Əvvəlki layihələrdə qalib gələn müəllimlər vəsaiti öz məqsədləri üçün istifadə edirdilər
10 min manatla müəllim həm özünü inkişaf etdirməlidir, həm də şagirdi
Bakı Şəhəri Təhsil İdarəsinin tabeliyindəki 42 nömrəli tam orta məktəbdə 2018-ci il üzrə elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi ilə əlaqədar maarifləndirici görüş təşkil olunub. Keçirilən görüşdə İdarənin əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak ediblər.
Görüşdə məlumat verilib ki, Təhsil Nazirliyi tərəfindən elan olunmuş müsabiqəyə dövlət ümumi təhsil müəssisələri və müvafiq təhsil ocaqlarında çalışan pedaqoji işçilər qatıla bilər. Təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ ümumi təhsil müəssisələri kateqoriyası üzrə 100.000, fərdi kateqoriya üzrə 10.000 manatdan çox olmamalıdır.
Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində əsas məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Təhsilin inkişafı, müəllimlərin əməyinin stimullaşdırılması və həvəslənməsi baxımından müsabiqənin təqdirəlayiq olduğunu deyə bilərik. Keçirilən layihədə hər bir müəllim tədris prosesi ilə bağlı müxtəlif ideyalarla çıxış edəcək. Bəs, qrantlardan əldə olunan məbləğ nə kimi işlərə sərf oluna bilər?
Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədovun "Şərq”ə açıqlamasına görə, əvvəlki layihələrdə qalib gələn müəllimlər vəsaiti öz məqsədləri üçün istifadə edirdilər. Lakin yeni layihədə bu cür hallar baş verməyəcək:
"Artıq keçən ildən etibarən orta ümumtəhsil məktəblərində "İlin məktəbi” və İlin müəllimi” layihəsi dayandırıldı. Həmin layihəyə ayrılan pul artıq qrant layihələrə verilməyə başladı. Bu, olduqca vacib bir addım idi. İlin müəllimi və ilin məktəbi müsabiqəsində qalib olanlar verilmiş vəsaitləri düzgün istifadə etmirdilər. Onlar bu məbləği daha çox şəxsi məqsədləri üçün xərcləyirdilər.
İndiki qrant layihədə qalib gəldikdən sonra konkret layihələrin həyata keçirilməsi konsepsiyası olacaq. İndiyə kimi hər il 100 müəllim ilin müəllimi olurdu və 50 məktəb ilin məktəbi müsabiqəsində qalib gəlirdi. Onlar kifayət qədər böyük vəsaitlər və digər ləvazimatlar alırdılar. Amma bunların heç biri təhsilin inkişafına gətirib çıxartmırdı. Hesab edirəm ki, artıq 2015-ci ildən başlanılan qrant layihələri bir çox sahələrə müsbət təsir göstərəcək. Təqdim edilən yeni qrant layihəsi isə ənənəvi və biri-birinin təkrarı olmamalıdır. Daha çox texniki və digər resursların inkişafına, robot texnologiyası, nanotexnologiya, arxeoloji qazıntılar, fizika sahəsinə aid olmalıdır. Bu layihə həyata keçirilən zaman Türkiyənin, Fransanın, Finlandiyanın və Cənubi Koreyanın nümunələri əsas götürülməlidir. Bu ölkələrin hər birində şagirdlər hazırladıqları layihələri həyata keçirmək üçün qrant alırlar. Əslində qrant ideyaya deyil, konkret layihəyə verilməlidir ki, biznes planı həmin layihənin reallaşması üçün həyata keçirilsin. Məsələn, bir neçə ay bundan əvvəl azərbaycanlı məktəbli yağışdan enerjinin alınması ilə bağlı bir layihə irəli sürmüşdü. Yəni, qeyri-adi layihələr, kəşflər var ki, bunların hazırlanması üçün qrantlar ayrılır”.
K.Əsədov bildirib ki, bu günə kimi keçirilən qrant layihələrin nəticələrinə baxsaq görərik ki, müəllimlərə pul mükafatları verilirdi, amma həmin layihələrin çox az hissəsi reallaşıb:
"Hesab edirəm ki, ayrılan qrant layihələrin vəsaitlərinin xərclənməsinə ciddi nəzarət olmalıdır. Çünki bu, dövlət büdcəsində kifayət qədər ciddi rəqəmlərdir. Əvvəllər "İlin müəllimi” layihəsində müəllim qalib olduğu üçün 5 min manat alırdı. Həmin vəsaitlə özünü inkişaf etdirmək, məsələn, müəyyən layihələrdə, treninqlərdə iştirak etmək yerinə sosial ehtiyaclarını ödəyirdilər. Halbuki müəllimlər ixtisaslarını daha da təkmilləşdirmək üçün kurslara getməli, xarici ölkələrdə ixtisası üzrə təhsilini davam etdirməli idi. Yəni, bu pul ona görə müəllimlərə verilir ki, onlar öz üzərində çalışsınlar. İnanıram ki, həyata keçiriləcək layihələr Azərbaycanın milli-mənəvi dəyərlərinin təhsilə gətirilməsi, innovasiyalar və texnologiyalar sisteminin təhsilə tətbiqi kimi üstünlük təşkil edəcək”.
Yeganə Bayramova