Radikal vəhhabilik təhlükə mənbəyidir

“Qanunlara zidd gedən, ictimai asayişi pozan hər bir fərd məsuliyyətə cəlb olunmalıdır”



"Kökündə terror, separatçılıq, üsyan, anarxiya və sair mənfi yüklü ideoloji əsaslar olan cərəyanların qarşısı alınmalıdır”. Bunu dini radikalizmə qarşı mübarizə üsulları ilə bağlı "Şərq”ə danışan ilahiyyatçı-yazar, "Quran Evi Dərnəyi”nin rəhbəri Fərid Abdullah deyib.

Ekspert bildirib ki, qeyri-ənənəvi dini cərəyanlara münasibət hər zaman müzakirə obyekti olub: "Bir yandan tolerantlıq, digər yandan cəmiyyətin asayişi məsələsi bu mövzunu daha da aktuallaşdırır. Xüsusilə radikal-vəhhabi ideologiyası daşıyan şəxslərin dünyada nə kimi təhlükələr törətdiyi məlumdur. Axı bir insan təhlükə mənbəyini necə himayə edə bilər? Onlarla hansı şəkildə mübarizə aparmaq lazımdır? Bilirsiz ki, Azərbaycanda kök salmış ənənəvi iki məzhəb, yəni sünnilik və şiəlik heç zaman dövlətçiliyimiz üçün təhlükə olmayıb. Azərbaycan yeganə ölkələrdəndir ki, burada məzhəblərarası qarşıdurma qeydə alınmayıb. Şiələr də, sünnilər də qardaş kimi yaşayıblar. Lakin sonra bir dövr gəldi və radikal cərəyanlar ölkəmizə ayaq açdı. Nurçu, radikal-vəhhabi və s. ideoloji hərəkatlar yayılmağa başladı, gərginlik ortaya çıxdı. Əlbəttə, bütün bu cərəyanlarla dini və elmi sahədə, yəni dəlil-sübutlarla mübarizə aparılıb”. İlahiyyatçı-ekspertə görə, radikalizmə qarşı təbliğat üsullarından, maarifləndirici metoddan geniş istifadə edilir. Amma görünən odur ki, bu, çox da alternativ çıxış yolu deyil: "Təbliğata baxmayaraq, Suriya məsələləri nə qədər ailələri dağıtdı. İŞİD və sair terror təşkilatlarına qoşulanların sayı çoxaldı, insanlar arasında radikal münasibətlər sərgiləndi. Fikrimcə, müvafiq dövlət qurumları dini cərəyanlara nəzarəti daha da gücləndirməlidir. Təbii ki, inanca görə inzibati cəza qoymaq olmaz. Problemlər elm müstəvisində həll olunmalıdır. Buna baxmayaraq, qanunlara zidd gedən, ictimai asayişi pozan hər bir fərd məsuliyyətə cəlb olunmalıdır. Belə şəxslərlə bağlı sərt inzibati cəzalar tətbiq etmək zəruridir”.

İsmayıl