Qorunan hüququmuz...
İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
İnsan hüquq və azadlıqlarının qorunması bütün demokratik ölkələrin idarəetmə sisteminin əsasını təşkil etdiyi kimi, Azərbaycanın dövlət siyasətinin prioritetidir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik idarəetmə üsulunun formalaşması istiqamətində qanunvericilik bazasının yaradılması prosesində təməl insan hüquq və azadlıqlarına əsaslanmasını başlıca prinsip olaraq qəbul etdi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yürüdülən prosesdə insan hüquq və azadlıqlarının qorunmasını təmin edəcək hüquqi baza formalaşdı. Bu gün də həmin siyasət cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir və hüquqi bazanın təkmilləşməsi işi aparılır. Sübut 2011-ci ildə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın qəbul edilməsidir. Milli Fəaliyyət Proqramına ötəri nəzər salmaq yetərlidir ki, sənəddə insan hüquq və azadlıqlarının təminatının istisnasız olaraq hər kəsə şamil edildiyi təsdiqini tapsın. Sənəddə qaçqın və məcburi köçkünlərlə
yanaşı, məhkumların da, xarici ölkələrdə yaşayanların da hüquqları eyni dərəcədə tanınır, vətəndaş hüquqlarının təminatında normativ hüquqi sənədlər, beynəlxalq müqavilələr əsas götürülür. Eyni zamanda İnsan hüquqları üzrə Avropa Məhkəməsinin, BMT və Avropa Şurasının tövsiyələrinin nəzərə alınması da qeyd edilir.
"Azərbaycanın mükəmməl qanunvericilik bazası var”
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev bildirdi ki, Azərbaycan artıq 25 ildir müstəqildir və bu illər ərzində insan haqlarının qorunması sahəsində qanunvericilik bazası kifayət qədər mükəmməl forma alıb:
- Azərbaycan qlobal dünyanın bir parçasıdır və dünyada gedən proseslər bizə də təsirsiz ötüşmür. Bu mənada qanunvericilik bazasına zaman-zaman bu və ya digər dəyişikliklər edilməsi zərurəti yaranır. Təəssüflə qeyd etməliyik ki, bəzi qanunlara edilən dəyişikliklər bədxahlarımız tərəfindən insan hüquq və azadlıqlarının pozulması kimi qələmə verilir. Və Azərbaycanın yüksəlişini gözü götürməyən, adında "insan haqları” ifadəsi daşıyan bəzi beynəlxalq təşkilatlar ölkəmizə qarşı əsassız ittihamlarla çıxış edirlər.
Azərbaycan beynəlxalq təşkilat və qurumlarla, siyasi institutlarla bərabərhüquqlu əsaslarla əməkdaşlıq edir. Hər ötən il bu əməkdaşlıqda yeni-yeni mərhələlər açılır, imkanlar ortaya çıxır. Ancaq təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilat və qurumlar heç də hər zaman Azərbaycanla bərabərhüquqlu əməkdaşlığa maraq göstərmir. Azərbaycanda milli və hüquqi qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində aparılan məqsədyönlü işləri bəzi beynəlxalq təşkilatlar görməzdən gəlir, əsassız yerə hansısa qüsur, nöqsan axtarmağa çalışırlar. Azərbaycana qarşı qərəzli olan beynəlxalq qurumların Ermənistanın işğalçı siyasətini və bir milyondan artıq soydaşımızın öz doğma ata-baba ocaqlarından didərgin salınmasını görməməsi siyasi korluqdur. Bəzi üzdəniraq "hüquq müdafiəçilərini” və xəyanətkarları "siyasi məhbus” hesab etməsi və onların azad olunmalarını tələb etmələri belə qurumların məkirli olmasından və kimlərinsə sifarişlərini yerinə yetirməsindən xəbər verir.
Əgər beynəlxalq təşkilatlar ayrı-ayrı cinayət əməllərinə, o cümlədən xarici xidmət orqanlarına işlədiklərinə və dövlətə xəyanət etdiklərinə görə həbs olunanlara "siyasi məhbus” donu geyindirməsi tamamilə yanlışdır. Çünki jurnalist və ya hüquq müdafiəçisi olmaq heç kimi hansısa cinayət məsuliyyətindən azad etmir. Bu, dünyanın istənilən ölkəsində belədir. Azərbaycanda insan hüquqlarının təmin olunmasında ciddi problemlərin olduğunu iddia edənlər müəyyən qüvvələrin maraqlarına xidmət edirlər. Bu, dəfələrlə sübut olunub. Artıq cəmiyyətimiz də belə iddiaların sifarişli olduğunu bilir.
Vətəndaşların siyasi fəallığı artıb
Ə.Nuriyev qeyd etdi ki, vətəndaşların siyasi aktivliyi xüsusilə seçkilər zamanı artır:
- Bu günün Azərbaycan vətəndaşı nə 20, nə də hətta 10 il əvvəlin adamıdır. Bəlkə də ötən illərdə kimlərsə, seçkidə iştirakdan, seçki günü səsverməyə getməkdən imtina edir, bəziləri bunu mənasız sayırdısa da, bu gün ölkədə demək olar tam siyasi fəallıq mühiti bərqərar olub. Artıq biz seçki günü evindən çölə çıxmayan adamlara az rast gəlirik. Bunu həm prezident seçkilərində, həm də parlament seçkilərində müşahidə etdik. Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlərə görə, Azərbaycan Respublikası Prezidenti seçkilərində əhalinin 73 faizi iştirak etmişdi. 2015-ci ilin parlament seçkilərində isə 5 milyon seçicidən 2 milyonu səsvermə məntəqələrinə gedərək öz namizədinə səs vermişdi. Belə fəallıq ötən illərdə hiss olunmurdu. Son illər vətəndaşlarımızın siyasi fəallığının artması onların seçkilərin ədalətli və obyektiv keçirilməsinə inamından, istədiyi namizədə səs verərsə, heç bir basqı ilə üzləşməyəcəyi arxayınlığından irəli gəlir. Zatən, insanlarımız düzgün seçim edir, ölkəmizi sabitliyə, iqtisadi inkişafa, rifaha aparacaq siyasi qüvvələri tərcih edirlər. Vətəndaşlarımızın siyasi fəallığını təkcə seçkilərdəki aktivliklə də izah etmək olmaz. Elə bir dövrdə yaşayırıq ki, hər bir vətəndaş dövlətinin güclənməsi və stabilliyi üçün çalışmalıdır. Vətəndaşlarımızın regionda və dünyada gedən proseslərə reaksiyası da özünü çox gözlətmir. Azərbaycan dövləti diaspor fəaliyyətini yaxşı təşkil etdiyindən xaricdə yaşayan azərbaycanlılar bu fəaliyyətdən kənar qalmır.
Avropa Məhkəməsi bizdən nə istəyir?
İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbəri, hüquqşünas İradə Cavadovanın fikrincə, Avropa Məhkəməsinin Azərbaycan məhkəmələri tərəfindən qəbul edilmiş qərarları ləğv etməsi, yaxud hansısa işə yenidən baxılmasını tövsiyə etməsi və bəzi hallarda təzminat ödənməsi qərarı çıxarması məhkəmələrin bəzən düzgün mövqe tutmaması ilə bağlı olur:
- Adətən, Avropa Məhkəməsi 6-cı maddəyə istinad edərək qərar qəbul edir. Bu maddə ədalətsiz məhkəmə qərarları barədədir. AM qərar qəbul edir ki, məhkəmədə işə ədalətsiz yanaşma olub, istintaq pozuntuları qeydə alınıb və s. belə olan halda qərarın ləğvi, yaxud da işə yenidən baxılması tövsiyə edilir. Bəzi hallarda da vətəndaşların təzminat tələbi yerinə yetirilir. Bilirsiz, gərək məhkəmələr elə işləsin ki, hansısa beynəlxalq qurumların onlara irad bildirməsinə şərait yaranmasın. O yerdə ki, vətəndaşın hüquqlarını qorumaq mümkündür, hüquq pozuntusuna görə qanunun tələbinə uyğun cəza kəsmək olar, kəskin qərarlar verilməsinə ehtiyac yoxdur. Bəli, bəzi hallarda Avropa Məhkəməsi bizim məhkəmələrin ədalətsiz qərarlarına etiraz edir. Hansı ki, bu, baş verməyə də bilər. Bizdə məhkəmə qərarlarının icrasında da problemlər yaşanır. Azərbaycan beynəlxalq konvensiyalara qoşulub, konkret öhdəlikləri var. Niyə biz gözləməliyik ki, Avropa Şurası, yaxud Avropa Məhkəməsi bizə irad bildirsin?! Öhdəlik götürmüşüksə, etibarlı tərəfdaş kimi onu yerinə yetirməliyik. Azərbaycandan da Avropa Məhkəməsinə müraciətlər olub. Məcburi köçkünlər, qaçqınlar AM-yə iddia ərizələri ilə müraciətlər ediblər. Avropa Məhkəməsi onlara baxıb və doğru qərar verib. "Çıraqov və digərləri Ermənistana qarşı” işi yəqin ki, yadınızdadır. Laçın rayonundan didərgin salınmış bu azərbaycanlı ailəsi Ermənistanın təcavüzkar siyasətini ifşa etdi və mülkiyyət hüquqlarının bərpası ilə bağlı Avropa Məhkəməsinə müraciət etdilər. Avropa Məhkəməsi onların iddiasını qəbul etdi və bununla da faktiki Ermənistanı işğalçı kimi tanımış oldu.
Sosial fəallıq da vacibdir
İ.Cavadova hesab edir ki, Cinayət Məcəlləsində bir sıra dəyişikliklərə ehtiyac var, xüsusilə də səhiyyə sektoru ilə bağlı:
- Səhiyyə sektorunda pasiyentlərin hüquqlarının qorunması ilə bağlı görüləsi işlər var. Məsələn, dializ xəstələri yalnız qeydiyyatda olduqları yerdə müalicəyə qəbul olunur. Tutaq ki, bir insan dializ xəstəsi kimi Gəncədə qeydiyyatdadırsa, ona Bakıda və ya başqa bir şəhərdə dializ aparatına qoşulmağa icazə verilmir. Bununla insanın hərəkət azadlığı pozulur. Belə çıxır ki, dializ xəstəsi bir regiondan başqa birinə səfər edə bilməz. Əks halda, ölümə məhkum olacaq. Doğuş məsələləri, doğuşa hazırlaşan anaların məqsədli şəkildə qeysəriyyə kəsiyinə yönləndirilməsi də ciddi problemlər sırasındadır.
Son zamanlar biz ana və körpə ölümlərinin şahidi oluruq. Lakin təəssüf ki, belə hallarda həkimlərin, tibbi personalın cinayət məsuliyyətinə cəlb edilməsinin şahidi olmuruq. Bu ona görədir ki, Cinayət Məcəlləsində həkim səhlənkarlığı, həkimin səhvi ucbatından baş vermiş ölüm hallarına görə konkret cinayət məsuliyyəti nəzərdə tutulmur. CM-də sağlamlığa zərərvurmanın bir neçə növü göstərilir. İnsan həyatı üçün təhlükəli zərərvurma, qəsdən, ehtiyatsızlıqdan, az və ya ciddi və ya çox ciddi zərərvurma. Amma CM-də məhz tibb sahəsində, həkimlərin pasiyentin səhhətinə zərərvurması ilə bağlı konkret maddə yoxdur. Səhiyyə sektorunda baş verən ölüm və ya pasiyentlərin səhhətinə zərərvurmalar işdə yol verilmiş "səhlənkarlıq” kimi təqdim olunur, bu ad altında verilir, buna görə cinayət işi açılması mümkün olmur. Həkimlər də buna arxayındır, bilirlər ki, nə baş versə də, onlara cinayət işi açılmayacaq, həbs edilməyəcəklər, ona görə də məsuliyyətsizliklərini davam etdirirlər. İndiyədək neçə ana və körpə ölümü baş verib, hansı həkim cinayət məsuliyyətinə cəlb edilib?! Çox qəribədir ki, sürücü ehtiyatsızlıq üzündən qəza törədir və qəza ölümlə nəticələnirsə bu zaman sürücüyə 7-8 il azadlıqdan məhrumetmə cəzası verilir. Burda da insan həyatı var, orda da. Sürücü ehtiyatsızlıq edə bilər, idarəetməni itirər və bədbəxt təsadüf nəticəsində kiminsə həyatına son qoyular, buna görə insanı uzun müddətə həbsə atırlar, hələ vəfat etmiş şəxsin ailəsinə təzminat da ödətdirirlər, amma bir həkim səriştəsizliyi, savadsızlığı, məsuliyyətsizliyi ana və körpə ölümünə səbəb olur, buna görə həkim cəzalanmır. Yəni, onu cəzalandırmaq üçün hüquqi əsas tapılmır. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının üzvüdür, beynəlxalq konvensiyalara qoşulub, amma hələ də "Pasiyentlər haqqında” qanunu qəbul etməyib. Bu qanun qəbul olunarsa, pasiyentlərin hüquqlarını müdafiə etmək daha asan olacaq. Ya da gərək CM-nə əlavə və dəyişikliklər edilsin və orada birbaşa səhiyyə sektorunda çalışanların sağlamlığa zərərvurma, həmçinin insan həyatı üçün təhlükə törədən zərərvurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulsun. Vətəndaşlar da bəzən öz hüquqlarını bilmir, ya da hüquq-mühafizə orqanlarına müraciət etməyə ərinirlər. Amma vətəndaş həmişə aktiv olmalıdır, hüquqlarını bilib onların müdafiəsində dayanmalıdır. Belədə cəmiyyətdə sosial ədalət daha yaxşı öz yerini tapacaq. Qanunsuzluqlara qarşı vətəndaşlar da mübarizə aparmalıdır.
Məlahət Rzayeva
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur