Qonşu ölkələrin mediasını müdafiəçimizə çevirə bilərik
Ekspertlər hesab edir ki, region KİV-lərlə əməkdaşlığa xüsusi önəm verməliyik
(əvvəli ötən sayda)
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Mətbuat Şurasında ölkəmizdə səfərdə olan bir qrup türkiyəli jurnalistlə görüş keçirilib. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, bu cür görüşlər Azərbaycan və Türkiyə mediası iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsində müstəsna rol oynamaqla yanaşı, ümumilikdə türk dünyasının konsolidasiyası ilə bağlı proseslərə də mühüm töhfə verməkdədir: "İndiyədək Türkiyə və Azərbaycan jurnalistlərinin iştirakı ilə çoxsaylı iclaslar təşkil edilib. Qarşılıqlı media əməkdaşlığında mühüm həlqəni ortaq həqiqətlərimizin təbliği təşkil edir. Biz, eyni zamanda, beynəlxalq miqyasda söz və ifadə azadlığı ilə bağlı məsələlərə də həssas yanaşmalıyıq.
Çünki çox zaman bu istiqamətdə sui-istifadələrin şahidi oluruq. Türkiyə və Azərbaycana qarşı heç də birmənalı münasibət yoxdur. Hollandiyanın yol verdiyi qeyri-etik hərəkət, üstəlik ölkədə türklərə qarşı həyata keçirilmiş zorakılıq aktları bunu bir daha təsdiqlədi. Düşünürəm ki, media orqanlarımız bu reallıqdan çıxış etməlidirlər”.
Sədr vurğulayıb ki, Mətbuat Şurası ümumilikdə İran, Rusiya və Gürcüstan daxil olmaqla, ümumilikdə bölgə jurnalistlərinin görüşünü təşkil etməyi planlaşdırır:
"Bu görüşün reallaşmasında Türkiyə mediası ilə qarşılıqlı təşəbbüskarlıq mühüm əhəmiyyət daşıyacaq”. Hazırda Gürcüstanda səfərdə olan Mətbuat Şurasının sədri Əflatun Amaşov gələcəkdə Azərbaycan və Gürcüstan jurnalistlərinin iştirakı ilə müxtəlif layihələr həyata keçiriləcəyini də vurğulayıb.
Sədr bildirib ki, Azərbaycan tərəfi Gürcüstan dövləti ilə birgə hər iki ölkənin mətbuat əlaqələrinin inkişaf etdirilməsinə çalışacaq:
"Sözsüz ki, bu layihələrdən Gürcüstanda fəaliyyət göstərən qəzet və jurnallar da kənarda qalmayacaq, bununla biz Gürcüstanda azərbaycandilli mətbuatın da inkişaf etdirilməsinə nail olacaq və informasiya qıtlığını aradan qaldırmağa cəhd edəcəyik”. Həmçinin, deputat bəyan edib ki, Gürcüstanda yaşayan yarım milyona qədər azərbaycanlı üçün informasiya qıtlığı mövcuddur: "Əvvəllər Tbilisidə nəşr olunan müxtəlif qəzetlər ölkədə baş verən hadisələr və müxtəlif beynəlxalq tədbirlər haqqında azərbaycanlılara operativ şəkildə xəbərlər çatdırırdı. İndi soydaşlarımız bu xəbərləri Azərbaycanda nəşr olunan qəzetlərdən və müxtəlif televiziyalardan, saytlardan alırlar. Amma təəssüf ki, bu informasiyalar onlara gec çatır və informasiya qıtlığına səbəb olur”.
Məlumat üçün deyək ki, hazırda ölkəmizdə dünyanın nüfuzlu xəbər istehsalçıları ilə əməkdaşlıq edən xeyli sayda KİV orqanı fəaliyyət göstərir. Azərbaycan media qurumlarının beynəlxalq əlaqələri nisbətən qənaətbəxşdir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında jurnalistlərin beynəlxalq əlaqələrinin özünəməxsus rolu var. Əməkdaşlıq çərçivəsində bir sıra ölkələrin media nümayəndələri Azərbaycana səfərlər edirlər. Eləcə də bizim jurnalistlər bir sıra beynəlxalq tədbirlərdə iştirak edərək, onların təcrübəsindən yararlanmağa çalışırlar. Təbii ki, bu səfərlər dövlətlər arasında münasibətlərdə də öz sözünü deyir. Lakin media ekspertləri hesab edirlər ki, dünyanın aparıcı KİV-ləri və media qurumları ilə paralel olaraq region ölkələri ilə də yaxından əlaqə qurmaq olduqca vacibdir. Hazırda isə bu əlaqə daha çox bir istiqamətdə - Türkiyə ilə qurulub. Ancaq nəzərə alsaq ki, İran, Rusiya və Gürcüstan media orqanlarında zaman-zaman Azərbaycan əleyhinə yazılar dərc edilir, o halda qonşu jurnalistlərlə əlaqələrin inkişaf etməsinin zərurliyi ortaya çıxar.
Mövzu ilə bağlı "Şərq”ə danışan "Report.az” saytının baş redaktoru Murad Əliyev deyib ki, qloballaşan müasir dünyada medianın bir-biri ilə əlaqəli şəkildə işləməsi olduqca vacibdir:
"Xüsusilə qonşu ölkələrin media nümayəndələri ilə münasibətlərin sıxlaşdırılması zəruridir. Regionumuzda yerləşən istənilən ölkədə baş verən mühüm hadisələr qonşu ölkələrin diqqət mərkəzində olur. Fikir verirsinizsə, bizim yerli xəbər saytlarının ən çox istinad etdiyi mənbələr Rusiya, Türkiyə və Gürcüstan mətbuatıdır. Bunun da əsas səbəbi ölkələrimizin sıx iqtisadi-siyasi əməkdaşlıq şəraitində olmasıdır. Məhz bu zərurətdən irəli gələrək qonşu ölkələr arasında media əməkdaşlığına dəstək vermək bilavasitə həmin ölkələr arasındakı əməkdaşlığın da genişlənməsinə şərait yaradacaq. Bu məsələdə İran mediası ilə Azərbaycan mediası arasında əməkdaşlığın digər qonşu ölkələrlə müqayisədə bir o qədər geniş olmadığını vurğulamaq lazımdır. Bunun da əsas səbəbi dil baryerinin olmasıdır. Lakin hesab edirəm ki, jurnalistlər arasında qarşılıqlı gediş-gəliş, birgə tədbirlərin keçirilməsi aktivləşərsə, bu məsələ də öz təbii həllini tapar”.
Baş redaktorun fikrincə, türk dünyasının media təmsilçilərinin əməkdaşlığı illərdən bəri danışılan mövzudur:
"Doğrudur, TÜRKPA və analoji digər təşkilatların yaranması münasibətlərin xeyli sıxlaşmasına səbəb olub. Amma media təmsilçilərinin səmərəli birgə əməkdaşlığı üçün hələ bir sıra işlər görülməlidir. Təklif kimi onu deyə bilərəm ki, yuxarıda sadalanan hər bir ölkədə xeyli sayda azərbaycanlı jurnalist yaşayır. Onlardan bir qismi hazırda mətbuatda çalışır. Bəziləri isə mediadan uzaqlaşıb. Ancaq onları da əməkdaşlığa qoşmaq olar. Çünki təcrübəli jurnalistlər bu işə öz töhfəsini verə bilərlər. Misal üçün, "Report” agentliyinin qonşu ölkələrdə yaratdığı xüsusi müxbir postlarında da məhz bizim həmin soydaşlarımız çalışır”.
"Bakipost.az” saytının baş redaktoru Elçin Zahiroğlu da "Şərq”ə bildirib ki, başqa ölkələrin, xüsusilə region dövlətlərin mətbuat orqanları ilə əməkdaşlıq çox önəmli məsələdir:
"Əslində istər dövlətimiz, istərsə də ayrı-ayrı təşkilatlar, o cümlədən media orqanları tərəfindən bu proseslər aparılır. Təsadüfi deyil ki, bu yaxınlarda Səudiyyə Ərəbistanına səfəri zamanı Prezidentin köməkçisi Əli Həsənov iki dövlət arasındakı əməkdaşlıqla bağlı prioritet məsələlərdən danışarkən məhz mətbu orqanların da əməkdaşlığı məsələsinə toxundu. Bu istiqamətdə əlaqələrin möhkəmləndirilməsinin zəruri olduğunu bildirdi. Bundan əlavə Dünya Azərbaycanlılarının sonuncu qurultayında bu məsələ qaldırıldı. Bildirildi ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, informasiya müharibəsində mövqelərimizi qorumaq üçün mütləq hər bir diaspor təşkilatı yerli media orqanları ilə əlaqələri genişləndirməli, onların Azərbaycan KİV-i ilə əlaqələrini yaradılmasında yardımçı olmalıdır. Belə təşəbbüslərin olmasına, müxtəlif tədbirlərin keçirilməsinə, bu istiqamətdə indiyə kimi xeyli sayda layihələrin reallaşmasına baxmayaraq, region ölkələrin KİV-ləri ilə əlaqələr qənaətbəxş deyil. Hesab edirəm ki, bununla bağlı keçirilən tədbirlər, layihələr, yeyib-içmək, şəxsi tanışlıq, hesabat doldurmaq müstəvisindən çıxaraq real iş müstəvisinə keçməlidir. Bu həm bizim informasiya almaq imkanlarımızı genişləndirər, həm də lazım olduqda ölkəmizlə bağlı məlumatların daha rahat və operativ şəkildə başqa ölkələrdə yayılmasına yardımçı olar”.
"Avropa.info” saytının baş redaktoru Ruslan Bəşirli də belə görüşlərin çox vacib olduğunu deyib:
"İlk öncə qardaş Türkiyədən olan media nümayəndələri ilə əlaqələrin qurulmasını vacib hesab edirəm. Bu, Türkiyə ilə münasibətlərin daha da dərinləşməsi ilə yanaşı, qarşılıqlı fikir mübadiləsi baxımından da faydalıdır. Eyni zamanda bizim media nümayəndələrinin təcrübə toplaması baxımından effektlidir. Bununla yanaşı Əflatun bəyin dediklərinə qatılıram. Region ölkələrinin jurnalistləri ilə görüşlərin keçirilməsi, qarşılıqlı fikir mübadiləsi, təcrübələrin öyrənilməsi çox faydalı olardı. Belə görüşlərin keçirilməsini doğru hesab edirəm”.
Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə Azərbaycan mətbuatının beynəlxalq əlaqələrinin genişləndirilməsinə ehtiyac olduğunu bildirib:
"Hazırda türk mediası ilə münasibətləri qənaətbəxş saymaq olar. Amma digər region dövlətləti ilə əlaqələrimiz ürəkaçan səviyyədə deyil. Buna görə də haqq səsimizi çox vaxt region dövlətlərində duyura bilmirik. Çox uzağa getməyək, Rusiya mətbuatında Azərbaycanla bağlı tez-tez təxribat xarakterli məlumatlara rast gəlmək olar. Bu, ilk növbədə həmin ölkə mətbuatında çalışan ermənilərin sayının çox olması ilə bağlıdır. Ermənilər uzun illər ərzində Rusiyanın hakim siyasi dairələrində, o cümlədən, mətbuatda güclü təsir imkanlarına malik olublar. Bu proses indi də davam edir. Nəticədə biz informasiya müharibəsində çox vaxt uduzuruq”.
S.Verdizadə hesab edir ki, Əflatun Amaşovun region dövlətlərinin mətbu dairələri ilə əlaqələri gücləndirməyin vacibliyinə diqqət çəkməsi zamanın tələbidir:
"İkitərəfli görüşlər həmişə faydalı olur. Biz Qafqaz xalqıyıq. Qafqaz xalqları həmişə ünsiyyətə meyilli olublar. Qonşu ölkə, müttəfiq dövlət olmağımıza baxmayaraq, Gürcüstan mətbuatında təsir imkanlarımız çox zəifdir. Halbuki biz bu qonşu ölkənin mətbuatını öz müdafiəçimizə, hətta təbliğatçımıza çevirə bilərik. Bu baxımdan həm Rusiya, həm Gürcüstan, həm də İran mətbuatı ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə ehtiyac var. Amma bunun üçün maliyyə resursu lazımdır. Bizim KİV-lərin isə maddi-texniki bazası zəifdir. Odur ki, bu cür layihələr dövlətin dəstəyi ilə gerçəkləşməlidir. İkitərəfli əlaqələrin genişlənməsi Azərbaycan həqiqətlərinin beynəlxalq arenaya çıxmasını daha da sürətləndirə bilər”.
"Lent.az”ın əməkdaşı Səbuhi Məmmədli isə hesab edir ki, nəinki region, ümumiyyətlə hər bir əməkdaşlıq önəmlidir:
"Əflatun Amaşovun dediklərini ümumən haqlı sayıram. Amma burada maraqli bir məqam var. Bu görüşlərdən Azərbaycan jurnalistləri və jurnalistikası nə qazanacaq?! Məsələn, mənim fikrimcə, hətta indiki vəziyyətdə belə Azərbaycan jurnalistləri həm bacarığına, həm də intellektual səviyyəsinə görə İran və Türkiyə jurnalistikasını qabaqlayır. Rus jurnalistlər bizdən bir neçə addım öndədir. Fikrimcə, Rusiya jurnalistləri ilə əməkdaşlıq etməklə onların təcrübələrindən faydalanmaq olar”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb