“Qulu, dizi möhkəm insandır”

Hər yerdə sevgi qazanan müəllimin portretini arxadaşları cızdıİbrahim Nəbioğlu: “Onun çox iti zehni var, tez qərar verə bilir”
Elçin Şıxlı: "Hər bir anında bu insanı yanında, əlindən tutan görürsən”
Arif Əliyev: "Dəyərli insanların sayının az olduğu bu dövrdə belə insanları qorumaq lazımdır”
Zemfira Məhərrəmli: "Düşünürəm ki, onun ziyası milli jurnalistikamız üçün gərəklidir”
Bürcü - əqrəb (at ili)
Sevdiyi rəqəm - 7 (televiziyada vaxtıilə "7 gün” proqramının müəllifi olduğuna görə)
Sevdiyi rəng - qırmızı.
Sevdiyi içki - adi su.
Sevdiyi yemək - plov.
Sevdiyi rejissor - Hiçkok, Tarkovski, Adil İsgəndərov.
Sevdiyi film - Hiçkokun "Yol” filmi.
Hobbisi - bağda məşğul olmaq.
Sevdiyi musiqi janrı - Türk şərqiləri, klassik simfonik əsərlər.
Sevdiyi jurnalist - bütün dürüst və vicdanlı jurnalistlər.
Dünən Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmlinin doğum günü idi.
Hər nə qədər zahirən 63 yaşında biri kimi görünməsə də, Qulu müəllim xarakterinə görə ağsaqqal mövqeyinə çoxdan sahib olub.
Özünəməxsus yumoru, ziyalı işığı ilə bütövlükdə Azərbaycan ictimaiyyətinin rəğbətini, jurnalistika fakültəsinin sevgisini qazanan bu insan bütün ömrü boyu şəxsiyyəti təsdiq edən sınaqlardan uğurla və bacarıqla çıxıb, əxlaqi baxımdan da yüksəkdə dayanan dəyərlərə tapınıb. Onun qələmi də, yaradıcılığı da ən az xarakteri qədər ləyaqətli və vicdanlıdır. Qulu müəllim haqqında çox şey yazmaq, onunla çox şeydən danışmaq olar. Amma istedadla şəxsiyyəti özündə birləşdirmək potensialına sahib olan bu insan həddindən artıq da təvazökardır. Deyir "Mənim haqqımda çox şişirdilmiş sözlər yazmayın, sonra inanıram”. 
Onun bu təvazökarlığını nəzərə alaraq bu dəfə özü ilə yox, yaxın dostları ilə əlaqə saxladıq.
Qulu müəllimlə 1991-ci ildə tanış olduğunu vurğulayan İbrahim Nəbioğlunun sözlərinə görə, həmin vaxt o, AzTV-nin artıq tanınmış və professional jurnalist və siyasi şərhçilərindən biri idi: 
"İlk təmaslarımız Teleradio şirkətinin koridorlarında ayaqüstü söhbətlərlə başlamışdı. Mərhum Məmməd Aslanın ona xüsusi hörməti və sevgisi var idi. Mənimlə də xoş münasibəti olduğu üçün Məmməd Aslan bizim yoldaşlığımızın möhkəmlənməsində müəyyən rol oynadı. Daha sonra, 1993-cü ildən mən Ankaraya, Türkiyəyə ezam olundum. AzTV-nin Türkiyə təmsilçisi kimi artıq bizim professional iş əlaqələrimiz də başladı. Və mən onun səriştə, istedadına bilavasitə şahid oldum. Hardasa doxsanların sonunda Universitetdəki tələbələrindən birinə ‘’İbrahim Nəbioğlunun misalında xarici ölkədə reportyorluq’’ mövzusunda (diplom işinin adı dəqiq olmaya bilər) diplom işi verdi. Çox təəccüblənmiş, amma çox qürurlanmış və mutlu olmuşdum”.
Qulu Məhərrəmli ilə yoldaşlıqdan dostluğa keçidi dəqiq xatırlamadığını qeyd edən İ.Nəbioğlu bir də baxıb ki, artıq neçə illərin dostu, ürək sirdaşıdırlar. Biri-birləri ilə tez-tez əlaqə saxlayıb, hal-əhval tuturlar: 
"Mən İstanbulda yaşadığım üçün üz-üzə az görüşürük. Amma bəlkə də elə buna görə hər görüş daha da isti və daha arzuolunan olur”.
Bir dost olaraq Qulu müəllimin xarakterini sözlə təsvir edən İ.Nəbioğlu deyib ki, onun çox iti zehni var, tez qərar verə bilir:
"Qorxaq deyil, ürkək deyil, cəsarətlidir, abırlıdır, istənilən şəraitdə ləyaqət hissini itirmir. Amma di gəl ki, ipinin üstünə odun yığmaq olmur, hiperaktivdir, bir günə çox iş salır və demək olar hamısını da dəhşətli gecikmələrlə yerinə yetirir. Amma şirindil və incə yumoru ilə kimsə ondan incimir.
AzTV-də işlədiyi hər sahədə uğurla çalışıb, bir çox ilklərə imza atıb. Ona ‘’Televiziyanın Piri’’ deyirəm. İndiki Televiziya məkanının nadir peşəkarlarındandır, hətta o, Canlı Əfsanədir”.
"Şərq” vasitəsilə profesoru təbrik edən İ.Nəbioğlu əziz dostuna doğum günündə can sağlığı arzulayıb. "Var olsun, yanımızda olsun! Ölkəmizin ona hələ çox ehtiyacı var”- deyib.
Elçin Şıxlı isə Qulu Məhərrəmli ilə nə vaxt tanış olduğunu xatırlamır, amma onu çoxdan tanıdığını deyib: 
"Qulu Məhərrəmli AzTV-nin xəbər proqramlarının aparıcısı, əsas siması idi. Hər axşam onu efirdə görür, böyük maraqla siyasi verilişlərini, analitik təhlillərini dinləyirdik. Onunla nə vaxt tanış olmuşam bilmirəm, amma mənə elə gəlir ki, Qulu Məhərrəmlini gözümü açandan tanıyıram. Jurnalistika ilə bağlı fikirlərimizin üst- üstə düşdüyünü anladığımız zamandan bizim dostluğumuz başladı. Müxtəlif görüşlərdə bir yerdə olur, peşəkarlıqla bağlı müzakirələr aparırdıq. Bu əməkdaşlıq tədricən dostluğa çevrildi və illər keçdikcə daha da möhkəmləndi. Bu dəqiqə "Ayna”nı Qulusuz təsəvvür edə bilmirəm. 
İbrahim Nəbioğlunun gözəl bir sözü var: "Qulu, dizi möhkəm insandır”. Bizdə pis günün dostu deyilən bir anlayış var, hərçənd ki, "dost” pərdəsi altında gizlənən bəzi adamlar insanların dərdini dinləyir, onun ağlamağına baxır. Dilində təsəlli versə də, ürəyində sevinir, sənin pis gününü istəyir. Amma Qulu müəllim sözün həqiqi mənasında çətin günlərin arxadaşıdır. Hər bir anında bu insanı yanında, əlindən tutan görürsən. Qulu Məhərrəmli xarakter etibarı ilə həddindən artıq möhkəm və əyilməzdir. Heç zaman öz yolundan sapmır, bildiyi yolla gedir və əlinə aldığı işin sonuna çıxır. Bir dost və peşəkar insan olaraq onun xətrini çox istəyirəm. O, hər şeydən əvvəl gözəl ailə başçısıdır. Qulu müəllimlə yanaşı, onun xanımı Zemfira Məhərrəmlini, balalarını təbrik edirəm. Qulu Məhərrəmli məndən 3 yaş böyükdür, amma heç yaşını göstərmir. Arzu edirəm ki, hər zaman bu cür enerjili və həyatsevər qalsın! Üzündən-gözündən təbəssüm əskik olmasın!”
Qulu Məhərrəmlini hamı kimi televiziyadan tanıdığını deyən Arif Əliyevin sözlərinə görə, onların yaxın dostluğu bir tədbirdəki şəxsi görüşdən sonra başlayıb. Düz 25 ildir ki, vaxtlarının böyük bir hissəsini bir yerdə keçirir, bir yerdə də işləyirlər: 
"Bir dost kimi Qulu həddindən artıq etibarlı insandır. Azərbaycanın ən yüksək səviyyəli peşəkarlarından biridir və bu peşəkarlıq bir sahə ilə məhdudlaşmır. Onun fəaliyyəti hərtərəflidir. Arzu edirəm ki, Allah nə qədər ömür veribsə, bir yerdə olaq. Dəyərli insanların sayının az olduğu bu dövrdə belə insanları qorumaq lazımdır”.
Qulu müəllimin ad günü ilə bağlı yaxın dostlarının təəssüratlarını öyrənib, professorun ömür gün yoldaşı, ürək sirdaşı Zemfira xanım Məhərrəmlinin fikirlərini bölüşməmək düzgün olmazdı: 
"Yəqin ki, fikirlərim təvazökarlıqdan uzaq hesab edilməz. Həmişə demişəm ki, ömür-gün yoldaşım Qulu Məhərrəmli həm də mənim böyük həmkarımdır. Ölkəmizdə ciddi jurnalistikanın öncüllərindən biri, TV və radio jurnalistikasının nəzəriyyəsi və praktikası sahəsində tanınmış alim, mütəxəssisdir. Onun parlaq şəxsiyyəti, intellektual səviyyəsi, mərdliyi, mübarizliyi ilə mən də, övladları da həmişə qürur duymuşuq. Qulu müəllimin bütün fəaliyyəti, yaradıcılığı, ərsəyə gətirdiyi 30-dan artıq elmi-publisistik əsər dövlətçiliyimizə və canından artıq sevdiyi xalqımıza, doğma yurduna bağlıdı. O, bu ali keyfiyyətləri auditoriyada onu dinləyən tələbələrinə-gələcək jurnalistlərə də aşılayır. Düşünürəm ki, onun ziyası milli jurnalistikamız üçün gərəklidir.
Qəzetinizin yaratdığı imkandan bəhrələnib, tələbəliyimin yadigarı, ömür-gün yoldaşım, arxa-dayağım və qələm dostumu yeni yaşı münasibətilə ailəmiz adından bir daha təbrik edir, qoy nurlu simandakı işıq heç vaxt sönməsin deyirəm”.
P.S. Biz də "Şərq” qəzeti olaraq Qulu müəllimi ad günü münasibəti ilə təbrik edir, ona cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. İnanırıq ki, Qulu müəllim özünün böyük potensialından bundan sonra da jurnalistikamız və dövlətimiz naminə səmərəli şəkildə istifadə edəcək.
Şəymən