Bilmədiyimiz çox şeylər var, antisanitariyaya fikir verən yoxdur
“Quşların kəsildiyi yerin divarları sukeçirməz olmalıdır”
"İstifadə edilməyən toyuğun hissələri zərərsizləşdirilərək emal yerindən kənarlaşdırılmalıdır”
Bakıda qanunsuz fəaliyyət göstərən quş əti emalı müəssisələrinin sayı azalmaq əvəzinə, çoxalır. Bununla bağlı aidiyyəti dövlət qurumları tədbirlər həyata keçirsə də, nədənsə, belə sexlərin sayı azalmır. Belə ki, bir neçə gün öncə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən antisanitariya şəraitində toyuq əti hissələrinin çeşidlənmə sexi aşkar edilməsi də bu sahədə vəziyyətin yaxşı olmadığını göstərir.
Nəticədə alıcıların da xəbəri olmadan onlar üçün ciddi təhlükə yaranır və aldadılırlar.
Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyir ki, belə yerlərin əksəriyyəti həyətyanı təsərrüfatlardır: "Yəni bu yerlər quşçuluq fabriki statusu almış yerlər deyil. Sadəcə problem burdan başlanır ki, neçə baş quş saxlamaq mümkün olan yerlər fabrik və ya ferma statusu almalı və standartlara cavab verməlidir. Həm də ona görə qanunsuz hesab olunur ki, sözügedən yerlər nə dövlət orqanlarında, o cümlədən Sanitar Nəzarəti Xidmətində, Dövlət Baytarlıq Xidmətində qeydiyyata düşmürlər. Bu növ fəaliyyətlə məşğul olan şəxs sahibkar olaraq qeydiyyata düşməlidir. Daha sonra həmin müəssisədə baytar həkimi olmalı və quşların yemlənməsindən tutmuş kəsilməsinə qədər prosesə nəzarət etməlidir. Əgər qeyd edilən şeylər yoxdursa, artıq bu, qanunsuz fəaliyyət sayılır. Ancaq vətəndaş öz şəxsi təsərrüfatında belə toyuq saxlayarkən qayda-qanunlara riayət etməlidir”.
İ.Abdullayev həmçinin quş fabrik və fermalarındakı broyler istehsalına qoyulmuş tələblərdən də danışıb: "Lakin fabrik iki istiqamətdə - ətlik və yumurtalıq istehsalı üzrə də fəaliyyət göstərə bilər. Ətlik istehsal üzrə tələblər çoxdur. Çünki burada baytara və sanitariyaya aid öhdəliklər var. Müəssisənin laboratoriyasının olması da mütləqdir. Çünki quşlar seçilməli və kəsimə verilməmişdən öncə baytarlar tərəfindən əti və qanından nümunələr götürülür, hertipiotik və antibiotiklərin miqdarı yoxlanılır və daha sonra kəsimə verilib-verilməməsi ilə bağlı rəy verilir.
Sonra quşların kəsimində sanitariya qaydaları tətbiq olunur. Bu da ondan ibarətdir ki, kəsim yerinin divarları sukeçirməz olmalı və vaxtaşırı həmin yer dezinfeksiya olunmalı və kəsilib çıxarılan hissələri ayrı-ayrı bir yerə yığılmalıdır. İstifadə edilməyən toyuğun hissələri zərərsizləşdirilərək emal yerindən kənarlaşdırılmalıdır”.
Qurum rəsmisi yuyulmada isə isti və soyuq suyun olmasının vacibliyindən də söz açıb: "Suyun standartlara cavab verməsi də önəmlidir. Kəsilmiş quş əti yuyulduqdan sonra qablaşdırılaraq soyuducuya yerləşdirilir. Soyudulma mexanizmi müxtəlif ola bilər. Məsələn, şoklanma olur. Bununla soydulumuş broyler birbaşa marketlərə gətirilir. Sonuncu qeyd etdiyim soyudulmuş quş ətləri bir-iki gün ərzində satılmalıdır. Lakin dondurulmuş ətlər -45 dərəcəyə qədər temperaturda soyudulub şoklandırılaraq satışa çıxarılır. Bunlar quş fabrikinin sahibi tərəfindən həyata keçirilməlidir”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, qanunsuz və antisanitariya şəraitində belə müəssisələrin çox olmasının toyuq ətinə olan tələbatın artıq olması ilə bağlıdır: "Çünki bazar tələb və təklif əsasında fəaliyyət göstərir. Bu baxımdan tələbatın qarşısını inzibati yollarla almaq mümkün deyil. Ona görə tələbat var ki, əhalinin kənd toyuğu ətlərinə xüsusi marağı var. Şəhər əhalisi elə zənn edir ki, "fasofka” edilməyən və qablaşdırılmayan toyuq ətləri kənd toyuğudur. Əslində kənd toyuğu çəmənlikdə otlayan, təbii qidalanan toyuqlara deyilir. Bundan da bəzi işbazlar istifadə edərək insanları aldadaraq bazara qablaşdırılmayan toyuqlar çıxararaq satırlar. Ona görə də nə qədər ki, istehlakçılar bunun broyler olduğunu anlamırlar və alıcıların baytarlara inamı yoxdursa, beləcə də istehlakçılar aldadılacaq”.
Vüqar Şahinoğlu