaycan regionlarının təbliği üçün əlverişli imkanlar açacaq. Paytaxtla yanaşı, digər iri şəhərlərin də dünyaya tanıdılması nəticəsində ölkəmizin turizm və iqtisadi potensialı dünyaya nümayiş etdiriləcək. Bu reallıqları nəzərə alaraq Biləsuvar rayonunda fəaliyyət göstərən "Region-Press” qəzetinin redaktoru Samir Qurbanovun da münasibətini öyrəndik.

- İlk Avropa Oyunları məskunlaşdığınız regionda necə dəyərləndirilir?

- Bu əlamətdar Oyunlar bütün bölgələrimizə sevinc və xoş ovqat bəxş edib. Təşkil edilmiş möhtəşəm məşəl estafetləri rayonlarımızda əhali arasında coşquyla qarşılanır. Hər kəsdə qələbə əzmini yüksəldir. Ölkəmizin dünya miqyasında söz sahibi olmasına əminliyi gücləndirir.

- Məlum irimiqyaslı yarış ölkəmizin turizm məkanına çevrilməsi baxımından nə dərəcədə önəmlidir?

- Əlbəttə, "Bakı-2015” ilk Avropa Oyunları ölkəmizin həm də turizm pasportudur. Digər tərəfdən, dünyanın aparıcı turist düşərgələri ilə rəqabət aparmağa layiq olan gözəl iqlim şəraitimizin olması, yaradılmış turist düşərgələrinin yüksək standartlara cavab verməsi ölkəmizə davamlı turist axınına zəruri şərait yaradacaq. Çünki turist guşələrində yaradılmış yüksək mədəni şərait əcnəbi qonaqların mədəni istirahət etmələri üçün daha sərfəlidir.

- Oyunların ölkəmizin tarixi və mədəni irsinin beynəlxalq arenaya çatdırılmasındakı rolunu necə dəyərləndirirsiniz?

- Yarış zamanı Azərbaycan həqiqətləri xarici qonaqlara - dünya xalqlarının nümayəndələrinə real həqiqətlərə söykənən faktlarla təqdim olunacaq. Torpaqlarımızın işğal olunması, bu təcavüzdən əziyyət çəkən yüz minlərlə soydaşımızın durumu, zəbt edilmiş ərazilərimizdə olan tarixi-mədəni abidələrimizin ermənilər tərəfindən vəhşicəsinə dağıdılması, yeraltı, yerüstü sərvətlərimizin talan edilməsi əyani olaraq diqqətə çatdırılacaq. Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır. Qonaqlar ölkəmizi canlı olaraq görəcəklər və əminəm ki, ölkələrinə çox yüksək fikirlərlə qayıdacaqlar.

- Oyunlarla əlaqədar paytaxt Bakıda və regionlarımızda çoxsaylı abadlıq, quruculuq işləri aparıldı. Bunu necə qiymətləndirirsiniz?

- Xarici qonaqları qəbul etməyə tam hazır olan doğma Bakı şəhəri füsunkar gözəlliyi ilə tanınılmaz dərəcədə dəyişib. Sanki hər bir küçə, prospekt istirahət yerinə, yaşıllıqlar zolağına çevrilib. Ürəkaçan mənzərələr hər kəsi valeh edir. Həm paytaxtımızda, həm də bölgələrimizdə yaradılan gözəl mənzərələr, aparılan mədəni abadlıq işləri doğma Azərbaycanımızın dinamik inkişaf yolunda inamla addımlamasından xəbər verir. "Atəşgah”dan bölgələrə daşınan məşəl estafetinin böyük xalq sevgisi ilə qarşılanması, bu böyük tarixi hadisəyə xalqın verdiyi önəmli dəyərdir. Dünya idman arenasında tanınmış idmançılarımızın məşəli biri-birlərinə ötürməsi zamanı xarici qonaqların bölgələrimizdə olan dinamik inkişafın canlı şahidi olmaları həmin ölkələrdə Azərbaycan təəssüratlarının yaranmasına təməldir.

- Sözügedən yarışlar paytaxtda və regionlarda idmanın inkişafına müsbət təsir göstərə biləcəkmi?

- Əlbəttə, Bakı-2015 ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin istər paytaxtında, istərsə də regionlarında idmanın inkişafına müsbət təsir göstərəcəyinə əminik. Çoxnövlü idman yarışları gənclər arasında idmana marağı daha da artıracaq. Hər zaman gənclər qarşısında çıxış edərkən ümummilli lider Heydər Əliyev deyirdi: "Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Siz, əziz gənclər, müstəqil Azərbaycan Respublikasının nə qədər çətinliklə başa gəldiyini dərk edərək müstəqil Azərbaycan Respublikasının gələcəyini qoruyub saxlayacaqsınız. Mən buna əminəm”! İndiki halda həmin missiya və ənənə özünü qoruyub saxlayır. Azərbaycan gənci nəinki ölkəmizdə, həmçinin ölkə hüdudlarından kənarda da aktiv iştirak edərək Azərbaycana qələbə bəxş edirlər. Vətənpərvərlik məktəbi kimi tanınan rayonumuzda gənclər hər bir yarışdan qələbə, zəfər sorağıyla qayıdırlar. Ölkə rəhbərinin tapşırıq və göstərişlərindən irəli gələn vəzifələrin icrasında daim dövlətlə birdirlər. Fəxrlə deyə bilərik ki, bu gün respublikamızın elə bir guşəsi yoxdur ki, orada müasir idman kompleksi əhalinin istifadəsinə verilməsin. Hətta bildiyimiz qədər bu kimi şərait ən ucqar rayon və qəsəbələrimizdə gənclər üçün yaradılıb. Bu, gənclərimizin sağlam gələcəyi deyilmi?!

- Region mətbuatında yarışın əhəmiyyəti barədə yetərincə yazı dərc edilirmi?

- Bütün sahələrlə yanaşı, ölkəmizin idman sferasındakı ardıcıl yeniliklər daim mətbuatın diqqət mərkəzində olmaqla, operativ məlumatlar ictimaiyyətə vaxtında çatdırılır. Bu baxımdan mətbuatın müstəsna rolu təkzibolunmazdır. Bu sırada qeyd etdiyiniz kimi, region mətbuatının da üzərinə böyük məsuliyyət düşür. Çalışdığım media quruluşu da bu ənənəyə sadiqdir. Avropa Oyunlarına hazırlıq işlərinin başlandığı ilk gündən müntəzəm olaraq yarışın önəmi barədə qəzet səhifələrimizdə yazılar dərc olunur. Ölkəmizin məhz belə bir möhtəşəm tarixi hadisəni ilk olaraq keçirməyə nail olmasının mahiyyətindən, beynəlxalq arenada dövlətimizin artan ictimai-siyasi, mədəni nüfuzundan obyektiv məlumatlar veririk. Artıq televiziyalardan da hər kəsin izlədiyi kimi Avropa Oyunlarının məşəl festivalları regionlarımızda necə də böyük təntənə ilə, coşquyla qarşılanır, hər bir vətəndaşımızın sanki çoxdan gözlədiyi xoşbəxt anlar yaşanır. Həmin coşqu, zəfər yürüşünü xatırladan izdihamlı mənzərəni may ayının 3-də Biləsuvarda keçirilən məşəl səyahətində də açıq-aydın görmək olurdu. Bu xoşbəxt dəqiqələri qəzet səhifələrində işıqlandıran yüzlərlə həmkarımız var ki, əksəriyyəti region mətbuatının nümayəndələridir. Bu baxımdan bölgə qəzetlərimizin insanların maarifləndirilməsində, xəbərin oxucuya dolğun, obyektiv çatdırılmasında müstəsna xidmətləri danılmazdır.

- İdmançılarımıza arzularınız...

- Daim ölkəmizə qələbə sevinci bəxş edən igid, qəhrəman idmançılarımız, şübhəsiz ki, ilk Avropa Oyunlarında da qazandıqları birinciliklə xalqımızın yaddaşına 2015-ci ili qələbə ili kimi yazacaqlar. Hər birinə qabaqcadan qələbə əzmi arzulayıram.

Ayyət Əhməd