Onlar çox güclü şəbəkəyə malikdirlər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bəzi xristian radikal qrupların Azərbaycanda yayılmağa cəhd göstərdiklərini deyib. Buna imkan verməyəcəklərini bildirən komitə sədri radikal-xristianların sosial şəbəkələrdə fəal olduğunu da diqqətə çatdırıb: "Komitə olaraq onlara qarşı mübarizədə xeyli iş görürük. Gənclər də onlara qarşı ayıq-sayıq olmalıdır”.
Azərbaycanda yayılan radikal-xristianlıq təhlükəsindən danışan ilahiyyatçı-alim Elşad Miri həmin qrupların Dini Komitə təsis edildiyi gündən etibarən Azərbaycanda gizli, türklər demişkən, sinsi fəaliyyət göstərdiklərini deyib: "Onların fəaliyyəti o qədər hiss olunmur. Amma çox güclü şəbəkəyə malikdirlər. Təsəvvür edin ki, dini komitə tərəfindən "Yahova Şahidləri” adlı təşkilatın ölkəmizdə dini icma kimi fəaliyyəti qadağan olunanda, amerikalı dörd konqresmen ovaxtkı Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşməyə gəldilər. Görün, necə böyük bir gücdən söhbət gedir. Müsəlmanlar arasında məzhəb problemləri ortaya çıxdığı qarışıq dövrlərdə də həmin qeyri-islam təmayüllü dini icmalar Azərbaycanda yetişdirdikləri kadrlar vasitəsi ilə öz təbliğatlarını həyata keçiriblər. Amma artıq məsələyə rəsmi şəkildə diqqət yetirildiyinə görə, yəqin ki, hüquqi məhkəmələr yolu ilə onların qanunsuz fəaliyyətinin qarşısı alınacaq”.
E.Miri radikal-xristian qrupların təbliğat üsullarına da toxunub: "Onlar əsasən universitetlərdə təhsil alan tələbələrdən istifadə edirlər. İslam əleyhinə müəyyən fikirlərin formalaşması, İŞİD məsələsini, İraqdakı, Əfqanıstandakı münaqişələri qabardaraq müsəlmanlar əleyhinə təbliğat aparırlar. Xristianlığın sülh dini olması ilə bağlı ifadələri ön plana çəkərək öz yollarını açırlar. Çünki yaxşı bilirlər ki, insanlığın gələcəyi gənclərin üzərindədir. Ona görə də yad ideyaları gənclərin beyinlərinə yeritməyə çalışırlar. Həmçinin, evdar qadınlar üzərində, orta məktəblərdə, hətta bağçalarda belə təbliğat aparırlar. Bağçalara xaç şəklində oyuncaqlar soxaraq körpələrə şüuraltı təsir edirlər. Eyni zamanda yardımlar etməklə, yığıncaqlar düzəltməklə, təhsil adı altında xaricə aparmaqla insanlarımızı yoldan çıxarırlar. Yəni onların metodları çoxdur”.
İsmayıl