Qurucu, qayğıkeş və örnək Prezident

"Cənab Prezidentin öz ad gününü belə formada qeyd etməsi çox təqdirəlayiq və nümunəvi addımdır”.
Bunu "Sherg.az”a açıqlamasında tanınmış jurnalist, "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
Qurum sədri bəyan edib ki, Prezident İlham Əliyev öz hərəkətləri ilə bütün dövlət məmurlarına örnək olur: 
"Hökumət müşavirələrində də həmişə məmurları sadə olmağa, xalqın yanında olmağa çağırır. Ona görə də, cənab Prezidentin xalq arasında nüfuzu çox yüksəkdir, xalqımız ona böyük hörmətini nümayiş etdirir. Əsl dövlət başçısı belə də olmalıdır. Təəssüf ki, bəzi məmurlar dövlət başçısından nümunə götürmür, qanuna və etikaya zidd hərəkətlər edirlər. Ona görə də, xəbərdarlıqdan sonra da davranışlarını dəyişməyəndə onlar vəzifədən azad edilirlər. 
Ümumiyyətlə, İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz iqtisadi cəhətdən böyük inkişaf yolu keçib, beynəlxalq aləmdə siyasi nüfuzu xeyli artıb, əhalinin sosial vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dövlət başçısının həyata keçirdiyi xarici və daxili siyasət Azərbaycanı dünyada nümunəvi ölkələrdən birinə çevirib. Məhz bu səbəbdən beynəlxalq təşkilatların keçirdikləri sorğularda İlham Əliyevi tez-tez dünyanın ən nüfuzlu liderləri siyahısında görürük”.
E.Bayramlı bildirib ki, ölkə rəhbəri İlham Əliyev inkişaf etdirdiyi dövlətimizin artan imkanlarından mümkün qədər sadə xalqın güzəranının yaxşılaşdırılması, ehtiyacı çox olan təbəqələrin, xüsusən qaçqın və köçkünlərin dövlət hesabına pulsuz mənzillə təmin olunması üçün istifadə edir. 
Nəticədə ölkədə sosial problemlər azalır, vətəndaşların normal yaşaması üçün şərait yaranır. Bütün aztəminatlı və güzəştli təbəqəyə dövlətimizin yardımları var. O cümlədən, biz jurnalistlər də dövlətimizin bu sosial qayğısından yararlanırıq.
Cənab Prezident jurnalistlər üçün ümumilikdə 665 mənzil olan 3 yaşayış binasının tikilməsi ilə bağlı sərəncam verib. 
Onlardan 2-si (410 mənzil) artıq istifadəyə verilib, digəri isə (255 mənzil) tikilir və yaxın vaxtda sahiblərinə təhvil veriləcək. Qaçqın və köçkünlərdən əlavə, digər peşə sahibləri olan neftçilərə, hərbçilərə, hüquq mühafizə və başqa dövlət orqanlarının əməkdaşlarına, mədəniyyət və incəsənət xadimlərinə pulsuz mənzillər verilir. 
Belə hal çox nadir ölkələrdə var. Azərbaycan sosial dövlətdir. Bu siyasətin də əsasını ümumilli lider Heydər Əliyev qoyub, İlham Əliyev isə bu siyasəti layiqincə davam etdirir. Xalqımız da bu siyasəti dəstəkləyir və seçkilərdə İlham Əliyevə və onun komandasına səs verməklə öz dəstəyini əyani nümayiş etdirir. Mən də cənab Prezidentimizi ad günü münasibətilə təbrik edir, xalqımızın və dövlətimizin mənafeyi uğrunda həyata keçirdiyi müqəddəs işlərində ona uğurlar arzu edirəm”.
İsmayıl