“Qurulacaq koalisiyanın ömrü 4 il olmayacaq”

Fərhad Mehdiyev: “Təkrar seçki keçirilsə, qarşımıza eyni nəticələr çıxacaq”
“Koalisiya daha çox AKP-MHP və AKP-HDP arasında formalaşa bilər”


İyun ayının 12-də Türkiyədə keçirilmiş parlament seçkilərinin nəticələri maraqlı məqamları ortaya çıxarıb. Seçkilər uzun müddətdən sonra ilk dəfə olaraq, siyasi qüvvələr nisbətini tam şəkildə gözlər önünə gətirib. İndi hansı partiyanın nə qədər siyasi təsir gücünə malik olduğu daha aydın anlaşılır. Günlərdir, koalisiya hökumətinin qurulması ilə bağlı partiya rəsmiləri arasında müzakirələr aparılsa da, konkret nəticə almaq mümkün olmur.

Çünki AKP ilə koalisiya hökumətində təmsil olunmaq qərarı alan müxalif partiya rəhbərləri çox ağır şərtlər irəli sürürlər. Ötən gün yayılan iddia ölkə gündəmini bir qədər də çalxalayıb. Deyilənə görə, təkbaşına hökumət qurmaq imkanını əldən verən AKP yetərsayı əldə etmək üçün ehtiyacı olan 18 millət vəkilini başqa partiyalardan transfer etməyə çalışır. Hazırda Türkiyə siyasi dairələrində bu ehtimal ciddi müzakirə olunur. Amma Türkiyə ictimaiyyətində əksəriyyət AKP-MHP koalisiyasından bəhs edir. Ötən gün mətbuata açıqlama verən MHP-nin sədr müavini Mövlud Karakaya da AKP ilə MHP koalisyonunun mümkün olduğunu söyləyib: "Partiyamızın bu məsələyə yanaşması ortadadır. MHP indiki məqamda Türkiyəni koalisyonsuz qoymaq fikrində deyil. Bu baxımdan bir sıra məsələlərin istismar mövzusu olmasının tərəfdarı deyilik”. Baş nazir Əhməd Davudoğlu da ölkəni hökumətsiz qoymağın yaxşı nəticələr verməyəcəyini deyib və bir an öncə koalisiyanın qurulmasının zəruriliyini vurğulayıb: "Koalisiya azlıq hökumətdən daha yaxşıdır. Çünki təkrar seçki millət vəkillərinə haqsızlıq olar”. Bu arada HDP sədri Səlahəddin Dəmirtaşdan da gözlənilməz koalisiya açıqlaması gəlib. O deyib ki, əgər AKP və CHP kürdlərin maraqlarını qoruyan koalision hökumət qurarsa, HDP onlara kənardan dəstək verə bilər.

Türkiyədəki proseslərlə bağlı "Şərq”in suallarını Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev cavablandırır.

- Hakim partiya ilə bağlı yayılan iddia nə dərəcədə reallığı əks etdirir?

- Əgər AKP bilsəydi ki, pulla və ya hansısa yollarla 18 deputatı öz tərəfinə çəkə bilər, yəqin ki, bu addımı atardı. Ola bilər ki, hakim partiyanın rəsmiləri kulislərdə CHP, MHP, hətta HDP
üzvləri ilə bir araya gəlir, onlara müəyyən təkliflər edir, pulla ələ almağa çalışırlar. Yəni belə bir şey ehtimal edilir. Amma bunun alınıb-alınmayacağını söyləmək çətindir. Hər şey həmin partiyalara məxsus vəkillərin nə qədər sədaqətli və vəfalı olması ilə bağlıdır.

- Nəticələr açıqlanandan etibarən ictimaiyyətdə AKP-MHP koalisiyası müzakirə olunur. Sizcə, bir sıra ortaq nöqtələri olan bu iki partiyanın bir araya gəlməsi mümkündürmü? Mümkün deyilsə, səbəbi nədir?

- Əvvəla onu deyim ki, MHP-nin seçkidə aldığı səs faizi 16-dır. Demək olar ki, millətçilər hər seçkidə buna yaxın səs toplayıblar. Yəni kimsə düşünməsin ki, MHP-nin səs faizi artıb. Hesab edirəm ki, hansı partiya ilə koalisiya yaradılacaqsa, bu koalisiya müvəqqəti olacaq. Hamı çox gözəl bilir ki, bu cür koalisiyaların ömrü 4 il olmayacaq. Çünki qurulan istənilən koalisiyada hər partiya prosesləri öz xeyrinə dəyişməyə, növbəti seçkilərdə daha yüksək səs toplamağa çalışacaqlar. Koalisiya ilə bağlı MHP-nin ortaya qoyduğu qırmızı xətlər var. Millətçilərin əsas şərti "kürd məsələsi” ilə bağlıdır. MHP "çözüm sürəcinin” birdəfəlik dayandırılmasını tələb edir. Ötən gün AKP-dən də "çözüm sürəcinin” dayandırıla biləcəyi ilə bağlı bir açıqlama gəldi. Əslində bu, bir mesajdır. Yəni hakim partiya deyir ki, əgər MHP digər məsələlərdə problem yaratmazsa, koalisiyaya razılıq versə, AKP bir sıra məsələlərdə geri addım ata bilər. Hər halda hakim partiya rəhbərliyi fikirləşir ki, koalisiya hökuməti qurulandan sonra istər-istəməz "kürd məsələsində” MHP-nin mövqeyində dəyişiklik olacaq. Diqqət edirsinizsə, son günlər PKK-çılar türk ordusuna qarşı terror hadisələri həyata keçirir və qanlı hadisələr törədirlər. Əslində bu da bir mesajdır ki, əgər "çözüm sürəci” tamamilə dayansa, qanlı aksiyalar təkrar davam etməyə başlayacaq.

- İndiki şəraitdə AKP-siz koalisiya hökuməti qurula bilərmi?

- Prezident Ərdoğan heç vaxt AKP-nin içində olmadığı bir koalisiyaya hökuməti qurmaq tapşırığı verməz. Yəni CHP-MHP-HDP formulunun reallaşması mümkün deyil. Qurulan istənilən koalisiyada mütləq AKP olmalıdır. Aydındır ki, AKP ilə CHP-nin sosial dabanları biri-birinə çox ziddir. Bu iki partiyanın koalisiya qurması demək olar ki, imkansızdır. Koalisiya daha çox AKP-MHP və AKP-HDP arasında formalaşa bilər. Əlbəttə ki, o zaman şərtlər də fərqli olacaq.

- Görünən odur ki, dörd partiyanın heç biri təkrar seçkinin keçirilməsini istəmir. Əgər təkrar seçim olarsa, partiyaların səs faizində ciddi dəyişiklik olarmı?

- İndiki vəziyyətdə təkrar seçki keçirilsə, qarşımıza eyni nəticələr çıxacaq. Çox az dəyişiklik müşahidə olunacaq. Bunu müxalifət partiyaları ilə yanaşı, AKP də çox gözəl başa düşür. Hakim partiya növbəti seçkiyə qədər Türkiyədə elə bir şey etməlidir ki, itirdiyi səsləri yenidən özünə çəkə bilsin. Bilmək olmaz, bəlkə də AKP bunun üzərində düşünür. Vurğulamaq lazımdır ki, AKP-nin itirdiyi səslərin hamısı birbaşa HDP-yə gedib. Hakim partiya səslərini itirdiyi kürdlərə üzünü tutub deyə bilər ki, "baxın, AKP istisna olmaqla, heç bir partiya "kürd məsələsini” həll etməyə, "çözüm sürəcini” davam etdirməyə razı deyil, ona görə də yenidən bizə səs verin”. Amma inanmıram ki, kürdlər buna getsin. Çünki onlar yaxşı bilirlər ki, AKP seçkidən qalib çıxsa və təkbaşına hökumət qursa, Ərdoğan dərhal konstitusiyanı dəyişdirərək və ölkədə başqanlıq sistemini quracaq. Kürdlər kifayət qədər güclənmiş Ərdoğanın onlara əlavə səlahiyyət və imtiyaz verəcəyinə inanmırlar. Bu səbəbdən kürdlər AKP-yə səs verməyəcək”.

İsmayıl